"Mənim universitetim" layihəsinin
budəfəki hədəfi Azərbaycan Dövlət Pedaqoji
Universitetidir
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Azərbaycan Dövlət Pedaqoji
Universiteti (ADPU) Ali Pedaqoji İnstitut adı ilə
Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman
Nərimanovun 1921-ci ildə imzaladığı "Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun təşkili haqqında" dekret əsasında
yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1991-ci il tarixli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna "universitet" statusu verilib. ADPU-da ali
təhsilin bakalavriat səviyyəsində 23 ixtisas,
magistratura səviyyəsində 52 ixtisaslaşma üzrə
mütəxəssis hazırlığı aparılır. Hazırda universitetin
bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumi
sayı 8291 nəfərdir. Əyani təhsil forması üzrə 6780
nəfər, qiyabi təhsil forması üzrə 1511 nəfər,
magistratura səviyyəsində 886 nəfər, o cümlədən əyani
təhsil forması üzrə 603 nəfər, qiyabi təhsil forması
üzrə 283 nəfərdir. Ümumilikdə universitetin tələbə
kontingenti 9272 nəfərdir. Onlardan 128 (125 bakalavr, 3
magistr) nəfər xarici ölkə vətəndaşıdır. Universitetin
hazırlıq şöbəsində 53 nəfər dinləyici təhsil alır.
Hazırda universitetin əməkdaşlarının ümumi sayı 1432
nəfərdir. Onlardan 2 nəfəri AMEA-nın müxbir üzvü,
63 nəfər elmlər doktoru, 63 nəfər professor, 357
nəfər fəlsəfə doktoru, 264 nəfər isə dosentdir. Ali
təhsil müəssisəsinə 2006-cı ilin aprel ayından AMEA-nın
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar
elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədov
rəhbərlik edir.
Maddi-texniki baza
Universitet üç tədris binasından ibarətdir.
Universitetin 1124 yerlik 4 yataqxana korpusu var.
Universitetdə tədris prosesini həyata keçirmək üçün 224
auditoriyadan istifadə olunur ki, onlardan 57-si
mühazirə otağı, 78-i məşğələ, 89-u isə laboratoriya və
emalatxana otaqlarından ibarətdir. Universitetdə
fakültələrin, kafedraların və əməkdaşların istifadəsində
621 kompüter, 156 ədəd printer və 16 ədəd proyektor
vardır. Bütün dekanlıqlar, kafedralar, laboratoriyalar,
şöbə və bölmələr zəruri kompüter avadanlıqları ilə təmin
edilib.
İctimai-mədəni
tədbirlərin keçirilməsi üçün universitetdə akt zalı və
konfrans zalı var. ADPU-da ümummilli lider Heydər
Əliyevin mənalı həyat yolunu və zəngin siyasi
fəaliyyətini dərindən öyrənmək məqsədilə "Heydər Əliyev
məktəbinin lektoriyası" yaradılıb, müasir
informasiya-kommunikasiya texnologiyaları, stend və
şəkillərlə təmin edilib. Lektoriya 80 nəfərin iştirakı
ilə keçirilən tədbirlər üçün nəzərdə tutulub.
Universitetdə eyni zamanda nadir eksponatlarla təchiz
edilmiş Heydər Əliyev Muzeyi fəaliyyət göstərir.
Əsas tədris binasında 120 yerlik kiçik zal, muzey,
yeməkxana var. 2 və 3 saylı tədris binalarında da
yeməkxanalar mövcuddur.
Universitetdə 85 laboratoriya və xüsusi təyinatlı
ixtisaslaşdırılmış auditoriya (onlardan 11-i müasir
tipli kompüterlə təchiz olunmuş kompüter sinfidir) var.
Kimya fakültəsində 6 laboratoriya təmir edilərək müasir
tələblər səviyyəsində təşkil edilib. Kimya və biologiya
fakültələrinin laboratoriyaları tədrisin yüksək
səviyyədə təşkilini təmin etmək məqsədilə tələb olunan
kimyəvi reaktivlər və müxtəlif şüşə kolbalarla təmin
edilib.
Son vaxtlar Təhsil Nazirliyinin dəstəyi ilə tədris
laboratoriyaları Almaniyanın "PHYWE" şirkətinin istehsal
etdiyi avadanlıqlar və avtomatik işləmə sistemləri ilə
təchiz olunub, yeni qurğular alınıb tələbələrin
istifadəsinə verilib. Yeni alınan avadanlıqlar
laboratoriya işlərində ölçmələrin, alınan nəticələrin
emalı və təhlilinin xüsusi proqramlar vasitəsilə
kompüterdə aparılmasına imkan verir.
Bundan
başqa, universitetin 4 tədris emalatxanası var. Ali
təhsil ocağının tədris-təcrübə mərkəzinin yaradılması
məqsədilə Şamaxı rayonunda 7 hektar sahə uzunmüddətli
icarəyə götürülüb.
Əsas tədris binasında və 2 saylı tədris binasında idman
zalları mövcuddur. İdman zalları son illərdə təmir
olunaraq müasir avadanlıqlarla təchiz edilib.
Universitetin 2 saylı tədris binasinda yerləşən Səbail
rayon 29 saylı Tələbə Poliklinikası, eləcə də 1 və 3
saylı tədris binalarında poliklinikanın tibb məntəqələri
tələbə və müəllim heyətinə xidmət edir.
Universitetdə mətbəə fəaliyyət göstərir. ADPU-da təbiət,
humanitar və pedaqoji-psixoloji seriyalar üzrə
"Xəbərlər" jurnalı və "Təhsildə İKT" jurnalı ildə 4
nömrə müntəzəm nəşr olunur.
1958-ci ildən bu günədək universitetdə çoxtirajlı "Gənc
müəllim" qəzeti çap olunur.
Gün ərzində fasiləsiz işləyən İnternet xətti tələbələrə
və professor-müəllim heyətinə dünya informasiya
məkanında olan məlumatların alınmasını və operativ
informasiya mübadiləsini təmin edir.
Universitetin
www.adpu.edu.az
adlı saytı fəaliyyət göstərir.
Yaxın zamanda ADPU üçün kampusun tikilməsi nəzərdə
tutulur.
İmtahan
sessiyası
İmtahanların keçirilmə müddəti tədris prosesinin
qrafikinə uyğun aparılır. Sessiyalardakı imtahanların
sayı tədris planlarına müvafiq olaraq müəyyənləşdirilir.
Bakalavriat səviyyəsində (əyani və qiyabi şöbədə) bəzi
spesifik fənlər istisna olmaqla, bütün imtahanlar
kompüter vasitəsilə test üsulu ilə, magistraturada isə
imtahanlar yazılı şəkildə keçirilir.
Tədris prosesinin tərkib hissəsi kimi imtahan
sessiyalarına mütəşəkkil hazırlıq işləri həyata
keçirilir. Universitet üzrə bilavasitə imtahan
sessiyasına hazırlıqla bağlı fakültə dekanlarının,
kafedra müdirlərinin və digər aidiyyəti qurumların
həyata keçirəcəkləri vəzifələri müəyyən edən müvafiq
əmrlər verilir. Əmrə uyğun olaraq tədris yüklərinin
yerinə yetirilməsi yaz semestrinin sonunda dekanlıqlar
tərəfindən yoxlanılır. Tələbələrin imtahanqabağı balları
hesablanır, tədris hissəsinə təhvil verilir və
universitetin saytında yerləşdirilir. İmtahanlara
nəzarət edəcək imtahan rəhbərləri və qeyri-ixtisas
nəzarətçi müəllimlər seçilir, fakültələrin münaqişə
komissiyalarının tərkibi müəyyənləşdirilir.
İmtahanlar
Tədris-metodika şöbəsi tərəfindən tərtib edilmiş və
təsdiq olunan cədvəl üzrə İKT-nin tətbiqi ilə aparılır.
Son iki ildə İKT ilə aparılan imtahanlardan
"qeyri-kafi", "qənaətbəxş," "kafi" qiymət alanların
qiyməti saxlanılır, "yaxşı", "çox yaxşı", "əla" qiymət
alan tələbələrə yazılı imtahan verməklə öz qiymətlərini
doğrultmaq təklif olunur. Tələbə yazılı imtahandan
"qeyri-kafi" qiymət aldıqda onun qiyməti İKT-nin tətbiqi
ilə aparılan imtahandakı nəticə nəzərə alınmaqla müsbət
qiymətləndirilir. Bəzi spesifık fənlərdən imtahanlar
yazılı aparılır. İmtahan yazıları dərhal kodlaşdırılır
və yoxlanmaq üçün fənn müəllimlərinə xüsusi ayrılmış
otaqda təqdim edilir. Yazıların yoxlandığı auditoriyada
kameralar vasitəsilə virtual nəzarət həyata keçirilir.
İmtahanın nəticələri əsasən həmin gün tələbələrə elan
edilir. İmtahan və kollokviumlar VTS-TEST şəbəkəsi
vasitəsilə həyata keçirilir, şəbəkənin istismarı üçün 5
qrup yaradılıb.
Hər bir qrup özünə aid vəzifəni həyata keçirir. Heç kim
imtahan prosesinə bütövlükdə nəzarəti həyata keçirmir.
Universitet üzrə imtahan qiymətindən narazı qalan
tələbələr apelyasiya qrupuna müraciət edir. Bu qrup
tələbənin cavabını fakültələrdən cəlb olunan
mütəxəssislərin iştirakı ilə araşdırır. Bundan başqa,
Şəbəkə qrupu (ŞQ), İşçi qrupu (İQ), Nəzarət qrupu (NQ),
Test qrupu (TQ) fəaliyyət göstərir. Hər qrupun öz
nəzarət etdiyi sahələr konkret müəyyənləşmişdir.
Hər
semestrin imtahan sessiyasında "İmtahan qərargahı"
yaradılır. İmtahan qərargahının fəaliyyət dairəsinə
semestr dövründə imtahanların təşkili və keçirilməsinə
nəzarət etmək, imtahanların təşkili və imtahan prosesi
zamanı yarana biləcək mümkün mübahisəli vəziyyətlərlə
bağlı daxil olmuş müraciətləri vaxtında araşdırıb
müvafiq qərarlar qəbul etmək, akademik borcların
ləğvində, həmçinin imtahanlarda tələbələrin biliyinin
qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin
etmək kimi mühüm məsələlər aiddir. Qərargahın normal
fəaliyyəti üçün ayrılmış iş otağına telefon xətti
çəkilmiş, növbətçilik cədvəli yaradılmışdır. Qərargah
üzvləri mütəmadi şəkildə imtahan zallarında olur, onlara
ünvanlanan müraciət və təkliflərlə bağlı müvafiq
qeydlər aparırlar. Bundan əlavə, universitetdə
valideynlərlə əlaqələrin yaradılmasına da xüsusi diqqət
yetirilir ki, bu da onlarda imtahanların gedişi barədə
dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir.
İmtahan sessiyası zamanı qərargaha daxil olan
müraciətlər məzmununa görə rektorluğa və ya apelyasiya
komissiyasına göndərilir. Problemlər və nöqsanlar
operativ şəkildə aradan qaldırılır. "Qaynar xətt" elan
olunur. Məlumatlar universitetin saytında yerləşdirilir.
Kafedralarda imtahan sessiyasında imtahana düşəcək
fənlərin hər biri üzrə 300-500 (fənnin tədrisinə ayrılan
saatlardan asılı olaraq) test tərtib edilir, testlərin
ekspertizası üzrə komissiyaya təhvil verilir. Testlər
ekspertizadan keçdikdən sonra Kompüter Mərkəzinə təhvil
verilir və Kompüter Mərkəzində uyğun proqrama daxil
edilir.
Testlər
Kompüter Mərkəzində düz və səhv cavablar
qarışdırıldıqdan sonra tələbələrə çatdırılır. Kafedralar
imtahana düşən fənlərin proqramına uyğun sualları tərtib
edərək imtahan sessiyasına bir ay qalmış tələbələrə elan
edir.
Əyani və qiyabi şöbə tələbələrinin qeyri-müvəffəq qiymət
aldığı fənlərdən kredit borclarının ləğvi üçün
könüllülük prinsipi və ödənişli əsaslarla yay semestri
təşkil olunur. Bu haqda müvafiq əmr verilir. Yay
semestrinin mövcud qaydaların tələbləri gözlənilməklə
təşkil edilməsi və onlara nəzarət edilməsi işinə müvafiq
əmrlə universitetin əməkdaşları cəlb edilir.
Kitabxana
ADPU-nun Elmi kitabxanası 1921-ci ildən fəaliyyət
göstərir. Kitabxananın pedaqoji, coğrafiya və
çağırışaqədər hazırlıq fakültələrinə xidmət edən filialı
var. Kitabxananın 8 şöbəsi, 11 bölməsi və 3 oxu zalı
mövcuddur. Universitetin əsas tədris binasında iki oxu
zalı (biri 120, digəri 60 nəfər tutumlu) tələbə və
müəllimlərə xidmət göstərir. Kitabxana fondunda 710930
nüsxə ədəbiyyat mövcuddur ki, onlardan 296158 nüsxəsi
tədris, 115744 nüsxəsi elmi, 188510 nüsxəsi bədii, 73468
nüsxəsi ictimai-siyasi, 10709 nüsxəsi isə xarici nəşr
ədəbiyyatı təşkil edir. Qalan ədəbiyyat - jurnallar
2214, dissertasiyalar 1097, avtoreferatlar 16908,
magistr dissertasiyası 2836, referativ jurnallar (dəqiq
elmlər) 1016, elmi-tədqiqat işləri 2270 nüsxədir.
2012-ci ildən universitetdə Elektron kitabxana
yaradılıb. ADPU-nun Elektron kitabxanasına
www.library.adpu.edu.az ünvanından daxil olmaq olar.
Kitab fondunun əsas hissəsini Azərbaycan və rus
dillərində olan kitablar təşkil edir. Eyni zamanda
ingilis, fransız, alman, fars və ərəb dillərində olan
kitablar da saxlanılır. 2014-cü ildə kitabxanaya 86 adda
yeni kitabların elektron variantı daxil edilib. Elektron
kataloqa 200 adda (83 dissertasiya, 46 avtoreferat, 71
kitab) elektron disklər də daxildir. WEB İRBİS-64
proqramı və internetə çıxış kitabxanada olan
materiallardan geniş oxucu kütləsinin istifadəsinə imkan
verir.
