Azərbaycanın xalq şairi, tanınmış
dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və
Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
professor Bəxtiyar Vahabzadənin anadan olmasının 90
illiyi bu ilin avqustunda tamam olur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu il
yanvarın 14-də ünlü şairimizin 90 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda
Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik
görkəmli simalarından biri kimi dəyərləndirilən
Bəxtiyar Vahabzadənin insanı daim mənəvi ucalığa
səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığının milli
poeziyamızda vətəndaşlıq ruhunun qüvvətlənməsində, ədəbi
ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində
böyük rol oynadığı qeyd olunub və müvafiq qurumlara
şairin yubileyinə həsr olunmuş tədbirlər planı
hazırlayıb həyata keçirmək tapşırılıb. Milli ədəbi
fikrimizin inkişafına dəyərli töhfələr bəxş etmiş xalq
şairinin yubileyi ilə əlaqədar qəzetimizdə də vaxtaşırı
yazılar dərc olunur. Qəzetimizin builki 14 mart tarixli
10-cu sayında tanınmış jurnalist və tədqiqatçı Şirməmməd
Hüseynovun Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini
oxucularımızın diqqətinə çatdırmışıq. Bu sayımızda isə
pedaqoq-alimlər Şəmistan Mikayılov və Asya Bəkirovanın
Bəxtiyar Vahabzadənin yaradıcılığından bəhs edən
yazısını təqdim edirik.
Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.
Səməd Vurğun
Bəxtiyar Vahabzadə elə şəxsiyyətlərdən idi ki,
yoxluğuna inanmaq olmur. Yaşasaydı 90 illik yubileyini
özü ilə birlikdə qeyd edəcəkdik. Lakin indi əziz
xatirəsini anmalı oluruq. Yaradan - Allah Azərbaycan
xalqına, bəlkə də bütövlükdə türk dünyasına yeni bir
istedad bəxş etdi, 84 il yaşatdı, sonra haqqın
dərgahına qovuşdurdu, indi isə ikinci dünyasını yaşayır.
Lakin unudulmaz şairimiz - Bəxtiyar Vahabzadə doğma
Vətəninə, xalqına, dilinə olan münasibəti ilə, əməlləri
ilə insanların qəlbində yaşayır və yaşayacaqdır.
Qədirbilən xalqımız onun xatirəsini əziz tutur və
əməyini yüksək qiymətləndirir. Hörmətli Prezidentimiz
İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik
yubileyinin keçirilməsi haqqında bu ilin yanvarında
imzaladığı sərəncam da Bəxtiyar Vahabzadəyə
dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin
ifadəsidir.
Biz Bəxtiyar Vahabzadə ilə həməsr olmuşuq, onun ədəbi,
elmi, ictimai fəaliyyəti ilə yaxşı tanışıq, müxtəlif
məzmunlu elmi yığıncaqlarda fikir mübadiləsi aparmışıq.
Bəxtiyar Vahabzadənin fəaliyyəti çoxcəhətli idi. Lakin
o, hər şeydən əvvəl, böyük istedada malik şair idi. O
eyni zamanda bir alim, filologiya elmləri doktoru,
professor kimi də yaxşı tanınırdı. B.Vahabzadənin,
bir-birindən fərqli olan bu sahələrin hər birində
tutduğu mövqe, əldə etdiyi uğur haqqında ətraflı fikir
söyləmək üçün geniş tədqiqat aparmaq tələb olunur.
Bunlarla yanaşı, Bəxtiyar Vahabzadə Azərbaycan xalqının
milli qeyrətini çəkən təəssübkeş ictimai xadim kimi
hörmət qazanmışdı. Bəxtiyar Vahabzadə ictimai
hadisələri, elmi-texniki yenilikləri böyük həssaslıqla
duyan və əsərlərində poetik dillə ifadə edən şair idi.
Onun lirik şeirləri, irihəcmli əsərləri oxucular
tərəfindən maraqla qarşılanırdı. Məsələn, şair ötən
əsrin 60-cı illərində Y.Qaqarinin kosmosa iki saatlıq
uçuşunu "İki saat" adlı şeirində gözəl bir şəkildə
tərənnüm etmişdir. O, bu uçuşu bəşəriyyətin milyon illər
arzusunda olduğu hadisə kimi dəyərləndirir.
