Sumqayıt
Dövlət Universitetində Ukrayna və Azərbaycan startap
ekosistemləri ilə bağlı görüş keçirildi.
Tədbirdə SDU-nun rektoru, professor Elxan Hüseynov,
AzTU-nun prorektoru, professor Mustafa Babanlı, Ukrayna
Milli Texniki Universitetinin direktoru, "Sikorsky
Challendge" Business İncubator-un meneceri İnna
Malyukova və Ukrayna Milli Texniki Universitetinin
"Kiyev politexnikası" Elm və Texnologiyalar Parkının baş
direktoru Yaroslav Koloqrivov iştirak edirdilər.
SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları
universitetdə gördüyünə məmnun olduğunu bildirdi.
Qeyd edildi ki, bu gün ölkəmizdə müasir ideyalara, yeni
texnologiyalara, milli və ümumbəşəri dəyərlərə söykənən
təhsil sisteminin qurulması istiqamətində böyük işlər
görülür. Təhsil tarixinə qloballaşma, elmi-texniki
tərəqqi, innovasiyalar və texnologiyalar, modernləşdirmə
dövrü kimi yazılan XXI əsrin ilk mərhələsinə Azərbaycan
bütün sahələrdə daxil oldu və sevindirici haldır ki,
aparılan məqsədyönlü islahatlar, genişmiqyaslı təhsil
layihələrinin həyata keçirilməsinin reallaşdırılması
uğurla nəticələnir.
Azərbaycan Texniki Universitetinin prorektoru, professor
Mustafa Babanlı öz çıxışında ölkəmizdə startap
ekosisteminin vəziyyəti barəsində ətraflı məlumat verdi.
Ukraynanın adıçəkilən qurumları ilə gələcək əməkdaşlıq
məsələləri, xüsusilə də universitetlərdə Elm parkları və
Texnoparkların yaradılmasının vacibliyini diqqətə
çatdırdı.
İnna Malyukova və Yaroslav Koloqrivov bildirdilər ki,
elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması
və onların yerli və xarici bazara çıxarılması məqsədi
ilə "Kiyev politexnikası" Elm və Texnologiyalar Parkı
2007-ci ildə Ukrayna Milli Texniki Universitetinin
tərkibində yaradılmışdır. Universitetimiz Avropada dərin
elmi və innovativ ənənələri olan ən məşhur mühəndis
məktəblərindən biridir. "Kiyev politexnikası" Elm və
Texnologiyalar Parkı - yüksək texnoloji işlərin effektiv
kommersiyalaşdırılmasına şərait yaradan elmi-innovasiya
prosesinin təşkilolunma formasıdır. "Kiyev
politexnikası" Elm və Texnologiyalar Parkı elə bir
innovasiya mühitidir ki, elmi həcmli məhsulların
yaradılmasına köməklik göstərir və biliklər
potensialının kommersiya uğuruna keçməsi dövrünü
maksimal azaldır.
Qonaqlar Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət
Universiteti, Azərbaycan Texniki Universitetinin birgə
bazasında elmi park yaradılmasını və noyabr ayında təlim
kurslarının keçirilməsini təklif etdilər.
Rektor təklifi səmimi qəbul etdi və bu təlim
kurslarında SDU-nun da əməkdaşlarından ibarət işçi
heyət yaradılması üçün göstəriş verdi.
Mətbuat xidməti |