Kitabxanada 800-dən artıq nadir kitablar qorunub
saxlanılır. O cümlədən "Molla Nəsrəddin" jurnalının
nüsxələri nadir fonda daxil edilib. 2014-cü ildə
kitabxanaya 3214 nüsxə 658 adda ədəbiyyat daxil olub.
Kitabxananın fondunda 134 adda Azərbaycan dilində, 190
adda isə rus dilində jurnal saxlanılır. Eyni zamanda
dəqiq elmlərə dair 1016 nüsxə referativ jurnallar fonda
daxildir. Hazırda kitabxananın fondunda 5 adda
Azərbaycan dilində, 1 adda isə rus dilində qəzet var.
Kitabxananın əməkdaşları tərəfindən ADPU-nun
professor-müəllim heyətinin 1921-2011-ci illərdə nəşr
etdirdikləri dərslik, dərs vəsaiti, monoqrafiya,
proqram, konfrans və simpozium materiallarının 5 cildlik
biblioqrafiyası nəşr edilib.
Müəllim
təcrübəsi
Universitetdə ixtisas üzrə tədris planlarına və tədris
prosesinin qrafikinə uyğun olaraq tələbələrin pedaqoji
təcrübəsi təşkil edilir.
Təcrübələr bağlanılmış müqavilələrin şərtlərinə uyğun
olaraq Bakı şəhərinin tam orta və məktəbəqədər təhsil
müəssisələrində, müxtəlif istehsalat müəssisələrində,
elmi-tədqiqat institutlarında keçirilir.
Tələbələrin tədris və istehsalat təcrübələrinin müddəti,
rəhbərləri və obyektləri rektorluğun müvafiq əmrləri ilə
rəsmiləşdirilir.
Təcrübələrin nəticələri hesabatların tərtibi və müvafiq
komissiya qarşısında müdafiəsi ilə yekunlaşır.
Beynəlxalq
əlaqələr
ADPU ümumilikdə 10 ölkənin 22 universiteti ilə
əməkdaşlıq haqqında müqavilə imzalayıb.
2014-cü ilin mart ayından Türkiyə Respublikasının
Kastamonu Universiteti ilə "Mövlanə" Mübadilə Proqramı
protokolu əsasında 2014-2015-ci tədris ili üçün tələbə
və müəllim mübadiləsi həyata keçirilməyə başlanılıb.
Proqram çərçivəsində ADPU-nun pedaqoji fakültəsinin iki
tələbəsi bir semestr müddətinə Kastamonu Universitetinə
göndərilmiş, 2015-ci ilin may ayında isə həmin
fakültənin müəllimi 1 həftəlik Kastamonu Universitetinə
ezam olunub.
2013-cü ildə Türkiyə Respublikasının Qafqaz Universiteti
ilə imzalanmış "Mövlanə" Mübadilə Proqramı çərçivəsində
Qafqaz Universitetinin Fənn Ədəbiyyat Fakültəsinin
ingilis dili və ədəbiyyatı bölümünün müəllimi Turan
Özgür Güngör ADPU-nun filologiya fakültəsinin ingilis
dili və onun tədrisi metodikası bölümündə ingilis
dilçiliyi sahəsində "XX əsr ingilis romanı" mövzusunda
mühazirə aparıb.
2012-ci ildə E-NOTES (European Computer Driving License
National Operator and Test Centers in Azerbaijan)
layihəsinə qoşulmaq üçün ADPU ilə Qafqaz Universiteti
mandat imzalayıb. Layihənin sonunda 2014-cü ildə
universitetdə ECDL milli test mərkəzi quraşdırılıb.
Əlavə
təhsil
Universitetdə yenidənhazırlanma, ixtisasartırma,
stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali
təhsillə bağlı məsələlər Əlavə təhsil fakültəsində
həyata keçirilir.
Hazırda Əlavə təhsil fakültəsində "Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi", "Riyaziyyat və informatika
müəllimliyi", "Təhsildə sosial-psixoloji xidmət", "Tarix
və coğrafiya müəllimliyi", "Kimya və biologiya
müəllimliyi", "İbtidai sinif müəllimliyi (Azərbaycan və
rus bölməsi)" və "Məktəbəqədər təlim və tərbiyə"
ixtisasları üzrə yenidənhazırlanma təhsili həyata
keçirilir.
Tədris planlarında olan əksər fənlərin proqramları
kafedralar tərəfindən mütəmadi olaraq yeniləşdirilir və
müvafiq fakültələrin elmi şuralarında baxılaraq
universitetin tədris-metodik şurasında
razılaşdırıldıqdan sonra Təhsil Nazirliyinin qrifi
əsasında təsdiq olunur.
