Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

GDU-da Milli Qurtuluş Günü münasibətilə təntənəli yığıncaq

 

Böyütmək üçün seçinİyunun 10-da  Gəncə Dövlət Universitetində 15  iyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan universitetin rektoru, professor Yusif Yusibov iştirakçıları bu gün münasibətilə təbrik edərək qeyd edib ki, Azərbaycanın dövlət quruluşunun əsasını qoyan 15 iyun - Milli Qurtuluş Günü əslində xalqımızın milli ruhunun, milli mənəviyyatının oyanış, dirçəliş günüdür. Rektor bildirib ki, XX yüzillikdə ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycanda 90-cı illərin əvvəllərində cərəyan edən hadisələr, xaos və anarxiya AXC-Musavat hakimiyyətinin idarəetmə səriştəsizliyini üzə çıxardı və mövcud rejimə qarşı xalqın narazılığını artırdı. Ona görə də 1988-ci ildən 1993-cü ilədək olan dövr qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırılır.

1992-ci ildən 1993-cü ilin iyununadək rəhbərlərin səriştəsizliyi ucbatından uzun illər qurub yaratdığının tamamilə dağıdıldığını görən Heydər Əliyev  Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya qayıtmağa qərar verdi və Azərbaycan parlamentinin 15 iyun 1993-cü il tarixli iclasında Milli Məclisin sədri seçildi. Həmin gün Milli Qurtuluş Günü kimi tarixə yazıldı.

Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi sadəcə hakimiyyətə təkrar qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

Ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulova "Böyük qurtuluşa aparan yol" mövzusundakı çıxışında Milli Qurtuluş Gününün mahiyyətini tarixi faktlar əsasında iştirakçılara çatdırıb. Ulu öndərin hakimiyyətə yenidən qayıdışı ümumxalq qələbəsinin təntənəsi kimi mənalandırılıb.

Sonra ulu öndərin xidmətlərindən, dövlətçiliyimiz, müstəqilliyimiz, iqtisadi cəhətdən qüdrətli bir inkişafa nail olmağımız yolunda gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Rəsmi hissədən sonra tələbələrin hazırladığı bədii hissə təqdim olunub.

Sonda rektor Yusif Yusibov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı şəhərində keçirilən ali məktəblərin bədii yaradıcılıq festivalında fəal iştirak etdiklərinə görə bir qrup tələbə və müəllimə diplomlar təqdim edib. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov