İyirmi
dörd ildir ki, Azərbaycan xalqı ictimai-siyasi,
sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik
dövrünü yaşayır. İstər millətin tale məsələsi olan
dövlət müstəqilliyinin əldə edilməsi, istərsə də onun
qorunub saxlanılması otuz ildən artıq bir müddət ərzində
Azərbaycanın məsuliyyətini öz çiyinləri üstündə daşıyan,
onu bir dövlət kimi tarixin sınaqlarından çıxaran
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə
olunmasını yenidən Heydər Əliyevə etibar edəndə, bu
dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə
hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi və
Azərbaycanın müstəqil dövlət kimi inkişaf
edib-etməyəcəyi sual altında idi. Heydər Əliyev özü o
dövr haqqında deyirdi: "1993-cü ilin iyunundan
başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan
qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş
qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri
sağlam düşüncəli vətəndaşların, xalqın böyük
əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi,
vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən
silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan
dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər
təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid
edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın
birliyi, yekdilliyi təmin edildi, etnik və dini
mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda
dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa
başlandı".
Heydər
Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh
yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev
ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə
yeni stimul verdi, Azərbaycanın başı üstündə dolaşan
qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanmaq
təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli
azadlığa gedən yol məhz milli oyanışdan, milli
dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda
Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa
ehtiyac qalmır.
Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini
ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin
iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin
azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin
mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik,
əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət
quruculuğunda sanballı nailiyyətlər qazanıldı.
Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında
belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli
tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi
hər şeydən uca tutan, zəmanəmizin böyük siyasi və dövlət
xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər
Əliyevin millət və Vətən sevgisindən qaynaqlanan
fəaliyyəti ilə bağlıdır.
Təbiət Heydər Əliyevə müdriklik, aqillik, qətiyyət,
əyilməzlik, yenilməzlik, mübarizlik, alicənablıq, nadir
iş qabiliyyəti, natiqlik istedadı, özünün haqlı olduğuna
əminlik, ətrafındakı adamların məziyyətlərini və
imkanlarını müəyyənləşdirmək bacarığı, möcüzəli yaddaş,
ensiklopedik və universal bilik kimi keyfiyyətlər bəxş
etmişdi. Vətənin özü qədər müqəddəs olan bu insan
Azərbaycan xalqının qismətinə düşmüş Tanrı payıdır. Uzun
illər keçəcək, lakin milli özünüdərki sovet ideoloji
sisteminin buxovlarından çox məharətlə xilas edən Heydər
Əliyev böyük şəxsiyyət və dahi dövlət adamı kimi daim
yaddaşlarda yaşayacaqdır.
Hamımızın eyni cür duya və dərk edə bilmədiyimiz Heydər
Əliyev bütün dünya azərbaycanlılarının - 50 milyonun
ömrünü yaşayan, ömrü xalqının olan, canından əziz
bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran
müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq
nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir,
idarəçilik və siyasət məktəbidir. Odur ki, milli
sərvətimiz olan Heydər Əliyev irsini öyrənmək, onu
gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq
borcudur.
Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində
Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən
xilas etmiş Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış
yeni Konstitusiyamız və demokratik əsaslarla seçilmiş
ilk parlamentimiz Azərbaycanın müasir tarixində tamamilə
yeni səciyyəli bir mərhələnin başlanğıcı oldu. Bu illər
ərzində Heydər Əliyevin rəhbərliyi ilə islahatların
hüquqi bazasının yaradılması, insan hüquq və
azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul
edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və
sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin
edilməsi məqsədilə xeyli tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyevin apardığı uğurlu xarici siyasət
Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq
təşkilatlarla əlaqəsini günbəgün möhkəmləndirirdi. Bu
gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament
Assambleyası, İslam Konfransı Təşkilatı və başqa
beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması, bu
qurumlarda bilavasitə iştirakı hüquq islahatları
sahəsində təcrübə qazanmaqda respublikamıza çox böyük
fayda verir.
1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Heydər
Əliyevin tarixi xidmətidir və Heydər Əliyev bununla
ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı,
Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, "Əsrin
müqaviləsi" ilə Qərbi öz tərəfinə çəkə bildi və
Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək
Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı.
Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata
keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini
nümayiş etdirir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə
Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil
yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün
sərvətləri barəsində müstəqil qərar qəbul etməyə
qadirdir.
Ümumiyyətlə, Azərbaycan həyatının elə bir sahəsi yoxdur
ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev
zəkasının izi olmasın. Milli təhsilimizin dirçəlişi də
məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Heydər
Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə
ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri elmi baza
yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta
təhsil, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq
onların potensial imkanlarının inkişaf etdirilməsi və
səmərəli təhsil almaları üçün lazımi şəraitin
yaradılması Konstitusiya səviyyəsində təsbit olunmuşdur.
Təhsilimiz öz inkişafının ən mühüm mərhələsinə
"Azərbaycan Respublikasının təhsil sahəsində İslahat
Proqramı" ilə daxil olmuşdur ki, o da ulu öndərimizin
sərəncamı ilə təsdiq edilmişdir.
Dünyada gedən prosesləri diqqətlə izləyən ulu öndər
İKT-nin inkişafına xüsusi diqqət yetirərək, 2003-cü il
fevralın 17-də "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya (2003-2012-ci illər)"nı təsdiq etməklə
ölkəmizdə informasiya cəmiyyəti və onun mühüm tərkib
hissəsi olan elektron hökumət quruculuğuna start vermiş
oldu ki, indi bu uzaqgörənlik daha aydın hiss
olunmaqdadır.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf
kursu, Heydər Əliyev siyasəti, bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük
əzm və səbrlə davam etdirilir. Heydər Əliyev kimi
siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə
edilməsi nə qədər çətin görünsə də, Prezident İlham
Əliyev bu işin öhdəsindən layiqincə gəldi və öz
fəaliyyəti ilə sübut etdi ki, o, polad dayaqlar üzərində
mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparmağa qadir
liderdir. Təkcə doğma Azərbaycanın deyil, Qərbin,
bütövlükdə dünyanın qlobal problemlərinə həssaslıqla
yanaşan, baş verən hadisələri dərhal analiz etmək və
nəticə çıxarmaq imkanları ilə fərqlənən möhtərəm
Prezidentimizin fəaliyyəti ilə yaxından tanış olarkən
ondakı enerjiyə, xalqına olan sonsuz məhəbbət və
sədaqətə heyran olmaya bilmirsən. İlham Əliyev dünyanın
bütün sirlərinə yaxından bələd olan, bu gündən sabaha
baxan, "Mən hər bir vətəndaşın Prezidenti olacağam"
andına əməli işləri ilə sadiq qalan, hər zaman xalqının
yanında olan, yeni zirvələri fəth etmək üçün yeni yollar
açmağa qadir dövlət başçısıdır, fəxarət və qürur
mənbəyidir.
Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi
tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir
vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət İlham Əliyev
fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev
ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik
dəyərlərə söykənən möhtərəm Prezidentimiz qısa zaman
kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə
dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs
verdi. Keçən illər ərzində yüz minlərlə yeni iş
yerlərinin açılması, əlverişli biznes mühitinin
yaradılması, regionların sosial-iqtisadi inkişafı,
yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin
yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin
inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki
qloballaşma şəraitində dilimizin, dinimizin,
adət-ənənələrimizin - bütövlükdə milli-mənəvi
dəyərlərimizin qorunub saxlanılması və inkişaf
etdirilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı
üçün hər cür şəraitin yaradılması, balanslaşdırılmış
xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi
bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər
olunması ilə bağlı görülən işlər, o sıradan tarixi
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz
boru kəmərlərinin həyata vəsiqə alması,
Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisinə start
verilməsi dövlət başçısının fəaliyyətinin ana xəttini
təşkil etmişdir.
İndi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm
qoymuşdur ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən
öz gücü hesabına gəlmək iqtidarındadır. Təsadüfi deyil
ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan
hazırda onun enerji təhlükəsizliyi sisteminin əsas
təminatçılarından birinə çevrilməkdədir. Bu gün, sözün
əsl mənasında, Azərbaycan dünyaya yenidən təqdim olunur.
Prezident İlham Əliyevin elan etdiyi yeni dövrün
iqtisadi inkişaf strategiyası çevik və işlək mexanizmlər
üzərində həyata keçirilir, proqressiv islahatlara
əsaslanır. Prezident İlham Əliyevin imzaladığı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramları bölgələrin inkişafı,
işsizliyin aradan qaldırılması, ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının tam hərəkətə gətirilməsi üçün böyük və
geniş imkanlar yaratmış, bu sahədə davamlı inkişafı
təmin etmişdir.
Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı
təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış,
təhsil sistemində irimiqyaslı islahatlar dönməz xarakter
almışdır. Dövlətin təhsil sektoruna göstərdiyi qayğının
nəticəsidir ki, son 10 ildə ölkəmizdə 3000-dən çox
məktəb tikilib və təmir olunub. Hazırda təlim-tərbiyə
müəssisələrinin, xüsusilə ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
işlər davam etdirilir. Prezident İlham Əliyevin
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü
il tarixli sərəncamına əsasən, Azərbaycan dilində
əvvəllər kiril qrafikasında çap olunmuş Azərbaycan və
dünya klassiklərinin əsərlərinin qısa müddət ərzində,
həm də poliqrafik cəhətdən müasir tələblərə cavab verən
bir biçimdə latın qrafikalı yeni əlifba ilə nəşr
edilərək ölkə kitabxanalarına, o sıradan məktəb
kitabxanalarına verilməsi, digər bir sərəncamla 25
cildlik Azərbaycan Milli Ensiklopediyasının
hazırlanmasına başlanılması xalqımızın elm və təhsil
tarixində böyük bir hadisədir. Hazırda Azərbaycan MDB
məkanında yeganə ölkədir ki, şagirdlərin dərsliklərlə,
məktəblərin bədii ədəbiyyatla pulsuz təmin edilməsi
məsələsi tamamilə həll edilmişdir.
Ötən illər ərzində təlim-tərbiyə müəssisələrinin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi,
infrastrukturunun yeniləşdirilməsi, istedadlı uşaq və
gənclərin üzə çıxarılması, bütövlükdə təhsil sisteminin
inkişafı və müasirləşdirilməsi sahəsində Heydər Əliyev
Fondunun, onun prezidenti - ölkənin birinci xanımı,
millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər, ölkə
hüdudlarından kənarda - müxtəlif ölkələrdə Azərbaycan
gerçəklikləri ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbir
və Proqramlar hər bir azərbaycanlıda qürur hissi
doğurur.
Biliklər əsri olan XXI əsrdə inteqrasiya və qloballaşma
kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yolu
elm və təhsildən keçir ki, onun da konturları, bu sahə
ilə bağlı strateji hədəflər möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən çox böyük dəqiqliklə müəyyən
edilmişdir: "Biz elə etməliyik ki, Azərbaycanda yetişən
gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin
gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf
etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların
inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad,
elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu
yolla getməliyik və gedirik".
2003-cü ildən bu günə kimi təhsillə bağlı 20-yə yaxın
Dövlət Proqramı təsdiq edilmişdir. Bilavasitə təlimin
keyfiyyətinə, maddi potensialın insan kapitalına
çevrilməsinə yönəlik "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci
illər)", "Təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı (2008-2012-ci illər)", "Xüsusi istedada
malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı", "Məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)", "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı" və s. bu proqramlar
sırasındadır.
Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı
indiki şəraitdə informasiya və kommunikasiya
texnologiyalarının inkişafı ölkənin intellektual və elm
potensialının vacib göstəricilərindən birinə
çevrilmişdir. Məhz bu səbəbdəndir ki, bu gün qloballaşan
dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə,
onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşir,
müasir bilik və bacarıqlara malik yeni nəslin
formalaşmasına birbaşa təsir göstərir.
