İyunun
9-da Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində
otelçilik üzrə kursları başa vuran 205 nəfərə
sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, "Abşeron Hotel
Group" MMC-nin rəhbəri Mark Harald Ehler, həmçinin
təhsil müəssisələrinin rəhbərləri və xidmət sahəsində
fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov peşə
təhsilinin inkişafının prioritet sahələrdən biri
olduğunu bildirib. Təhsilin inkişafı üzrə Dövlət
Strategiyasında peşə təhsilinin yüksəlişi və bu sahəyə
sahibkarların, işəgötürənlərin cəlb olunmasının nəzərdə
tutulduğunu deyən Mikayıl Cabbarov bununla bağlı Təhsil
Nazirliyi tərəfindən ardıcıl iş aparıldığını qeyd edib.
Nazir yaxın günlərdə ölkəmizdə "Bakı-2015" I Avropa
Oyunlarının start götürəcəyini xatırladıb. Bu isə
ölkəmizə idmançılarla yanaşı minlərlə qonağın gəlməsinə,
eyni zamanda Azərbaycanın turizm zonası kimi nüfuzunun
daha da artmasına səbəb olacaq. Nəticədə xidmət
sektorunda beynəlxalq standartlara cavab verən kadrların
hazırlanmasına, mövcud heyətin peşəkarlıq səviyyəsinin
artırılmasına ehtiyac yaranıb.
"Abşeron
Hotel Group" MMC-nin rəhbəri Mark Harald Ehler bildirib
ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılaşmaya
əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər
tərəfindən 430 nəfər şagirdə beynəlxalq standartlara
uyğun təlimlər keçirilməsi nəzərdə tutulub. İlkin
mərhələdə 220 nəfər təlimlərdə iştirak edib.
Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə
keçirilən bu təlimlərin məqsədi I Avropa Oyunlarının
keçirilməsi ərəfəsində Bakıda istifadəyə verilmiş yeni
beş ulduzlu "Bulvar Hotel" və "İnturist Hotel"
mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Təlim
keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə
verilmiş mehmanxanalarda, həm də "Absheron Hotel Group"
MMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində
işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Çıxışlardan sonra kursu bitirənlərə sertifikatlar təqdim
olunub.
www.edu.gov.az |