Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Layihənin metodik-didaktik istiqaməti üzrə görülən işlər

Afət SÜLEYMANOVA,

Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi 

Böyütmək üçün seçin2014-2015-ci dərs  ilindən "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində Bakı  və  Sumqayıt şəhərlərinin 6 ümumtəhsil məktəbinin 15  birinci sinfində "Sağlam təhsil sinfi" yaradılıb.  Sağlam təhsil texnologiyalarına verilən əsas tələblər layihənin elmi məsləhətçisi, Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, professor Vladimir  Filippoviç  Bazarnıy tərəfindən təqdim edilib. Bu müddət ərzində sağlam təhsil texnologiyalarının nəzərdə tutulduğu şəkildə  tətbiqinə nail olmaq üçün müəllimlərlə müvafiq iş aparılıb.

Məlum olduğu kimi, sağlam təhsil texnologiyaları V.F.Bazarnıy tərəfindən iki istiqamətdə təqdim edilmişdir:

I istiqamət daha  çox  tibbi-gigiyenik məqsəd daşıyır. Təlim prosesində bu istiqamət üzrə şagirdlərin  düşünülmüş  şəkildə fiziki və emosional  fəallığı  təmin edilir. Bunun üçün sinfin tərtibat və təchizatına bir sıra elementlər  (hündür masalar, göz trenajorları, reaksiya avadanlıqları, asqılar, panarama effekti)  əlavə edilmişdir. Müəllimlər təlim prosesində  verilmiş tövsiyələr üzrə müxtəlif fəaliyyətlərin  vaxtlı-vaxtında  və  lazımınca yerinə yetirilməsi üçün  aşağıda qeyd olunan şəraiti yaradırlar:

- Dərsin hər on beşinci dəqiqəsində şagirdlərin yerinin (oturacaqlı masalardan hündür masalara və əksinə) dəyişdirilməsi;

- Yerdəyişmənin birinci on beş dəqiqəsində reaksiya vərdişlərinin formalaşdırılması;

- Yerdəyişmənin ikinci on beş dəqiqəsində göz trenajoru üzrə iş;

- Təlim prosesində sinifdəki dörd  asqıdan  düzgün istifadə.

II istiqamət təlimin tamlığını və inteqrativliyini təmin etmək məqsədi daşıyır. Bu məqsədin əldə olunması üçün:

- Təlimin dərin təəssüratlar üzərində qurulması,

- Problemin  həlli məqsədi ilə şagirdlərin əl işi kimi (çəkmə, rəngləmə, yapma, kompozisiyalar  və  konstruksiyalar qurma)  yaradıcı fəaliyyətə cəlb edilməsi,

- Təsviri, nəqli, mühakimə xarakterli nitq bacarıqlarının inkişaf etdirilməsi,

- Aşağı siniflərdə  ayrı-ayrı  fənlərin məzmun standartlarında nəzərdə tutulmuş bilik və bacarıqların  inteqrasiyasının süjet üzrə təşkil olunması istiqamətlərində iş aparılır.  Yuxarı siniflərdə bunu  layihəyə əsaslanan təlim  (LƏT) texnologiyaları üzrə inteqrasiya etmək olar.

Qeyd  edilənlər  proqressiv və konstruktiv  təlim prinsipləri ilə bir çox məqamlarda üst-üstə  düşsə də  bu təlim texnologiyalarında  şagirdin fiziki-idraki-emosional fəallığının  tam və sistemli  təşkili, həmçinin  idarə edilməsi mexanizmləri təqdim edilir. Bu texnologiyaları  sadalanan mütərəqqi təlim prinsiplərindən  də  fərqləndirən əsas cəhət də məhz budur.  Öyrənmənin təşkili  insan orqanizmində baş verən aşağıdakı kimi fiziki-fizioloji və psixi proseslərə əsaslanır:

1.Təəssüratlanma- dərin təəssüratlanmanı təmin etmə; 

2. Əl işi- əllərin vasitəsi ilə yaratmağa imkan vermək;

3.Nitq quruculuğu- nitqin vasitəsi ilə ifadə etməyə şərait yaratmaq.

Onu da qeyd edək ki, sağlam təhsil texnologiyalarının iki modeli işlənib hazırlanmışdır:

I model (sadələşdirilmiş) təlimin  yalnız tibbi-gigiyenik tövsiyə və təlimatlara riayət etməklə təşkilini, II model (əsas) isə həm tibbi-gigiyenik, həm də didaktik baxımdan tövsiyə və təlimatlara riayət etməklə təlimin təşkilini nəzərdə tutur.

Sağlam təhsil texnologiyalarının tətbiqinə  nail olmaq üçün kadr hazırlığı ilə bağlı bir neçə mərhələdə müəyyən işlər aparılıb. I mərhələdə rusiyalı alim  V.F.Bazarnıyın iştirakı ilə  müəllimlərlə ikigünlük seminar keçirilib.

II mərhələdə  müəllimlərə işin təşkili və sualların yaranması üçün vaxt verilib. Dərs ili başlanandan sonra müəllimlərin fəaliyyəti siniflərdə quraşdırılmış kameralarla izlənib, zərurət yarandıqda onlara istiqamət verilib.

Növbəti - III mərhələdə  müraciət edən müəllimlərə əlavə dəstək üçün onlarla bir neçə görüş keçirilib. Sonra belə gorüşlərin mütəmadi xarakter alması təmin olunub. Tədbirlərdə pilot siniflərdə dərs deyən sinif müəllimləri və gələcəkdə metodist kimi fəaliyyət göstərəcək müxtəlif ali təhsil müəssisələrinin  (ADPU, AMİ, ATPİ) mütəxəssisləri, daha sonra isə  ingilis dili, informatika, dördüncü sinifdə dərs deyən sinif müəllimləri, bəzən də fiziki tərbiyə müəllimləri iştirak ediblər. 

IV mərhələdə tövsiyə və  təlimatlar üzrə aparılan işlərin müzakirəsi üçün "dəyirmi masa"lar  keçirilib. Bu mərhələdə müəllimlərə daha yaxından  dəstək olmaq məqsədilə bəzi tövsiyələr dil və üslub baxımından sadələşdirilib.

V mərhələdə tövsiyə və təlimatlarla işin ilkin mərhələsi başa çatandan  sonra  dərslərin  süjet üzrə planlaşdırılması bacarıqlarının formalaşması ilə bağlı işlərə başlanılıb.

VI mərhələdə təqdim edilən şərtlər nəzərə alınmaqla dərs planı hazırlamış bir  müəllim, müəllim obrazında,  digər müəllim və metodistlər isə şagird obrazında  olmaqla  dərs planlarının tətbiqi üzrə işlər aparılıb.  Həmçinin Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) mütəxəssisləri  Fəridə Əliyeva və  Cim Hammer şənbə görüşlərinə dəvət edilib, müəllimlər üçün  "İnteqrativ  təlim"  mövzusunda təlim məşğələləri də  təşkil edilib.

Nəhayət,  sonuncu-VII mərhələdə  ilk gündən bütün görüşlərdə iştirak etmiş və sağlam təhsil texnologiyalarının metodik incəliklərini əxz edən ali təhsil müəssisələrinin mütəxəssisləri ilə müqavilə bağlanıb  və onlar müəllimlərə metodik dəstək göstərmək üçün ayrı-ayrı pilot məktəblərə təhkim ediliblər.  Metodistlərin məktəblərə getməsi, dərs müşahidələri, dərslərin təhlili,  yeni dərs planlarının müzakirəsi və boşluqların  aradan qaldırılmasına dəstək qısa zamanda ciddi irəliləyişlərlə nəticələnib.

Layihə ilə bağlı aparılan  maarifləndirmə işləri, valideyn-müəllim münasibətlərinin inkişaf etdirilməsi də diqqətdə saxlanılan məsələlərdən olub.

Hər şənbə bir məktəbdə olmaqla layihə tətbiq olunan 6  ümumtəhsil məktəbin "Sağlam təhsil sinif"lərinin  müəllimləri valideynlərin  maarifləndirilməsi işinin təşkili mexanizmlərini də öyrəniblər. Seminar boyu valideyn və müəllim əməkdaşlığının əhəmiyyətini qabardan praktik  tapşırıqlar üzrə işlər aparılıb,  hər valideynin peşə və ixtisasından irəli gələrək məktəbə verə biləcəyi töhfələr barədə  müəllim  və metodistlərlə  birgə  məqsədyönlü müzakirələr təşkil edilib. Nəticədə pilot sinif müəlliminin valideynlə iş üzrə fəaliyyət planı tərtib olunub.

Müşahidələr göstərdi ki, "Sağlam təhsil sinif"lərinin valideynləri    bu siniflərə ciddi dəstək veriblər.

Nəticə olaraq  qeyd edə bilərik ki, may ayında Bakıda səfərdə olan layihənin elmi məsləhətçisi V.F.Bazarnıy müəllim hazırlığı istiqamətində aparılan işləri və dinlənilən dərsləri yüksək qiymətləndirib.

2015-2016-cı tədris ilindən layihəyə qoşulan birinci sinif müəllimləri ilə   sağlam təhsil texnologiyalarının ikinci (didaktik) istiqaməti  üzrə işin aparılması nəzərdə tutulmur. Həmin siniflərdə yalnız sağlam təhsil texnologiyalarının birinci (gigiyenik) istiqamətinin tətbiqi planlaşdırılır.   Cari dərs ilində didaktik istiqamətdə iş aparılan siniflərdə isə  növbəti il daha çox müşahidələrin  təşkili, texnologiyaların ildən-ilə effektivliyi vəziyyətinin izlənməsi, zərurət yarandığı  təqdirdə müvafiq dəstəyin  verilməsi nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov