Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
maliyyə dəstəyilə Monolit Plazada "Bizim sahibkarlıq
fəaliyyətimiz" (Enactus) X Azərbaycan Milli Yarışı
keçirilmişdir. Yarışın məqsədi gəncləri sahibkarlıq
fəaliyyətinə təşviq etmək, tələbələrə azad sahibkarlıq
ideyasını aşılamaq, onların təşkilatçılıq, idarəçilik və
komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən
ibarətdir.
Yarışda Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan
Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat
Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt
Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və
"Naxçıvan" Universitetinin komandaları iştirak etdi.
Çıxışlarda Enactus-Azərbaycanın fəaliyyətinin
təsirindən, gənclərin biznes və sahibkarlıq sahəsində
inkişafından, proqramda gənclərin fəallığından söz
açıldı.
Püşkatma mərasimindən sonra komandalar və
Enactus-Azərbaycanın qonaqları ilə birlikdə forum
keçirildi. Forum üç mövzu əsasında aparıldı. Komandalar
seçdiyi mövzu ətrafında müzakirələr aparıb, çıxışlar
etdilər.
Hər liqadan seçilmiş iki komanda finalda iştrak etmək
hüququ qazandı. Birinci liqa üzrə Azərbaycan Dövlət
Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, ikinci
liqa üzrə isə "Naxçıvan" Universiteti və Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universiteti mübarizəyə
qoşuldu.
Azərbaycan ali məktəblərinin təqdim etdikləri layihələr
içərisində "Ən yaxşı sosial layihə" üzrə "Naxçıvan"
Universitinin "Bələdçim" layihəsi nominasiyanın qalibi
oldu.
Daha sonra "Naxçıvan" Universitetinin komandası diplom
və təşəkkürnamələrlə təltif edildi. Vitse-çempion kuboku
komandanın kapitanına təqdim olundu.
Enactus Milli yarışmasının 10 illiyi münasibətilə
"Naxçıvan" Universitetinin dekanı, komandanın
məsləhətçisi, dosent Elbrus İsayevə
Enactus-Azərbaycanın "Ən fəal məsləhətçi"
nominasiyasının qalibi diplomu təqdim edildi. "Naxçıvan"
Universitetinin komandası Azərbaycan ali məktəbləri
arasında II yerə layiq görüldü.
Nuray ƏSGƏROVA |