Oksford Universitetinin rektoru dəyişdi
1230-cu
ildən sonra ali məktəbə ilk dəfə qadın rəhbərlik edəcək
Böyük Britaniyanın ən qocaman ali məktəbi olan Oksford
Universitetinin rektoru dəyişib. 1230-cu ildən əsası
qoyulmuş universitetə ilk dəfə qadın professor,
Şotlandiyanın Sent-Endrüs Universitetinin sabiq rektoru
57 yaşlı Luiza Riçardson rəhbərlik edəcək.
L.Riçardson elmi fəaliyyətini terrorizm probleminə və
təhlükəsizlik sahəsində tədqiqatlara həsr etmiş nüfuzlu
professor və politoloqdur. Oksfordun indiki rektoru
Endrü Hamilton Nyu-York Universitetinə rəhbərlik
edəcək. Yeni rektor fəaliyyətə 2016-cı ilin yanvarından
başlayacaq. "Oksford dünyanın ən böyük
universitetlərindən biridir və mənə göstərilən bu böyük
etimada görə fəxr edirəm. Mən ali təhsil üçün çox mühüm
bir dövrdə nüfuzlu bir ali məktəbə rəhbərlik etməliyəm,
təcrübəli və istedadlı həmkarlarımla birlikdə işləməyə
başlayacağım anı səbirsizliklə gözləyirəm", - deyə
rektor seçkisindən sonra L.Riçardson bildirib.
Müəllimləri daha çox nə narahat edir?
Amerikada
bu suala cavab axtarılıb
Amerikanın Müəllimlər Federasiyası (AFT) müəllimlərin
məktəbdə üzləşdikləri gərginliklər barədə məlumat
toplamaq məqsədilə pedaqoqlar arasında sorğu keçirib.
Müəllimlər arasında stress amillərinin təsirinə həsr
olunmuş tədqiqat mayın sonlarında sosial şəbəkələrdə
aparılıb. 30 mindən artıq müəllimə 80 sualdan ibarət
anket göndərilib. Nəticələr düşünməyə vadar edir: demək
olar ki, iştirakçıların 100%-i bildirib ki, müəllimlik
karyeralarının əvvəlində onlarda böyük ruh yüksəkliyi
olub. Lakin sorğu keçirilən anda müəllimlərin 46%-i
onlarda belə bir ruh yüksəkliyinin olmadığını etiraf
edib. Müəllimlər onları məyus edən 2 faktora daha çox
diqqət çəkiblər: zəruri peşəkar hazırlıq olmadan yeni
innovativ təşəbbüslərin irəli sürülməsi (71 faiz) və
internetdə müəllimlər, məktəbin digər əməkdaşları
barədə mənfi rəylərin yayılması (55 faiz). Bundan
əlavə, müəllimlər siniflərin böyükölçülü olmasından,
standart testlərdən və qeyri-çevik tədris planlarından
şikayət ediblər. Amerikanın Müəllimlər Federasiyasının
prezidenti Randi Vayntarten sorğunun nəticələrini belə
şərh edib: "Biz müəllimlərdən tələb edirik ki, onlar
Albert Eynşteynin, Tereza ana və Martin Lüter Kinqin
cizgilərini özlərində birləşdirsinlər. Biz tələb
edirik ki, onlar eyni zamanda uşaqlarımıza ata-ana
olsunlar, şagirdlərə qarşı ciddi yanaşsınlar, lakin
həm də onları dəstəkləsinlər. Lakin onlar elə ki, bu
gözləntiləri doğrultmurlar, biz müəllimləri
günahlandırırıq ki, dünyanı xilas etmədilər".
Rusiyada istedadlı uşaqların xüsusi siyahısı hazırlanır
Təhsil və Elm Nazirliyinin yeni layihəsi
Rusiyanın Təhsil və Elm Nazirliyi yaradıcılığın
müxtəlif sahələrində istedadlı uşaqların aşkarlanması
meyarları və kriteriyalarını, eləcə də onların gələcək
inkişafı monitorinqinin aparılması qaydalarını müəyyən
edən əmrin layihəsini dərc edib. Layihədən göründüyü
kimi, istedadlı uşaqlar (texniki və humanitar
yaradıcılığı olan, ixtiraçılığa meyilli ) dövlət
orqanları və təşkilatlar tərəfindən keçirilən
olimpiadalar, müsabiqələr, yaradıcı, intellektual,
idman tədbirlərinin yekunlarına əsasən aşkar
olunurlar. Xüsusu istedad və qabiliyyət göstərmiş
şagirdlərin seçim siyahısı onların fərdi tədris və ya
məktəbdənkənar nailiyyətləri əsasında aparılır. Bu cür
nailiyyətlərə məktəbdə bütün fənlər üzrə əla qiymətlər,
olimpiada və ya müsabiqələrin yekun turunda mükafat,
təhsildə və məktəbdənkənar fəaliyyətdə - fiziki tərbiyə,
idman, ictimai, eksperimental, innovativ sahədə
tərifnamələrə layiq görülməsi, müxtəlif səviyyəli elmi
nəşrlərdə çap olunması aiddir. Sənəddə bildirilir ki,
olimpiada qalibləri və digər məktəbdənkənar
müsabiqələrin mükafatçıları olan istedadlı şagirdlərin
siyahısı Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq
olunur. İstedadlı uşaqlar təhsil aldıqları təşkilat
tərəfindən müşayiət olunur. İstedadlı uşaqları
müxtəlif tədbirlərə təşviq etmək məqsədi ilə bir sıra
stimullaşdırıcı tədbirlər - fərdi tədris planı üzrə
təhsil, gələcəkdə ali təhsil almaları, həvəsləndirici
pul mükafatı, işlə təmin olunmada köməkliyin
göstərilməsi nəzərdə tutula bilər.
Ukrayna 12 illik təhsilə hazırlaşır
Ölkənin təhsil və elm naziri əsas prinsipləri açıqlayıb
Ukraynanın Təhsil və Elm Nazirliyi məktəblərdə 12 illik
təhsilə keçidə hazırlaşır. Bu barədə ölkənin təhsil
və elm naziri Sergey Kvit "Təhsil haqqında" və "Peşə
təhsili haqqında" qanun layihələrinin təqdimat
mərasimində bildirib. Nazir 12 illik təhsilə keçidin
labüd olduğunu qeyd edib. Onun sözlərinə görə, bu
qərar milli təhsil sisteminin dünya standartları ilə
uyğunluğunu təmin etmək üçün qəbul olunub. Bununla
belə, nazir 12 illik təhsilə keçidin hansı formada
həyata keçirilməsi məsələsinin müzakirə olunduğunu
deyib. Onun fikrincə, əsas təhsil səviyyələri əvvəlki
kimi qalacaq - məktəbəqədər, ümumi orta, peşə və ali
təhsil. Bununla belə, ümumi orta təhsilin ibtidai (5
il), baza (4 il), yuxarı profil məktəbə (3 il) bölünməsi
təklif olunur. "Məktəbəqədər və ibtidai təhsilin əsas
prinsiplərindən biri uşaqların yaşadığı yerə yaxın
məktəbdə təhsil alması imkanı olacaq",-deyə nazir
bildirib. Eyni zamanda yuxarı profil məktəblərdə
kifayət sayda müəllim və şagirdlər tələb olunacaq,
çünki kənd yerlərində bu cür müəssisələr bir neçə
yaşayış məntəqəsi üçün ümumi olacaq.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |