Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

I Avropa Oyunlarına start verildi

 

Böyütmək üçün seçinBakı Olimpiya Stadionunda möhtəşəm açılış mərasimi keçirildi 

İyunun 12-də Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi olub. Mərasimi stadionda əyləşmiş 68 min yerli və xarici vətəndaş izləyib.

Açılış mərasimini izləyənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri də olub. Mərasimdə Azərbaycan Dövlət Simfonik Orkestri Dövlət himnini səsləndirib, Azərbaycan Respublikasının Dövlət bayrağı gətirilib.

Avropa Oyunlarının məşəlini stadiona iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun "5-ci Simfoniya"sının sədaları altında gətirib.

Daha sonra idmançıların paradı olub. Bu mərasim gurultulu təbil sədaları ilə müşayiət olunub. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları səhnəyə daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Sonda ev sahibi Azərbaycan idmançıları meydana daxil olublar.

Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında "Qarabağ şikəstəsi" muğamı ilə müşayiət olunub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamlayıblar.

Daha sonra stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilib. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kriztina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətiriblər.

Söz Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya verilib. Birinci xanım xalqımızı bu mühüm hadisə münasibətilə təbrik edib, ölkəmizin həyatında mühüm rol oynayacaq bu möhtəşəm tədbirin təşkilində əməyi olan bütün insanlara təşəkkürlərini bildirib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də çıxış edərək, bu günün tarixi hadisə olduğunu söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Avropa Oyunlarını açıq elan edib.

Mərasim atəşfəşanlıqla başa çatıb. 

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov