Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakıdakı
240 nömrəli körpələr
evi-uşaq
bağçasından reportaj
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
"Əgər
siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt
müdrik insan yetişdirə bilməzsiniz". Jan Jak Russonun bu
fikrini çox bəyənirəm.
Uşaqlar Tanrının bizlərə bəxş etdiyi ən gözəl
hədiyyədir. Yəqin ki, onlar olmasa, dünya gözəl
rənglərindən məhrum olar. Uşaqları qorumaq, onların
hüquqlarını müdafiə etmək hər birimizin borcudur.
İyun ayının ilk günü tarixə Uşaqların Beynəlxalq
Müdafiəsi Günü (International Children's Day) kimi düşüb.
Bu günün önəmini nəzərə alaraq uşaqlarla müxtəlif
mövzular ətrafında söhbət aparmaq üçün Xətai rayonunda
yerləşən 240 nömrəli körpələr evi-uşaq bağçasına
yollanırıq. Tərbiyəçilərlə birlikdə məktəbəhazırlıq
qrupuna daxil oluruq. Uşaqlar hamısı sırayla
oturacaqlarından ayağa qalxır. Salamlaşıb, hal-əhval
tuturam. Özümü təqdim edirəm. Deyirəm ki, uşaqlar, bu
gün mən sizinlə bir oyun oynamaq istəyirəm. Sual-cavab
oyunu. Onları ətrafıma yığıram və söhbətə başlayırıq.
Birinci oturan, çox gözəl gözləri olan qızdan adını
soruşuram:
- Afina Ağayeva.
- Necə gözəl adın var, Afina. Mənə bir az özün barədə
danışa bilərsən?
- Adımı anam qoyub. 6 yaşım var. 4 ildir bura gəlirəm.
- Nə öyrənmisən burada?
- Hərfləri, rəqəmləri öyrənmişəm. 40-a qədər saya
bilirəm.
- 1 İyun nə günüdür?
- Uşaqları müdafiə günü. Bütün dünya qeyd edir. Biz də
keçirdik. Oxuduq, oynadıq, şeir dedik.
- Bəs bilirsən bu gün niyə keçirilir?
Əvvəl bir az həyəcanlanır, dərindən nəfəs alır və
sualımı cavablandırır:
- Uşaqlar tərbiyəli olsun, təzə şeyləri öyrənə bilsinlər
deyə. Uşaqlar məktəbə getməli, yazmalı, oxumalıdır.
Uşaqların müdafiə gününü ona görə keçirirlər ki, onların
hamısı yaxşı olsun.
- Çox gözəl, qızım, bayaq tərbiyəçin dedi ki, liseyə
qəbul olmusan. Nə soruşdular orada səndən?
- Toplamaq, çıxmaq soruşdular. Mən də hamısına cavab
verdim.
- Bəs məktəbə gedəndə nə öyrənəcəksən, bilirsən?
- Ana dilini öyrənəcəyəm. Onu yaxşı bilsəm çoxlu
nağıllar oxuyacağam.
- Sən böyüyəndə nə olmaq istəyirsən?
- Həkim, cərrah olmaq istəyirəm.
- Niyə həkim, bilirsən həkimlər nə edir?
- Xəstələrə baxırlar, insanları müalicə edirlər.
Cərrahlar insanları əməliyyat edib həyatlarını
qurtarırlar. Cərrah olmaq üçün instituta getmək
lazımdır, orda da həkim olmağı öyrənmək lazımdır.
Afinaya təşəkkür edirəm, onun yanında şipşirin bir qız
oturub. Ona yaxınlaşıram:
- Adın nədir?
- Leyli Məmmədova. 6 yaşım var. 3 ildir bu
bağçaya gəlirəm.
Afinaya ünvanladığım sualları Leyliyə də verirəm.
Maraqlı cavabları olur:
- Mən də rəqəmləri və hərfləri bilirəm (başlayır sait
səsləri deməyə). Bağça müəllimi olmaq istəyirəm.
Uşaqlara hərfləri, rəqəmləri öyrədəcəyəm. Uşaqlara
deyəcəyəm ki, sakit durun. Uşaqlar yıxılsa, ona kömək
edəcəm, əlindən tutacağam. Mən yıxılanda müəllimlər də
mənə kömək edir. Yara olanda sarıyırlar.
1 iyun Uşaqların müdafiə günü idi. Dünən biz şeir dedik,
rəqs etdik.
- Leyli, sən evdə ata-anandan hüquqlarını tələb edirsən?
- Bəli edirəm, dəftər, kitab, qələm, qələm qabı, çanta,
karandaş istəyirəm onlardan. Hamısını alırlar mənim
üçün, bağçaya göndərirlər.
İlk iki müsahibimdən sonra üçüncü müsahibim Xədicə gəlib
qucağımda oturur.
Xədicə Məmmədli,
6 yaşı var. Həkim olmaq istəyir. Gerisini də o danışsın:
- Yazmağı bilirəm, hərfləri tanıyıram, 29-a qədər saya
bilirəm (və 29-a qədər sayır). Mən də liseyə qəbul
olmuşam. Orda mənə şəkillər göstərdilər, rəngləri
soruşdular. Mən də adlarını dedim.
