Bakıdakı "Evrika" liseyinin təşəbbüsü ilə "Natəvan"
qalereyasında VII sinif şagirdi Ləman Əfəndiyevanın ilk
fərdi sərgisi keçirilib. Paytaxt məktəblisinin "Lyamans
World" adı altında təşkil olunan sərgisində 100-dən
artıq rəsm əsəri nümayiş olunub. İstedadlı yeniyetmə
rəssamın müraciət etdiyi mövzular rəngarəngliyinə görə
hamını heyran edib. Rəsmlər kətan üzərində yağlı, kağız
üzərində isə sulu boya ilə işlənib.
Qeyd edək ki, Ləman Əfəndiyeva həm də dərs əlaçısıdır.
Məktəbin ictimai işlərində daim fəal iştirak edir.
İstedadı və bacarığı ilə seçilən Ləman 2012-ci ildə
Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə
təşkil etdiyi "Bayrağımız qürur mənbəyimizdir" adlı rəsm
müsabiqəsinin, 2013-cü ildə isə Təhsil Nazirliyinin
keçirdiyi "Sağlam yaşayaq, sağlam olaq" adlı
olimpiadasının diplomantı olub. O, həmçinin 2014-cü ildə
"Evrika" liseyində keçirilmiş "Bayraq mənliyimdir" rəsm
müsabiqəsinin qalibi olub.
Bu il Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil
etdikləri "Sağlam, narkotiksiz həyat seç!" mövzusuna
həsr olunan rəsm müsabiqəsində Ləman Əfəndiyeva yaxşı
ideya müəllifi kimi fəxri fərman və qiymətli hədiyyə
ilə mükafatlandırılıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |