İyunun 10-da "SABAH-ın könüllüsü" proqramı çərçivəsində
"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin
dəstəyi ilə Təhsil Nazirliyinin SABAH qruplarında təhsil
alan könüllülərin festivalı keçirilib.
"SABAHFest" adlı tədbir "SABAH-ın könüllüsü"nün
"Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş
etdirmək məqsədilə təşkil olunub.
Tədbirdə Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət
Tarixi-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri çıxış
edib, SABAH qruplarında təhsil alan tələbələrin
"Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata
keçirdiyi fəaliyyət haqqında məlumat verilib.
Musiqili-interaktiv üslubda keçirilən festivalda
tanınmış müğənnilərlə yanaşı, SABAH qruplarında təhsil
alan tələbələrin canlı performansları da izlənilib.
Festivalda tələbələr maraqlı viktorinalarda iştirak
etməklə Avropa Oyunlarının idman yarışlarına bilet əldə
etmək imkanı qazanıblar.
Tədbirdə həmçinin "SABAH-ın könüllüsü"nün Avropa
Oyunlarına dəstək olaraq keçirdiyi "SABAH Live" və
"SABAH Foto" müsabiqələrinin qalibləri də
mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, "SABAH-ın könüllüsü" proqramı
SABAH qrupları tələbələrinin akademik təhsildən
ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların
sosial aktivliyini artırmaq və alınmış biliklərin
praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik
bacarıqlarının və liderlik potensialının inkişaf
etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları
ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir
tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali
təhsil sistemində yeni mühitin yaradılması məqsədilə
Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil
müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı
tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali
təhsil müəssisəsində (Bakı Dövlət Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan
Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə
edir. |