İyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
tanınmış pedaqoq-alim, ADPU-nun ümumi pedaqogika
kafedrasının professoru, pedaqogika üzrə elmlər doktoru,
əməkdar müəllim Əmrulla Xanməd oğlu Paşayevin xatirəsinə
həsr olunmuş "Professor Əmrulla Paşayev" adlı kitabın
təqdimat mərasimi keçirilib. Kitabın tərtibçisi, ön
sözün müəllifi və redaktoru ADPU-nun pedaqoji
fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru,
professor, əməkdar elm xadimi Fərrux Rüstəmovdur.
Kitabda professor Əmrulla Paşayevin həmkarlarının,
dostlarının, ailə üzvlərinin, qohumlarının onunla bağlı
fikirləri yer alıb. Təqdimat mərasimində ilk olaraq
professor Əmrulla Paşayevin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Təqdimat mərasimini professor Fərrux Rüstəmov giriş sözü
ilə açaraq professor Əmrulla Paşayevin həyat yolu və
elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.
Təqdimat mərasimində çıxış edən ADPU-nun Tədris işləri
üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işlər
üzrə prorektor, professor Vilayət Əliyev, Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev, professor
Vidadi Xəlilov, Bakı Sənaye-Pedaqoji Kollecinin
direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov,
professor Hacı Mircəfər Həsənov və başqaları professor
Ə.Paşayevlə bağlı xatirələrini bölüşmüşlər.
Təqdimat mərasimində professor Ə.Paşayevin qardaşı
Nüsrət Paşayev və həyat yoldaşı Zahidə Paşayeva çıxış
edərək kitabın ərsəyə gəlməsinə, həmçinin tədbirin
keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, eləcə də bu
işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını
bildiriblər.
ADPU-nun Mətbuat və informasiya şöbəsi |