Laboratoriyalar
ADPU-da 85-ə yaxın tədris və 7 elmi-tədqiqat
laboratoriyası (ETL) fəaliyyət göstərir. 7 ETL-də ("Yeni
bioloji aktiv birləşmələr", "Koordinasion birləşmələr",
"Nadir torpaq elementləri", "Dədə Qorqud", "Türk
araşdırmaları", "Pedaqoji təhsilin problemləri", "Bioinformatika")
aparılan elmi-tədqiqat işləri fundamental və tətbiqi
tədqiqatlara istiqamətlənib.
Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının
laboratoriyaları respublikada pedaqoji kadr hazırlığında
əsas yer tutur. Kafedrada ümumi, qeyri-üzvi və kimyanın
tədrisi metodikası fənləri tədris olunur. Bu fənlər üzrə
kafedrada 5 tədris-təcrübə laboratoriyası və bir
elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu
laboratoriyalar ümumi və qeyri-üzvi kimya, kompleks
birləşmələr kimyası, kimyanın tədrisi metodikası,
fiziki-kimyəvi analiz və qeyri-üzvi sintez
laboratoriyalarını əhatə edir. Bu tədris
laboratoriyaları tədrisə aid cihaz və avadanlıqlar,
reaktivlərlə təchiz olunub. Kafedrada elmi-tədqiqat
işləri üçün bir laboratoriya yaradılıb. Bu tədqiqat
laboratoriyasında aparılan tədqiqat işlərinə aid
cihazlar: spektrofotometr (SF-26),
fotoelektrokolorimetr (FEK-56 M), poteniometr
(pH-673), termoqravimetrik tədqiqat üçün Mufel sobaları
(M1-Y- 42) müasir analitik tərəzilər, texniki tərəzi,
qazların alınması və molekul kütləsinin təyininə aid
qurğular, quruducu şkaflar, termostat, distillator və
s. ilə təchiz olunub. Kafedrada koordinasion
birləşmələr kimyasına və kimyanın tədrisi metodikasına
aid müəllimlər, aspirantlar, magistr və tələbələr
tədqiqat işi aparırlar.
Patent almaq üçün üzvi kimya və kimya texnologiyası
kafedrasının 4 əməkdaşının sənədləri Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib,
patent almaq üçün elektrik və optika kafedrasının 3
əməkdaşının sənədləri həmin komitəyə göndərilmək üçün
hazırlanır.
Fizika fakültəsinin "Elektrik və maqnetizm"
laboratoriyasında elektrostatikaya, sabit cərəyan
qanunlarına, maqnit hadisələrinə, elektromaqnit
dalğalarına və rəqslərinə, dəyişən cərəyan dövrələrinə
aid 25-dən artıq laboratoriya işləri icra olunur. "Optika"
laboratoriyasında fotometriyaya, həndəsi optikaya, dalğa
optikasına, kvant optikasına aid 25- dən artıq
laboratoriya işi aparılır.
"Atom və nüvə fizikası" kvant fizikasının elementlərinə,
mütləq qara cismin şüalanması qanunlarına, hidrogen
atomunun spektrindəki qanunauyğunluqlara, enerji
spektrinin diskretliyini təsdiq edən hadisələrə aid
20-dən artıq laboratoriya işləri icra olunur.
"Yarımkeçiricilər fizikası və fiziki elektronika"
yarımkeçiricilərin elektrikkeçiriciliyinin, Xoll
effektinin, termoelektrik hərəkət qüvvəsinin istilik
keçiriciliyinin temperatur asılılığı ölçülür və müxtəlif
xarakterli parametrlər təyin olunur. Müxtəlif elektron
cihazların, diodların, tranzistorların,
fotorezistorların xarakteristikaları öyrənilir.
"Koordinasion birləşmələr" elmi-tədqiqat laboratoriyası
analitik kimyanın müasir problemləri istiqaməti və
tərkibində kükürd və azot olan liqandlarla metalların
müxtəlif-liqandlı kompleksləri və onların müxtəlif
obyektlərin analizində tətbiqi problemi üzrə
elmi-tədqiqat işləri apararaq analitik kimyanın müasir
problemlərindən bəhs edən praktik məsələlərin həlli ilə
məşğul olur.
2014-cü ildə laboratoriya əməkdaşları 21 tezis, 7 məqalə,
7 dərs vəsaiti çap etdiriblər.
"Dədə Qorqud" Elmi-Tədqiqat Mərkəzində üç bölmə
fəaliyyət göstərir.
"Dədə Qorqud" Elmi-Tədqiqat Mərkəzində dünya
mədəniyyətinin şah əsərlərindən sayılan "Kitabi-Dədə
Qorqud" eposu bir neçə istiqamətdə hərtərəfli
araşdırılır və təbliğ edilir. Mərkəz müvafıq olaraq üç
bölməyə ayrılır. Birinci bölmə "Onomastika-dialektologiya-etimologiya"
adlanır. İkinci bölmə "Folklor-etnoqrafiya-mifologiya",
üçüncü isə "Pedaqoji-psixoloji-fəlsəfi araşdırmalar"
adlanır. Son vaxtlar aparılan bütün elmi-tədqiqat işləri
"Dədə Qorqud araşdırmaları - III" jurnalında dərc
olunub.
"Dədə Qorqud" Elmi-Tədqiqat Mərkəzinin təşəbbüsü ilə
2001-ci ildə I Türkoloji qurultayın 75 illik yubileyi
respublika səviyyəsində keçirilib. "Dədə Qorqud"
Elmi-Tədqiqat Mərkəzinin dərgilərinin buraxılışlarında
türk mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə
həsr olunan apaşdırmalar toplanılıb.
Universitetdə türk ədəbiyyatı problemlərini araşdırmaq
məqsədilə, həmçinin yeni bir elmi strukturun yaradılması
zərurətinə görə ADPU Təhsil Nazirliyinə müraciət edib.
Təhsil Nazirliyinin müvafiq əmri ilə ADPU-da "Türk
araşdırmaları" elmi-tədqiqat laboratoriyası yaradılıb.
Türk xalqları ədəbiyyatı problemlərinin öyrənilməsi
laboratoriyanın əsas tədqiqat mövzusu kimi təsdiqlənib.
2008-ci il dekabrın 18-də ADPU-nun, Türkiyənin
Azərbaycandakı səfirliyinin və TİKA-nın dəstəyi ilə
"Türk araşdırmaları" elmi-tədqiqat laboratoriyası yeni
avadanlıqlarla təchiz olunub.
"Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat
laboratoriyası Azərbaycan hökuməti və Dünya Bankının
Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış
müqaviləyə uyğun olaraq həyata keçirilən təhsil islahatı
layihəsinin əsas istiqamətlərindən biri olan "Müəllim
hazırlığı" alt-komponenti çərçivəsində "İbtidai sinif
müəllimi hazırlığı üzrə kurikulum"un pilot ali məktəb
kimi ADPU-nun pedaqoji fakültəsində tətbiqi nəzərdə
tutulub. Bu məqsədlə Təhsil Nazirliyinin əmri və ADPU-nun
Elmi Şurasının qərarı ilə 2007-ci ildə pedaqoji
fakültənin nəzdində "Pedaqoji təhsilin problemləri"
elmi-tədqiqat laboratoriyası yaradılıb.
"Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat
laboratoriyasının məqsədi pedaqoji təhsilin
keyfiyyətinin yüksəldilməsi, müasir beynəlxalq təcrübə
və milli ənənələr əsasında onun məzmununun və
strukturunun yeniləşdirilməsi, pedaqoji təhsil
sistemində yeni texnologiyaların, innovasiyaların həyata
keçirilməsi ilə yanaşı, ali pedaqoji təhsillə bağlı
aparılan elmi-tədqiqatların koordinasiya mərkəzi rolunu
da oynaması məqsədəuyğun hesab edilib.
Elmi
uğurlar
Universitetin yüksəkixtisaslı professor-müəllim heyəti
ilə təmin edilməsi istiqamətində müntəzəm işlər həyata
keçirilir. Ötən il universitetin 3 əməkdaşı elmlər
doktoru, 9 əməkdaşı isə fəlsəfə doktoru dissertasiyası
müdafiə edib.
Universitetdə "İlin alimi", "İlin müəllimi" müsabiqələri
keçirilir və qaliblər mükafatlandırılır.
Universitetdə təlim prosesinin keyfiyyətinin
yüksəldilməsi və təkmilləşdirilməsi üçün davamlı olaraq
müxtəlif mövzularda elmi-metodik konfranslar təşkil
edilir. 2006-cı ildə ADPU ilə Türkiyənin Hacəttəpə
Universiteti arasında bağlanmış müqaviləyə əsasən hər il
"Müəllim hazırlama siyasəti və problemləri" adlı
beynəlxalq konfrans keçirilir.
Eyni zamanda hər il bakalavr və magistrantların elmi
işlərinin yekunlarına həsr olunmuş konfranslar təşkil
edilir. Konfranslarda fərqlənənlər müxtəlif mükafatlarla
təltif edilir, qaliblər respublikanın digər ali təhsil
müəssisələrində keçirilən elmi tədbirlərdə universiteti
təmsil edirlər.
ADPU-nun əməkdaşları tərəfindən 2014-2015-ci tədris
ilində 287-si xarici ölkənin mətbuatında (28-i
impakt-faktorlu jurnalda) olmaqla 880 elmi məqalə, 246
tezis (onlardan xaricdə - 107), 76 dərs vəsaiti, 37
dərslik, 30 monoqrafiya, 342 tövsiyə nəşr olunub, 1
patent və 2 şəhadətnamə alınıb.
Hazırda universitetdə 11 fakültə, 52 ixtisas kafedrası,
Magistratura və doktorantura şöbəsi fəaliyyət göstərir.
ADPU-nun 708 nəfər professor-müəllimi təsdiq edilmiş
mövzu planı əsasında 71 istiqamətdə, 78 problem üzrə 449
mövzuda elmi-tədqiqat işlərini davam etdirirlər. Son
tədris ilinə tamamlanmış mövzuların sayı 264-dür.
Yerinə yetirilən işlər nəticəsində tətbiqi və innovasiya
xarakterli ən əhəmiyyətli 52 iş tədris prosesinə tətbiq
edilib.
ADPU-da Elmin İnkişafı Fondundan 2014-cü ildə ümumi
məbləği 18,8 min manat olan 3 qrant layihəsi hesabına
maliyyələşən elmi-tədqiqat işləri yerinə yetirilib.
2014-cü ildə ADPU-nun təşkilatçılığı ilə 3 beynəlxalq, 6
respublika, 5 universitet səviyyəli konfrans keçirilib.
ADPU
son illərdə
Son illərdə ADPU-da bir sıra struktur dəyişiklikləri
edilib.
Universitetdə kafedraların sayının optimallaşdırılması
işinə başlanıb, dərs saatları kifayət qədər olmayan
bəzi kafedralar ləğv edilib və ya birləşdirilib. Əcnəbi
tələbələrin işi üzrə dekanlıq ləğv edilərək müvafiq
şöbə yaradılıb.
Təhsil Nazirliyinin məlum əmrinə uyğun olaraq SABAH
qrupları yaradılıb və onlara 3 auditoriya ayrılıb.
Universitetin Tədris-metodika şöbəsində "Tələbə-Məzun
dövlət elektron məlumat sistemi" bölməsi fəaliyyət
göstərir.
Universitetdə 2010-cu ildən "Müasir Təlim
Texnologiyaları Təlim və Resurs Mərkəzi" yaradılıb.
Mərkəzin köməyilə ADPU-nun fakültə dekanları və kafedra
müdirləri, fənlərin tədrisi metodikası kafedralarının
əməkdaşları üçün müasir təlim texnologiyalarının tədrisə
tətbiqi ilə bağlı treninqlər keçirilib.
"Fransız dili müəllimliyi" ixtisası üzrə təhsil alan
tələbələrin dil bacarıq və vərdişlərinin inkişaf
etdirilməsi üçün əvvəlki illərdə olduğu kimi,
2014-2015-ci tədris ilində də Fransadan
stajor-müəllimlər dəvət olunub.
Tədris planlarının orta ümumtəhsil kurikulumunun
tələblərinə cavab verməsini təmin etmək və ayrı-ayrı
ixtisaslar üzrə fənn kurikulumlarının hazırlanması
məqsədilə Tədris-metodika şöbəsi nəzdində "Kurikulum,
qeydiyyat və tyutor xidmətinə nəzarət" bölməsi yaradılıb.
Tədris prosesinə nəzarəti daha şəffaf təşkil etmək,
informasiya texnologiyalarının tədris prosesinə
tətbiqini daha da təkmilləşdirmək məqsədilə "İKT,
monitorinq və qiymətləndirmə Mərkəzi", elmi-tədqiqat
işlərinin səmərəliliyini artırmaq məqsədilə "Elm və
innovasiyalar şöbəsi" yaradılıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsi
Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi öz
tərkibində 11 fakültə və Magistratura və doktorantura
şöbəsi üzrə 4216 tələbəni birləşdirir. THİK tələbə
gənclərin sosial problemlərinin həlli, müalicə və
istirahətlərinin təşkili istiqamətində tədbirlər həyata
keçirir. Hər il tələbələrin sosial durumlarını
yaxşılaşdırmaq üçün "əla" qiymətlərlə oxuyan 4 nəfər
tələbəyə təqaüd verilir. THİK universitetdə təhsil alan
imkansız tələbələrə hər gün pulsuz nahar yeməyinin
verilməsini təşkil edir, 3 nəfər sosial durumu ağır olan
tələbənin təhsil haqqının müəyyən hissəsini ödəyir.
Komitənin rəhbər orqanları beş ildə bir dəfə keçirilən
hesabat-seçki konfransında seçilir. Konfranslararası
dövrdə komitəyə Məclis və Rəyasət Heyəti rəhbərlik edir.
Komitənin nəzdində müxtəlif komissiyalar fəaliyyət
göstərir.
Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün
THİK mədəni-kütləvi tədbirlər, idman yarışları təşkil
edir, bədii özfəaliyyət kollektivləri ilə işləyir.
Universitetin xor kollektivi ali məktəb tələbələrinin
ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalında I
yerə layiq görülüb. Həmçinin həmin festivalda filologiya
fakültəsinin I kurs tələbəsi Məxfirət Hüseynova ifaçılıq
üzrə, pedaqoji fakültənin II kurs tələbəsi Aygün
Abbaszadə isə vokal ifa üzrə III yeri tutublar. Hər iki
tələbə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif
edilib.
İdman
ADPU-nun tələbə-idmançıları keçən il də uğurlu nəticələr
əldə ediblər. Ali məktəb tələbələrinin ulu öndər Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə
keçirdikləri cüdo üzrə respublika çempionatında
coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin III
kurs tələbəsi Röyal Dünyamalıyev 60 kq çəki dərəcəsində
I yeri tutub. Həmin çempionatda tarix fakültəsinin IV
kurs tələbəsi Tural Tağıyev yunan-Roma güləşi üzrə 75 kq
çəki dərəcəsində I yerə layiq görülüb.
Pedaqoji fakültənin III kurs tələbəsi Elnarə Əliəsgərova
Gürcüstanda yüngül atletika üzrə keçirilən Avropa
çempionatında V yeri tutub. O, həm də respublika
çempionudur.
Fakültələr arasında ulu öndər Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü münasibətilə keçirilən futbol
yarışlarında tarix fakültəsinin komandası I yeri,
filologiya fakültəsinin komandası II yeri, əcnəbi
tələbələr üzrə fakültənin komandası isə III yeri
tutublar.
Tələbə Elmi Cəmiyyəti
ADPU-da 11 fakültədə Tələbə Elmi Cəmiyyəti fəaliyyət
göstərir. Hər fakültədə "yaxşı" və "əla" qiymətlərlə
oxuyan tələbələr təcrübəli professor və dosentlərin
rəhbərliyi altında elmi-tədqiqat işləri aparır. İldə bir
dəfə bütün fakültələrdə universitet üzrə tələbələrin
elmi konfransı keçirilir və onların elmi-tədqiqat
işlərinin nəticələri ayrıca toplu şəklində çap olunur.
TEC xəttilə elmi-tədqiqat işləri aparan tələbələrin ən
yaxşı işləri ali məktəblərin gənc tədqiqatçılarının hər
il keçirilən ənənəvi ümumrespublika konfransına təqdim
edilir.
Universitetin gənc tədqiqatçıları tərəfindən
2014-2015-ci tədris ilində doktorant-dissertant (102
məqalə, 66 tezis), magistr (386 məqalə, 179 tezis),
bakalavr (12 məqalə, 391 tezis) elmi əsərləri çap olunub.
2014-cü ildə ADPU-nun təşkilatçılığı ilə 12 tələbə
konfransı keçirilib.
ADPU-nun tərəfdaş olduğu "ENOTES-Azərbaycanda ECDL Milli
Operator və Test Mərkəzləri" TEMPUS layihəsi
çərçivəsində İsveçin Stokholm şəhərində yerləşən Kral
Texnologiya İnstitutunda, Latviyanın Riqa şəhərində
yerləşən İnformasiya Sistemləri İdarəetmə İnstitutunda
və İspaniyanın Alikante şəhərində yerləşən Alikante
Universitetində ADPU Avropaya tanıtdırılıb.
Özfəaliyyət dərnəkləri
İntellektual klub.
Universitetdə "Gənc müəllim" adlı intellektual klub
var. Klub həftənin 3-5-ci günləri fəaliyyət göstərir.
Klubda "Atropatena", "Pedaqoji", "Gənc müəllim", "Palitra",
"Filoloq" və s. komandalar respublika ali məktəbləri
arasında keçirilən yarışlarda fəal iştirak edirlər.
Bədii özfəaliyyət dərnəyi.
THİK-nın nəzdində bədii özfəaliyyət dərnəyi var.
Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və
milli dəyərlərimizin gənclər arasında təbliği məqsədilə
bu dərnək əhəmiyyətlidir. Dərnəkdə tələbələr xor, vokal
musiqi, xalq çalğı alətləri ansamblı, rəqs, qiraətlə
məşğul olurlar. Hər il ali məktəb tələbələri arasında
bədii yaradıcılıq festivalı keçirilir və bu festivalda
universitetin bədii özfəaliyyət dərnəyi də iştirak edir.
Vətənpərvərlik klubu.
THİK-nın nəzdində vətənpərvərlik klubu fəaliyyət
göstərir. Bu klub "Vətən torpağı", "Tarixi
şəxsiyyətlərimiz", "Milli-mənəvi dəyərlərimiz" və s.
mövzularda tələbələr arasında müsabiqələr, "dəyirmi
masa"lar təşkil edib.
Ölkəmizdə "Bakı-2015" Birinci Avropa Oyunlarının yüksək
səviyyədə keçirilməsi üçün Vətənpərvərlik klubu
tələbələr arasında geniş təbliğat işi aparıb, onlarla
dəfələrlə görüşlər təşkil edib. |