Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Unudulmaz müəllimimizin hər uğurumuzda payı var

 

Yeniyetməlik dövründə insan azadlığın geniş anlamını dərk edir. Bu vaxt onun ətrafında, yanında olanlar müstəqillik və sərbəstlik düşüncəsinin kamilləşməsində böyük rol oynayır.

Ailədə övladlarına azadlıq haqqında danışan valideynlər, təəssüf ki, az olur. Adətən, onlar elm, bilik almağın vacib olduğu barədə çox danışırlar. Oxumaq, savadlı olmaq əslində müstəqilliyə gedən cığırdır. Elmsiz kəs heç vaxt azad ola bilməz. Bu aksiomanı minlərlə yeniyetməyə öyrədən Rafil müəllimi 28 may günündə bütün şagirdləri dərin hörmətlə anır, çünki onun ən çox sevdiyi bayram, məhz, bu gün idi. Həmişə bu tarixi günü həvəslə gözləyərdi. O, azadlığı riyaziyyatla bərabər şagirdlərinə başa salmaq üçün hər ilin bu günündə Bakı məktəbliləri arasında bilik yarışı keçirər, Azərbaycana həsr olunmuş şeirlər və mahnılar müsabiqəsi təşkil edər, fəal iştirakçıları mükafatlandırardı. Bu, yeni istedadları kəşf etməkdə müəllimə kömək edən bir tədbir kimi 1988-ci ildən ənənəyə çevrilmişdi. Son illər isə əziz bayrama həsr olunmuş bu təntənənin məkanı Rafil müəllimin böyük arzularla yaratdığı  287 nömrəli "Zəkalar" liseyi olmuşdur.

Bu yarışlarda iştirak etmiş yüzlərlə məktəbli indi Azərbaycanı dünyanın müxtəlif universitetlərində təmsil edir, öz yüksək bilik və bacarıqları ilə xalqımızın intellekt səviyyəsini nümayiş etdirirlər. Həmin şagirdlər sonralar bu ənənəvi yarışların sponsoru olur, unudulmaz müəllimin məsləkini yaşatmaq üçün hər il 28 may günü Rafilsevərlərin toplaşdığı yarışın təşkilatçıları kimi çıxış edirlər.

Rafil Cəlal oğlu İmanov ömrünün 47 ilini şagirdləri ilə paylaşmış,  gözünün nurunu balalarımızın gələcəyini aydınlatmaq üçün sərf etmişdi. "Mənim şagirdlərim Azərbaycanın müstəqilliyini qoruyacaqlar, onlar bu xalqın gələcəyidirlər", - deyərdi. Bu, onun həyat  amalı idi. Şəxsiyyət yetişdirmək amalı ilə müəllimlik etmiş bu gözəl təhsil işçisi    "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Məktəblilərin ona ilahi bir inamı vardı. Onun böyük məhəbbətlə keçdiyi dərslər heç zaman unudulmayacaq. Rafil müəllim şəxsiyyət olmaq üçün azadlığın vacibliyini dönə-dönə vurğulayardı.

Azadlığı təkcə tarix, ədəbiyyat, siyasətdən öyrənmirlər. Azadlığı məktəblərdə, universitetlərdə müəllimlərdən də öyrənirlər. Rafil müəllim ədəbiyyatı da, tarixi də yaxşı bilirdi, poeziyanı, musiqini çox sevirdi, buna görə də onun riyaziyyat dərsləri çox maraqlı keçirdi, rəqəmlərin simfoniyasını yeniyetmələrə dinlədə bilirdi. Hər şagird onun kəşf etmək istədiyi bir dünya kimiydi, hər kəsin tərzini duyar, ona öz üslubunda dərsi başa  salardı.

O, bütün ömrünü çətin məsələləri asanlaşdırmağa, həll etməyə həsr etdi, nəticədə xalqın arxalana biləcək bir nəsil yetişdirdi. Bu yolda həmişə humanist və ədalətli oldu. Gənc nəslə azadlıq və müstəqillik yolunda can qoyanları unutmamağı vəsiyyət etdi. M.Ə.Rəsulzadə, Ə.Cavad, Ü.Hacıbəyli, M.Müşfiq, H.Cavid, X.R.Ulutürk haqqında, onların azadlıq üçün mücahidliyi barədə ürəkyanğısı ilə danışardı. Bir kərə yüksələn bayrağımızı enməyə qoymayan vətən oğullarını örnək sayardı. "Savad, bilik də bir hünərdir, şəxsiyyətinizi və nüfuzunuzu, ədaləti və vicdanınızı qorusanız azad və qüsursuz yaşayar  və unudulmazsınız" - kəlamını bu gün yenə xatırladaraq Rafil müəllimin böyük şəxsiyyət olduğunu demək istəyirəm. O, ağır xəstə olanda dərin kədərlə bir parça şeir yazmışdım:

Ruhum azad dolaşar, şagirdlərimdir hər yan

Haqqı tapmağa getdim, yorulmadan, sınmadan!

Zəhmətim halal olsun, sənə ey ziyarətçim,

Əməyim itməyəcək, ölməyəcəkdir, inan!

Biz, Rafil müəllimin bütün şagirdləri, bu gün də onu sıramızın önündə görürük, hər uğurumuzda, hər zəfərimizdə onun payı var. 

Tamella HƏMİDQIZI,
Odlar Yurdu Universitetinin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov