Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

"Məqsədim təhsilimizin inkişafına töhfə verməkdir"

 

Böyük Britaniyanın Şeffild Universitetinin tələbəsi Leyla Cabbarzadə ilə söhbət 

Oruc MUSTAFAYEV,
"
Azərbaycan müəllimi",
o
.mustafayev@muallim.edu.az
 

Böyütmək üçün seçinLeyla Cabbarzadə 1994-cü il yanvarın 7-də Bakıda anadan olub. Bakıdakı 73 nömrəli tam orta  məktəbdə təhsil alıb.  2010-cu ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə daxil olub. Universitetdə  təhsil  aldığı müddət ərzində bir sıra  beynəlxalq layihələrdə  (FIFA Women's  World Cup, Eurovision Song Contest Baku-2012, Internet Governance Forum 2012 Baku)  könüllü fəaliyyət göstərib və sertifikatlarla təltif olunub.   2014-cü ildə bakalavr təhsilini uğurla bitirib. Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində "Təhsil"  ixtisası  üzrə magistr təhsili alır.

 Qarşımda iki hədəf var idi... 

Orta məktəbdə ən çox maraq göstərdiyim ingilis dili və riyaziyyat  fənləri idi.  Lakin  biliyimi  artırmaq  məqsədilə  digər  fənlərə  də  maraqla  yanaşmışam. Orta məktəbdə ingilis dili üzrə bilik yarışmasında 1-ci yerə layiq görülmüşəm.  Xaricdə təhsil almaq arzum da  orta məktəb illərində yarandı.  Məktəbi  bitirəndə qarşımda iki hədəf  var idi: birincisi, Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə daxil olmaq, ikincisi isə magistr təhsilini Böyük Britaniyada almaq. Ailəmin seçimimə münasibəti gözlədiyim kimi müsbət oldu və məni hər zaman dəstəkləyirlər.  Bakalavr təhsilimi  başa vurduqdan sonra  xarici ölkədə təhsil almaq arzumu reallaşdırmaq üçün Dövlət Proqramına müraciət etdim. Savadlı, yüksək ixtisaslı  kadrların yetişməsində Dövlət Proqramının rolunun əvəzsiz olduğunu qeyd etmək vacibdir. Bir tələbə kimi deyə bilərəm ki, Azərbaycanda savadlı müəllim və tələbələrimiz kifayət qədərdir. 

 Seminar və elmi konfranslarda iştirak edirəm  

Təhsil aldığım universitet İngiltərənin Şeffild şəhərində yerləşir.  Bir neçə  digər ali məktəblər də  fəaliyyət göstərdiyi üçün  bura Şeffild  tələbə şəhəri adlandırılır. Burada "Təhsil"  üzrə magistr təhsili alıram.  Bizə təhsillə yanaşı, elmi-tədqiqat işlərinin aparılması metodları da tədris edilir. 

 Tələbə həyatımın böyük bir hissəsini kitabxanada keçirirəm. Vaxtımı düzgün planlaşdırdığım üçün boş vaxtlarım  da olur.  Boş  vaxtlarımı qrup yoldaşlarımla yaşadığım ölkənin tarixi məkanlarına gedərək dəyərləndirirəm. Bundan başqa, universitetdə təşkil olunan seminar və elmi konfranslarda iştirak edirəm.

Mənim təhsil aldığım ixtisasın magistr dərəcəsində semestr imtahanları  olmur.  Biz hər semestr  sonu  verilən  mövzuya  aid  esse yazırıq. Nəzərə alsaq ki, bizim təhsil sistemimizdə  belə bir təcrübə yoxdur,  bu, mənim üçün bir qədər yenilik idi.  Tez bir zamanda buna uyğunlaşa bildim. Müəllim-tələbə münasibətlərində diqqətimi çəkən səmimilik və müəllimlərin tələbələr tərəfindən dərslə bağlı verilən hər bir suala və edilən tənqidə açıq olmalarıdır.  Tələbələrin tədqiqat aparması üçün elmi rəhbər təyin edilir və əgər ehtiyac duyularsa, tələbənin məktəb və digər təhsil müəssisələrində müşahidə aparması üçün şərait yaradılır. 

 Mənim üçün  Böyük Britaniyanın   təhsil sistemində  xarakterik  yenilik  tələbələrdə analitik düşüncə tərzinin  formalaşdırılması oldu. Yazdığımız hər bir essedə tənqidi fikir bildirməyimiz tələb olunur. Bu isə bizə daha çox mütaliə ilə məşğul olmağımıza və mövzu ilə əlaqədar ətraflı məlumata sahib olmağımıza   kömək edir.  Xaricdə  təhsilin  ən  böyük  üstünlüyü universitet mühiti, zəngin kitabxana və interaktiv keçən dərslərdir. Xaricdə təhsil mənim ixtisasıma olan marağımı daha da artırdı və məndə təhsil sahəsində həyata keçirilə biləcək layihələr  haqqında fikirlər yaratdı.  Düşünürəm ki, müxtəlif  sahələrdə  peşəkarlara  ehtiyac  var  və  bu səbəbdən, hər kəsə sevdikləri  və  gələcəkdə peşəkar kimi töhfə verəcəklərinə inandıqları ixtisasları seçməyi məsləhət görürəm. Bu mənada gənclərimizin xaricdə təhsil almaq səylərinə, təbii ki, müsbət baxıram. Xaricdə təhsil bizə sadəcə təhsilimizi deyil, eyni zamanda şəxsi keyfiyyətlərimizi da inkişaf etdirməyə kömək edir.

Qloballaşmanın təhsilə təsiri 

Müsahimiz rubrikamızın əvvəlki qonaqlarından fərqli olaraq bütün dünyada qlobal əhəmiyyət daşıyan təhsil məsələlərini öyrənir.    Leylanın  Britaniyanın təhsil sistemi,  ixtisas üzrə keçilən dərslər,  bu  sahədə  yeniliklər və digər maraqlı məqamlara münasibətini  öyrənməyə  çalışırıq.

Böyük Britaniyanın təhsil sistemi çox fərqlidir.  Belə ki, hər bir fənnin tədrisində istifadə olunan metodlar tələbənin həm akademik,  həm də  fərdi  bacarıqlarını inkişaf etdirir  və  bu,  savadlı  kadrların formalaşmasında xüsusi əhəmiyyətə malikdir.  Bu, tələbələrin həm təhsil, həm də gələcək karyeralarında  mühüm  əhəmiyyət  kəsb edir.  Universitetdə  aldığım ixtisas kursunda qloballaşmanın təhsilə təsiri, dilin  təhsildə  rolu  və  elmi tədqiqat üsul və metodları tədris olunur. Mühazirələrimizin mövzusu ali təhsilin beynəlmiləlləşdirilməsi, tələbə mobilliyi, təhsil işçilərinin qloballaşmada vəzifələri və  "Hamı üçün təhsil"  proqramı və elmi tədqiqat metodları  ilə  bağlıdır.

Böyük Britaniyada universitet-biznes əlaqələri  də sıxdır.  Universitetimzdə karyera mərkəzimiz  var  və  orada  müxtəlif  vakansiyalarla bağlı elanlar  olur.  Bununla belə, universtitetin tələbələri işlə təmin etməsi kimi bir fəaliyyəti yoxdur.

Britaniyada təhsil dövlət tərəfindən maliyyələşdirilmədiyi üçün tələbələr adətən bakalavr təhsilini bitirdikdən sonra ixtisasları üzrə işləməyə maraq göstərirlər.  Lakin bakalavrdan sonra birbaşa magistraturaya müraciət edən tələbələr də vardır. 

Hazırda dünyanın milli təhsil sistemləri arasında çox güclü rəqabət gedir. Bir sıra ölkələrdə təhsil sisteminin  rəqabət qabiliyyətliliyinin gücləndirilməsi  üçün qaçılmaz tədbirlər görülür. Bu mərhələdə, ilk növbədə, tədris metodlarının inkişafına ciddi  ehtiyac duyulur. Bundan başqa, universitetlərin elektron kitabxana ilə təmin olunması və tələbələrin beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrə girişinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bizim  universitetin  24 saat fəaliyyət göstərən zəngin kitabxanası var.   

"Təhsil sahəsində çalışmaq istəyirəm" 

Universitetdə azərbaycanlı tələbələri bir araya toplayan Şeffild Azərbaycan Cəmiyyəti  fəaliyyət göstərir.  Universitetimizdə Azərbaycanın adət-ənənələrini, tarixi və musiqisini özündə əks etdirən Novruz Festivalı keçirmişik.  Festivalda Azərbaycan mahnıları və rəqsləri ilə bərabər mətbəximiz, milli geyimlərimiz, Azərbaycan haqqında ümumi biliklər və ölkəmizdə həyata keçirilən yeniliklər əcnəbi tələbələrə təqdim olunub.  "Xocalıya ədalət" kampaniyası da hər il keçirilən əhəmiyyətli tədbirlərdən biridir. Əcnəbilərə Xocalıda baş verənlər haqqında ətraflı məlumat çatdırılır. Bununla bərabər, daha geniş kütləyə təqdim etmək üçün videoçarx hazırlanır. Önəmli tədbirlərdən biri də Şeffild Tələbələr Birliyinin həyata keçirdiyi "Dünya Həftəsi"dir. "Dünya Həftəsi"ndə yerli və əcnəbi tələbələrə Azərbaycan dili haqqında, eyni zamanda Azərbaycan haqqında maraqlı faktlar, ölkəmizin zəngin mədəniyyəti və tarixinə aid, iqtisadi, siyasi, elmi, idman və digər sahələrdə əldə olunan nailiyyətlər barədə məlumatlar  çatdırılır.

Planlarıma gəldikdə isə,  magistr təhsilimi bitirdikdən sonra ölkəmizdə bir müddət təhsil sahəsində çalışmaq istəyirəm.  Daha sonra  doktorantura dərəcəsi üzrə təhsilimi yenidən İngiltərədə davam etdirmək niyyətindəyəm.  Məqsədim təhsilimizin inkişafına töhfə verməkdir və buna nail olacağıma inanıram. 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov