Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat
İnstitutunun Elektron akt zalında xalq şairi Bəxtiyar
Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş
"Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin fenomeni kimi" mövzusunda elmi konfrans
keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli görkəmli şair və
ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar
Vahabzadənin həyat və yaradıcılığından ətraflı danışıb.
Prezident İlham Əliyevin xalq şairi Bəxtiyar
Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında
bu il yanvarın 14-də imzaladığı sərəncamın Bəxtiyar
Vahabzadəyə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq
məhəbbətinin ifadəsi olduğunu bildirən akademik İsa
Həbibbəyli vurğulayıb ki, xalqımız söz ustadının
xatirəsini əziz tutur və əməyini yüksək qiymətləndirir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli şair və
ədəbiyyatşünas Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan
ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış
şəxsiyyətlərdən olub. Bildirib ki, xalq şairinin geniş
əhatəli yaradıcılıq yolu, elmi və pedaqoji fəaliyyəti,
fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan
ziyalılığının salnaməsinə qiymətli və yaddaqalan
səhifələr yazılmışdır.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, filologiya üzrə elmlər doktoru, professor
Şirindil Alışanlı "Bəxtiyar Vahabzadə XX əsr
ədəbiyyatının fenomeni kimi", Nəsimi adına Dilçilik
İnstitutundan filologiya üzrə elmlər doktoru, professor
Sevil Mehdiyeva "İstiqlal şairi Bəxtiyar Vahabzadə",
filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli "Bəxtiyar
Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi",
Memarlıq və İncəsənət İnstitutundan sənətşünaslıq üzrə
fəlsəfə doktoru Məlahət Ağayeva "Bəxtiyar Vahabzadə
pyeslərinin səhnə təcəssümü" mövzularında məruzələrlə
çıxış ediblər.
Ağahüseyn ŞÜKÜROV |