Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

"Sağlam təhsil sinif"ləri şagirdlərdə bir sıra problemlərin azalmasına zəmin yaradır

 

Şəhla BALAYEVA,

"Sağlam təhsil-sağlam millət" layihəsinin gigiyena üzrə ekspertlər qrupunun rəhbəri,
ATU-nun uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə reallaşdırdığı "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin ekspertlər qrupu təhsilalanların fiziki və psixi inkişafına, sağlamlıq vəziyyətinə mənfi təsir göstərən amillərin araşdırılması və onların aradan qaldırılması məqsədilə bir sıra işlər həyata keçirmişlər.

Layihə çərçivəsində ekspertlər qarşısında qoyulan ilk vəzifə təhsilalanların sağlamlıq vəziyyətinin hazırkı durumunu və təhsil şəraitini öyrənmək idi. Bununla əlaqədar olaraq bir neçə istiqamətdə işlər planlaşdırılmışdır. Məktəblilərin mövcud sağlamlıq vəziyyətini və təlim-tərbiyə şəraitini araşdırmaq üçün 2013/2014-cü  tədris ilində Bakı şəhəri məktəblilərinin sağlamlığının monitorinqi həyata keçirildi. Monitorinq zamanı şagirdlərin fiziki, sinir-psixi inkişafı, sağlamlıq səviyyəsi öyrənilmiş, tədris şəraiti təhlil edilmişdir. Müayinələrdə pediatr, oftalmoloq, nevropatoloq, gigiyenaçılar və psixiatrlar iştirak etmişlər. 2014-cü ilin may-iyun aylarında Bakı şəhərinin 5 ümumtəhsil müəssisəsində 2600-ə yaxın I, V və X-XI sinif şagirdləri tibbi müayinədən keçirilmişdir. Müayinələrin nəticələri təhlil edildikdə məlum oldu ki, ibtidai siniflərlə müqayisədə orta və yuxarı sinif şagirdləri arasında sağlamlıq problemi olan şagirdlər daha çoxdur. Belə ki, yaş artdıqca uzaqdan görmə itiliyi, qamət problemləri, fiziki inkişaf çatışmazlıqları olan məktəblilərin faizi artır. Buraxılış siniflərində  uzaqdan görmə itiliyi problemi olan məktəblilərin sayının 45 faizə çatdığı aşkar edilmişdir.

Oğlan və qızların fiziki inkişaf səviyyəsi göstəriciləri təhlil edilərkən aşkar edilmiş faktlar xüsusilə diqqət cəlb edir. Belə ki, buraxılış siniflərində qızlarda fiziki inkişafın pozulması halları 20 faiz təşkil etdiyi halda, oğlanlarda bu 40 faiz olmuşdur.  Faktlar onu  göstərir ki, eyni təhsil şəraitində oğlanların fiziki inkişafında problem qızlardan iki dəfə daha çoxdur. Yaranmış vəziyyəti onunla izah etmək olar ki, oğlanların sağlam olması üçün qızlardan 3-5 dəfə daha çox hərəkətə ehtiyacları vardır.

Aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə   təhsilalanların sağlamlığı baxımından əhəmiyyətli  tövsiyə sənədləri hazırlanmışdır. Həmin sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar, ləvazimatlar, otaqların işıqlandırılması, mikroiqlimi, habelə məktəblilərin qidalanması ilə bağlı irəli sürülən tələbləri əks etdirir. Bu tövsiyə sənədləri məhz bilavasitə  ümumtəhsil məktəblərində sağlam təhsil mühitinin yaradılması üçün nəzərdə tutulmuşdur.

2014/2015-ci tədris ilində təhsilalanların  sağlamlıq vəziyyətinin dəyişilməsi dinamikasını öyrənmək üçün üç mərhələli müayinə həyata keçirildi. Müayinələr Bakı və Sumqayıt şəhərlərinin  6 ümumtəhsil məktəbinin 15 birinci sinfində tətbiq edilən sağlam təhsil texnologiyalarının səmərəliliyi  vəziyyətinin, "Sağlam təhsil sinif"lərində oxuyan şagirdlərin tədris ili ərzində psixi-fiziki sağlamlıq dinamikasının  öyrənilməsi məqsədi ilə təşkil olunmuşdu.  Belə siniflərin nəticələrini sağlam təhsil texnologiyaları tətbiq edilməyən siniflərin nəticələri ilə müqayisəli təhlil etmək üçün qeyri-pilot birinci siniflərdə də oxşar müayinələr aparılmışdır.

Qeyd edilməlidir ki, "Sağlam təhsil sinif"lərində tədris şəraiti (hər şagirdə düşən sahə, boy ölçülərinə uyğun parta, mebel və avadanlıqların yerləşdirilməsi, təbii və süni işıqlanma səviyyəsi) gigiyenik normalara müvafiq təşkil edilmişdir.  Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır.

2014/2015-ci tədris ilinin oktyabr ayında Bakı şəhərinin 5 və Sumqayıt şəhərinin 1 ümumtəhsil məktəbində müayinələrin ikinci mərhələsi, yanvar ayında isə 3-cü mərhələsi həyata keçirilmişdir.

Üçüncü mərhələdə yalnız birinci sinif şagirdləri müayinə edilərək, nəticələri müqayisəli təhlil olunmuşdur. Təhlilə əsasən ilkin olaraq belə nəticəyə gəlmək olar ki, "Sağlam təhsil sinif"lərində yaradılan sağlam tədris şəraiti - uşaqların fizioloji xüsusiyyətlərinə uyğun olan mebel və digər avadanlığın istifadəsi, sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallıq, gigiyenik normativlərə uyğun işıqlanma təhsilalanların fiziki və psixi inkişafına müsbət təsir göstərir və əvvəldən bu istiqamətdə yaranmış bir sıra sağlamlıq problemlərinin azalmasına zəmin yaradır.

"Sağlam təhsil sinif"lərində tədrisin təşkili şagirdlərin iş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsi və emosional vəziyyətlərinin yaxşılaşması üçün əlverişlidir.

Müayinə edilən məktəblilərin sağlamlıq vəziyyətləri ilə əlaqədar olaraq valideynlərin məlumatlandırılması da diqqətdə saxlanılan məsələlərdən olmuşdur. Həkimlər qrupunun "Sağlam təhsil sinif"lərində təhsil alan  şagirdlərin valideynləri ilə görüşləri keçirilmişdir. "Sağlam təhsil-sağlam millət" layihəsinin tibbi-gigiyenik blokunun rəhbəri, ATU-nun professoru Hüseyn Qabulov tərəfindən koordinasiya olunan məktəblilərın sağlamlığının monitorinqində universitetin müvafiq kafedralarının əməkdaşları  bilavasitə iştirak etmişlər. Görüşlər zamanı valideynlərə övladlarının sağlamlığının qorunması yolları ilə bağlı profilaktik məsləhətlər verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov