Azərbaycan
Müəllimlər İnstitutunun Salyan filialında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasına həsr olunmuş
konfrans keçirildi.
Konfransda Salyan rayonu
məktəblərinin direktorları, qabaqcıl müəllimlər, fənlər
üzrə dayaq məntəqə rəhbərləri, metodistlər iştirak
edirdi.
Tədbiri AMİ-nin Salyan filialının direktoru Şəhla
Cəlilzadə açaraq qeyd etdi ki, Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" təsdiq edilmişdir. Əminliklə
bildirildi ki, Dövlət Strategiyası Azərbaycan təhsilini
yeni inkişaf mərhələsinə yüksəldəcəkdir. Strategiya
təhsil sahəsində olan müasir çağırışlara uyğundur.
Dövlət Strategiyası Azərbaycan Respublikasında keyfiyyət
nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında
aparıcı mövqe tutan səriştəli müəllim və təhsil
menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılmasını
nəzərdə tutur. Sonra riyaziyyat, təbiət, texniki fənlər
və tədrisi metodikası kafedrasının müdiri, dosent Rəsul
Rəhimov "Təhsil Strategiyası və qarşıda duran
vəzifələr", filialın Əlavə təhsil üzrə direktor müavini
Sahib Həsənov "Təhsil Strategiyası Azərbaycan təhsilinin
inkişafında yeni mərhələdir" mövzularında məruzələr
etdilər.
Məruzələr dinlənildikdən sonra çıxışlar oldu. Salyan
Rayon Təhsil Şöbəsinin müdiri Əbülfət Bədəlov, şəhər 7
nömrəli məktəb-liseyin riyaziyyat müəllimi, əməkdar
müəllim Allahverdi Piriyev, rayon təhsil şöbəsinin
metodkabinet müdiri Nizami Zərbəliyev və başqaları çıxış
edərək təhsilin inkişafı üzrə Dövlət Strategiyasının
əhəmiyyətini qeyd etdilər. Dövlət Strategiyasının
ölkəmizdə uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə
qalxacağına inam ifadə edildi.
Sahib HƏSƏNOV,
AMİ-nin Salyan filialının Əlavə təhsil üzrə direktor
müavini |