Göz həkimi olmaq istəyirəm. Gözləri müayinə edəcəyəm.
Gözlər qızaranda dərman tökəcəyəm. Mən bağçada da
dostlarımla həkim oyunu oynayıram.
Dünən uşaqların müdafiə günü idi. Pis adamlar uşaqlara
əl vurmasınlar deyə keçiririk bu günü.
Bu şirin qızı öpürəm, sarışın bir qız var sırada. Onu
çağırıram, qucağıma gəlir.
Aysu İmamverdiyeva,
6 yaşı var, o da liseyə qəbul olub. Amma Aysunun seçdiyi
peşə bir az fərqlidir:
- Polis olmaq istəyirəm. Polislərdən xoşum gəlir. Pis
adamları tuturlar. İlk dəfə Multifilmdə görmüşəm
polisləri. Biz də uşaqların müdafiə gününü keçirdik,
oynadıq. Polis olanda uşaqları incidənləri də tutacağam.
İndi də keçirəm sıranın ilk oğlanına, Zamiq Qurbanlı,
6 yaşı var, o da liseyə qəbul olub:
- Böyüyəndə təyyarəçi olmaq istəyirəm. Təyyarəçilər həm
təyyarəni sürür, həm də uçurlar. Onlar insanları harasa
aparır. Nənəm mənə nağıl danışanda orada həmişə təyyarə
olur, ona görə də mən təyyarəçi olmaq istəyirəm.
Bayaqdan mənə göz vuran balaca dəcəl oğlana
yaxınlaşıram, gedib qarşısında otururam. Şəmistan
Paşayev, 5 yaşı var.
- Bağçada hərfləri, rəqəmləri öyrənmişəm. Müəllimlər
bizə gözəl şeirlər, nağıllar öyrədirlər. Qəşəng oyunlar
oynayırıq.
Mən polis olmaq istəyirəm. Çünki onlar oğruları
tuturlar. Uşaqlar itəndə onları tapıb evlərinə gətirir,
onları müdafiə edirlər.
Şəmistanın yanında sakitcə oturan, qulaq asan oğlandan
adını soruşuram:
- Fərhad Yarməmmədov, 6 yaşım var. Mən böyüyəndə
əsgər olacağam. Əsgərlər vətənimizi qoruyur, düşmənləri
öldürürlər.
Bu arada müəllimlərlə birlikdə uşaqları sual-cavab
edirik. Bəlli olur ki, uşaqlar həm rus, həm də ingilis
dilində şeirlər bilirlər. Bizə də deyirlər.
Bu vaxt otağa eyni geyimdə olan uşaqlar gəlir. Soruşuram
ki, onlar hansı qrupun uşaqlarıdır. Deyirlər ki, böyük
qrupun, 5 yaşları var.
Onları da "oyun"umuza daxil edirik.
Deyirəm hansınız yaxşı danışa bilirsiniz? Bir qız
qaça-qaça gəlir ki, mən danışa bilirəm. Mehri
Orucova, 5 yaşı var. O da həkim olmaq istəyir,
fikrini də belə əsaslandırır:
- Həkimlər uşaqlar xəstələnəndə iynə vurur, onlar da
sağalır. Uşaqları müayinə etmək istəyirəm. Mənim anam da
uşaq həkimidir.
- Mən xəstələnmişəm, sən məni necə müalicə edəcəksən?
- Əvvəl qəlb aparatımla (fonendoskopu nəzərdə tutur)
yoxlayacağam ki, necə nəfəs alırsan. Sonra da vəziyyətə
baxacağam da.
Bu arada tərbiyəçi fonendoskopu gətirir.
Mehri uşaqları və hətta məni də müayinə edir. Necə nəfəs
alıb-vermək lazımdır onu göstərir. Məni müayinə edəndən
sonra deyirlər ki, gəl oyun oynayaq. Mən də onların
oyununa qoşuluram və fürsətdən istifadə edib Mehridən 1
iyun barədə soruşuram:
- Uşaqların bayram günü idi. Biz də burada oynadıq,
şəkil çəkdirdik, çoxlu şeirlər dedik, əyləndik, kloun
gətirdilər. Mən istəyirəm ki, bütün uşaqlar bağçaya
gəlsin. Kimsə gəlməyəndə mən pis oluram.
Bu balaca qızı da öpürəm və görürəm ki, tərbiyəçi
uşaqları ətrafına yığıb, stolun üzərinə şəkillər düzüb
sual verir:
- Uşaqlar, ən xeyirli ev heyvanı hansıdır?
- İnək
- Niyə inək?
- Çünki o bizə süd verir.
Uşaqların "xor"u arasında diqqətim digər tərəfə yönəlir.
Görürəm ki, Leyli ağlayır. Niyə ağladığını soruşuram:
- Mən günorta yatmaq istəmirəm , - deyir.
Hələ bir balaca oğlan da qaça-qaça, gözündə yaşla gəlir
ki, hansısa uşaq onun maşınını alıb. Mənə şikayətlənən
bu iki balacaya baxanda üzümdə təbəssüm yaranır. Axı nə
vaxtsa mən də uşaq olmuşam.
Foto Rəşad RAMAZANOĞLU |