Yaxud, yenə də keçən əsrin ikinci yarısında ilk dəfə
Amerikada ürəyin köçürülməsi tibb elmi sahəsində diqqəti
çəkən yenilik sayılırdı. Hamını heyrətdə qoyan bu elmi
yenilik Bəxtiyar Vahabzadənin də təəccüblə qarşıladığı
hadisə idi. Şair bu elmi tərəqqini "Baş" adlı şeirində
poetik bir dillə belə ifadə etmişdir:
Qəribə aləmdir, zəmanəmizdə,
İdrak təbiətlə yarışa girmiş...
Böyrək də, ürək də, qulaq da, göz də
Bədəndən bədənə köçürülərmiş...
Qüdrətli şair bəşər tarixində yeni, həm də insanı
heyrətə gətirən bu elmi nailiyyəti kiçikhəcmli şeirində
həssaslıqla ifadə edir. "Baş" şeiri çox qısa olmasına
baxmayaraq, insanı düşündürən dərin fəlsəfi mənaya
malikdir. Şeirdə oxucu cavabı hələlik məlum olmayan
sual qarşısında qalır:
"...Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?"
Bəxtiyar Vahabzadə "İdrak təbiətlə yarışa girmiş"
misrası ilə poetik şəkildə insan zəkasının çox şeyə
qadir olduğunu bildirir. Şair demək istəyir ki,
elmi-texniki inkişafla idrakın imkanları uyğun gəldikdə
yeniliklər meydana çıxır.
Şair Bəxtiyar Vahabzadə çağdaş ədəbiyyatımızda ən çox
oxunan, sevilən, həm də təkcə Azərbaycanda deyil,
bütövlükdə türk dünyasında tanınan sənətkardır. Bunu
müxtəlif zamanlarda ayrı-ayrı türkdilli ölkələrdə elmi
ezamiyyətdə olduğum müddətdə, eləcə də həmin ölkələrdən
gələn ziyalılarla söhbətlərdə hiss etmişik. Onu
oxucularına sevdirən əsərlərində poetik ifadəsini
tapan, həyata, vətəninə, xalqına, dilinə olan münasibət
və əsərlərindəki fəlsəfi tutumdur. Ümumiyyətlə
götürdükdə, şairin bədii yaradıcılığı elmi məlumat
baxımından fərqlənir, nədən yazırsa yazsın, oxucu orada
kiçik də olsa, elmi-texniki yenilik, xalqın tarixi,
adət-ənənəsi və s. haqqında məlumat alır. Fikrimizcə, bu
cəhət Bəxtiyar Vahabzadənin, eyni zamanda elmi
yaradıcılıqla da məşğul olmasından irəli gəlirdi.
Bəxtiyar Vahabzadə milli şairdir. Vətənimiz, xalqımız,
dilimiz, musiqimiz, ədəbiyyatımız və s. onun üçün ən
ülvi anlayışlardır. Şairin fikrincə, vətənimizlə,
xalqımızla bağlı hər nə varsa, qoruyub saxlamalı və
gələcək nəsillərə ötürməliyik. Fikrimizi sübut üçün "Ana
dili" şeirindən bir parçaya nəzər salaq:
Bu dil - bizim ruhumuz, eşqimiz,
canımızdır,
Bu dil - bir-birimizə
əhd-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər
şeyi,
Bu dil - əcdadımızın bizə miras
verdiyi
Qiymətli xəzinədir, onu gözlərimiztək
Qoruyub nəsillərə biz də hədiyyə
verək.
Bütövlükdə Bəxtiyar Vahabzadə yaradıcılığında
milli-mənəvi dəyərlərə münasibət, onun qədir-qiymətinin
bilinməsi, qorunub saxlanılaraq gələcək nəsillərə
ötürülməsinə qayğı göstərmək mühüm yer tutur. Bu
baxımdan yanaşdıqda, şairin "Muğam" poemasını xüsusi
qeyd etmək lazım gəlir.
Bu poemada müəllifin "Muğam" növlərini səciyyələndirməsi
bizə Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində öz
dövründə sevilə-sevilə dinlənilən musiqi havalarının
("Gənci-badavərd", "Gənci-gav", "Şəbdiz", "Baği-Şirin",
"Kini-Səyavuş", "Kini-İrəc" və s.) hər birinin məzmunu
haqqında məlumat verdiyi kimi, Bəxtiyar Vahabzadə də
Muğamın hər növünün məzmunu - ahəngi haqqında poetik
açıqlama verir ki, (bənzətmə bizimdir) bu açıqlama ifaçı
üçün də, dinləyici üçün də olduqca faydalıdır. "Muğam"
poemasından bir parçanı nəzərdən keçirək:
Dağlarda göynəyən Məcnundur Segah,
Rast - onun atası... Nəsihət eylər.
Məcnun səhralara gətirər pənah,
Ata bu sevdanı məzəmmət eylər.
Rast - müdrik bir ağıl, dərin düşüncə,
Danışır təmkinlə, aramla tək-tək,
Segah - bir istəyin, eşqin dalınca
Mələyə-mələyə qaçan bir ürkək...
Oxucu anlayır ki, hər bir muğamın ahəngində müəyyən bir
əhval ifadə olunur: - "Segah"da daxili həyəcan,
"Çahargah"da mübarizəyə çağırış, "Rast"da müdriklik,
təmkinlilik, səbirlilik.
Şair muğamın insan qəlbinə təsirini çox güclü bir
bənzətmə ilə ifadə edərək oxucunu heyrətə gətirir:
"...Nə güman eyləmisən ondakı
tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı yandırdı"
muğam."
Bəxtiyar Vahabzadəni bir şair olaraq daha çox düşündürən
məsələ Azərbaycan, onun ikiyə bölünməsi, bu tarixi
ədalətsizliyin nə zaman aradan qaldırılaraq bütöv
Azərbaycan görmək arzusu olmuşdur. Şair bu ədalətsizliyə
- bir xalqın ikiyə bölünməsinə münasibətini hələ
kommunist ideologiyasının tüğyan etdiyi bir dövrdə -
1959-cu ildə "Gülüstan" poemasını yazmaqla bildirmişdir.
Əslində şair "Gülüstan" poemasında rus imperiyasından
narazılığını ifadə edir. Bəxtiyar Vahabzadə bu poemeda
senzuradan yayınmaq üçün M.F.Axundzadənin dediyi bir
üslubdan - tənqid hədəfi kimi götürdüyü hadisənin
zamanını dəyişmək, yüz il dala ataraq sözünü demək
üslubundan istifadə etmişdir. Başqa sözlə, şairin əsas
ideyası sovet imperiyasından narazılığını bildirmək və
ondan azad olmaq arzusunu ifadə etmək idi.
Bəxtiyar Vahabzadə 40 ildən sonra "Gülüstan" poemasının
ikinci hissəsini yazır (1999), şair bu hissəni
"İstiqlal" adlandırır. Həmin hissənin belə
adlandırılması təsadüfi olmayıb. Azərbaycanın bir
hissəsinin - Şimali Azərbaycanın Sovet imperiyasının
tərkibindən azad olub, müstəqillik qazanmasının
ifadəsidir. Vətənpərvər şair Azərbaycanın müstəqillik
əldə etməsindən yaranan sevincini oxucuya belə bildirir:
Ölmədi, o günü gördü Bəxtiyar
Dedi: - Haqq önündə zor bərbad olsun.
Dedi: - Mən o günü gördüm, Şəhriyar,
Qabaqda işıq var, ruhun şad olsun.
Şair qabaqda işıq var deməklə Azərbaycanın bütövlüyünü
görmək arzusunu ifadə etmişdir. Poemanın son
misralarında oxuyuruq:
Salaq yadımıza bu gün, cahanın
Rəngləri dəyişən beş qitəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-quzeyli xəritəsini.
Gətirilən nümunələrin təhlilindən aydın olur ki,
Bəxtiyar Vahabzadənin yaradıcılığı Azərbaycan xalqının
tarixi, mədəniyyəti, real həyatı ilə sıx bağlı olmuşdur.
Xalqımızın yaxın keçmişinə nəzər saldıqda, bu cəhəti
daha aydın görmək olur. Şairin belə əsərlərindən biri
"Şəhidlər" poemasıdır. Bu poemanı müəllif keçən əsrin
sonlarında Azərbaycan xalqının azadlığı uğrunda
mübarizədə canlarını vətən yolunda qurban verərək
şəhidlik zirvəsinə yüksəlmiş insanların faciəli, faciəli
olduğu qədər də şərəfli ölümlərinə həsr etmişdir.