Hazırda ölkəmizdə təhsil sisteminin
informasiyalaşdırılması ilə bağlı Dövlət Proqramlarının
icrası nəticəsində bu sahənin müasir İKT ilə təmin
olunması, şəbəkə infrastrukturunun inkişafı və sürətli
internetlə təmin edilməsi, vahid təhsil informasiya
məkanının yaradılması, təhsil sisteminin səmərəli idarə
olunmasının təmin edilməsi, Azərbaycan təhsil sisteminin
dünya təhsil məkanına inteqrasiyası, bütövlükdə
informasiya cəmiyyətinin formalaşması istiqamətində
böyük uğurlar əldə edilmişdir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının
Prezidenti seçildikdən sonra İlham Əliyev cənablarının
ilk beynəlxalq xarici səfəri Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakı ilə
bağlı oldu. Sammitdə "Qara qızılı insan qızılına
çevirək" tezisini səsləndirməklə cənab Prezident ölkə
iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının
qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda
informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət
səviyyəsində məqsədyönlü işlərə yeni nəfəs vermiş oldu.
Azərbaycanın süni telekommunikasiya peykinin orbitə
çıxarılması onu göstərir ki, yaxın gələcəkdə
respublikamız İKT sahəsində regionun aparıcı dövlətinə
çevriləcəkdir.
İctimai tərəqqinin təmin olunmasının milli intellektual
potensialdan nə dərəcədə səmərəli istifadə olunması ilə
üzvi surətdə bağlı olduğunu nəzərə alsaq, əsas məqsədi
respublikanın ümumtəhsil məktəblərində mövcud istedad
potensialını vaxtında müəyyənləşdirib onun inkişafını
təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən,
ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin
həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq
və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən
ibarət olan "Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrasının
indiki müstəqillik şəraitində hansı əhəmiyyətə malik
olduğunu sübut etməyə ehtiyac qalmır.
Qeyd edildiyi kimi, istedadlı uşaq və gənclərin aşkara
çıxarılması, onların potensial imkanlarının inkişaf
etdirilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş, bu məsələ hələ ötən əsrin 70-ci illərindən
diqqət mərkəzində olmuşdur. "Təhsil millətin
gələcəyidir", "Gələcək bilikli, elmli insanların
çiyinləri üstündə qurulacaqdır", "Hər bir xalqın
səviyyəsini onun bilik səviyyəsi müəyyən edir" deyən ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
birinci dönəmdə respublikamızdan kənarda - o zamankı
SSRİ-nin qabaqcıl elm, təhsil və mədəniyyət
mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin sayı
42-dən 1982-ci ildə 1247 nəfərə çatdırılmışdır.
Möhtərəm Prezidentimizin şəxsi təşəbbüsü və 16 aprel
2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təhsil sahəsində
ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi
və inkişafı üçün əlverişli şərait yaratmışdır. Proqram
çərçivəsində 3000-dən çox gənc dünyanın aparıcı təhsil
müəssisələrində təhsil almaq imkanı qazanmışdır ki, bu
da ölkəmizin nadir ixtisas sahibi olan kadrlarla
təminatında tarixi bir hadisədir. Hazırda 2015-2020-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə yeni Dövlət Proqramı hazırlanır.
Azərbaycanlı tələbələrin xaricdə - dünyanın nüfuzlu
universitetlərində, tanınmış elm və təhsil ocaqlarında
təhsil almağa göndərilməsi, onların yeni, müasir
texnologiyalara yiyələnməsi "qara qızıl"ın "insan
qızıl"ına çevrilməsi prosesinin əsas tərkib hissəsi kimi
Azərbaycanın sabahına - intellektual kapitalın
yaradılmasına yönəlik sərmayədir, sabahımıza bu gündən
olan təminatdır - İlham Əliyev təminatı. Möhtərəm
Prezidentimizin təhsilin inkişafına göstərdiyi sərhədsiz
və misilsiz xidmətlərin mərkəzində məhz işıqlı sabah,
xoşbəxt gələcək dayanır.
Ali təhsil sahəsində mövcud problemlərin aradan
qaldırılması, bu təhsil pilləsinin inkişafı üçün lazımi
şəraitin yaradılması, ölkənin ali təhsilinin Avropa ali
təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya
prinsiplərinə uyğunlaşdırılması, müasir dövrün
tələblərinə cavab verən ali təhsilli kadrların
hazırlanması, ali təhsilin təlim texnologiyalarının
təkmilləşdirilməsi, ali təhsildə yüksək keyfiyyətin
təmin olunması və onun maddi-texniki bazasının müasir
tələblərə uyğun qurulması, bütövlükdə səmərəli ali
təhsil sisteminin yaradılması baxımından dövlət
başçısının "Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası
ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il
tarixli sərəncamı və "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı" tarixi önəm daşıyır. Bu tarixi
sənədlərlə, sözün əsl mənasında, təhsilin ali pilləsinə
yeni nəfəs verildi, indiki yeni dövrdə rəqabət
qabiliyyətli ali təhsil sisteminin yaradılmasının əsası
qoyuldu.
Fikrimizcə, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil
məzmununun yaradılması, təhsil sahəsində insan
resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə
görə cavabdeh, şəffaf və səmərəli idarəetmə
mexanizmlərinin yaradılması, müasir tələblərə uyğun və
ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun
yaradılması, iqtisadi cəhətdən dayanıqlı və dünyanın
aparıcı təhsil sistemlərinin standartları ilə eyni
səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi
modelinin qurulması kimi strateji istiqamətləri özündə
ehtiva edən və Azərbaycan Respublikası Prezidentinin 24
oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" günümüzün hadisəsi kimi
dəyərləndirilməlidir. Burada başlıca məqsəd ölkədə
səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara
əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və
əhatəliliyinə görə dünya ölkələri arasında qabaqcıl
mövqe tutan təhsil sistemi yaratmaqdır.
Hazırda müəllimlərin davamlı inkişafı, onların
peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən
yeni sistemin yaradılması təhsil islahatlarının ən
zəruri istiqamətlərindən biri kimi daim diqqət
mərkəzindədir.
Gənc nəsli sistemləşdirilmiş milli və ümumbəşəri
dəyərlərlə məqsədyönlü, mütəşəkkil şəkildə
silahlandırmaq yolu ilə nəsillər arasında mənəvi əlaqə
yaradan, iqtisadiyyatın, elmin, mədəniyyət və
incəsənətin sonrakı inkişafına güclü təkan verən xüsusi
təhsil görmüş şəxs kimi müəllimin başlıca vəzifəsi təlim
prosesini idarə etmək, təhsil vermək, tərbiyə etmək,
öyrənənləri inkişaf etdirmək və formalaşdırmaqdan ibarət
olsa da, unutmaq olmaz ki, pedaqoji işin üstün fəaliyyət
növü kimi dəyərləndirilməsi yalnız təlim-tərbiyə ilə
bağlı olan məsələ deyildir. Cəmiyyətin mütəşəkkilliyi,
onun vahid birləşdirici ideologiyasının formalaşması
bilavasitə müəllimlərin pedaqoji fəaliyyətinin
məzmunundan asılıdır. Ona görə də müasir Azərbaycan
müəllimi dərin biliyi, praktik hazırlığı, elmi
yeniliklərə həssaslığı, ünsiyyətqurma qabiliyyəti,
yaradıcılığı, tədqiqatçılığı, nəzəri-metodoloji, mənəvi
keyfiyyətləri, ictimaiyyətdə hörmət və nüfuzu ilə
cəmiyyətin fövqündə dayanmalı, öz yetirmələrini
cəmiyyətin layiqli üzvlərinə, sivil dəyərlərə malik
vətəndaşına çevirməlidir.
İndi biz təhsil işçiləri qarşısında duran başlıca vəzifə
təlim prosesinin səviyyəsini və inkişaf tempini
dövlətin, ölkə Prezidentinin təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü
işlərin səviyyəsinə və inkişaf tempinə
uyğunlaşdırmaqdan, işimizi yeni tələblərə uyğun
qurmaqdan, cənab Prezidentin "Müasir dünyada hər şeyi
bilik, savad, təhsil həll edir" məfkurəli dövlət təhsil
siyasətinin uğurla həyata keçirilməsi üçün milli
intellektual potensialı tam səfərbər etməkdən, bir
sözlə, üzərimizə düşən vəzifələri layiqincə yerinə
yetirməkdən, əməli işimizlə Prezidentimizə dəstək
olmaqdan ibarətdir.
Hüseyn ƏSGƏROV,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
|