Şair bu əsərində 1990-cı il yanvarın 19-20-də imperiya
ordusunun Azərbaycana ağır texnika ilə ordu yeritməsini,
silahsız, dinc insanlara qarşı silah işlətməsini, xalqın
azadlığı uğrunda mübarizə əzəmətini qırmaq təşəbbüsünü
ittiham edir. Bu poemanı biz 90-cı il hadisələrinin real
təsvirini verən bir əsər kimi qiymətləndiririk. Bəxtiyar
Vahabzadə bu mübarizənin ön sıralarında gedən
vətənpərvər şəxslərdən biri kimi diqqəti çəkirdi.
Poemada "Nə istəyir bu millət", "Təzadlar içində" ...kimi
başlıqlar altında mübarizənin mahiyyəti; sovet ictimai
quruluşunun təzadlı mahiyyəti, xalqın həyat tərzinə dözə
bilməməsi, azad yaşamaq arzusu poetik dillə real ifadə
olunur.
Poemada şəhid məzarları dilə gətirilir: "Axı, biz
neyləmişdik?" kimi ritorik suallar qoyulur, Azərbaycanda
törədilən faciə üçün heç bir əsas olmadığı, səbəbsiz
olaraq xalqa edilən qəsd adlandırılır.
Əsərdə aydın bir fikir də ifadə olunur: Azərbaycana
edilən bu qəsd ağır faciədir, lakin nə qədər ağır olsa
da, Azərbaycan xalqının əzmini qıra bilmədi,
müstəqilliyin əsasını qoydu. Poemada oxuyuruq:
Gəlin ölçə bilək xeyri, ziyanı,
Bəzən əvəzidir on qış, bir yazın,
Bizim şəhidlərin müqəddəs qanı,
Bəlkə də behidir sabahımızın.
Azərbaycan xalqı, eləcə də bir sıra başqa xalqlar
Bəxtiyar Vahabzadənin timsalında iki Bəxtiyar tanıyır:
şair Bəxtiyar və alim Bəxtiyar. O, istedadlı şair
olmaqla yanaşı, eyni zamanda tanınmış filoloq alim -
filologiya elmlər doktoru, professor idi. Uzun müddət
Bakı Dövlət Universitetində çalışaraq filoloq
kadrlarının hazırlanması sahəsində böyük əmək sərf
etmişdir.
Bəxtiyar Vahabzadənin şəxsində bədii təfəkkürlə elmi
təfəkkür vəhdətdə idi. Bəxtiyar Vahabzadə
yaradıcılığında şairlik istedadı ilə elmi təhlil süzgəci
qoşa qanad təşkil edir. Bunun nəticəsidir ki, onun
ictimai-siyasi mövzuda yazılmış, vətənin gözəlliklərini
vəsf edən sayagəlməz sənət nümunələrini əhatə edən
bədii yaradıcılığı ilə yanaşı, tədqiqat işlərinin
nəticəsi kimi meydana çıxan filoloji yaradıcılığı da
diqqəti cəlb edir. Bəxtiyar Vahabzadə Azərbaycanın iki
böyük söz sənətkarının - Məhəmməd Füzuli və Səməd
Vurğunun yaradıcılıq yolunu tədqiq edib "Şəbi-hicran"
poemasını (1958), "Səməd Vurğun" monoqrafiyasını (1968)
yazmışdır.
Əlbəttə, bir məqalədə şairin bütün yaradıcılığını əhatə
etmək mümkün deyil. Lakin verdiyimiz bu qısa təhlildən
də aydın olur ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı
vətənlə, xalqımızın həyat tərzi, mədəniyyəti, tarixi ilə
sıx bağlı olmuşdur. Vətənə, Azərbaycan dilinə, onun
saflığının qorunmasına, mədəniyyətinə, dövlətçiliyinə
sevgi onun yaradıcılığının ruhunu təşkil edir.
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə indi ikinci
dünyasında - haqq dünyasındadır. Lakin onun xatirəsi
qədirbilən xalqımızın qəlbində həmişə yaşayır və
yaşayacaqdır.
Şəmistan MİKAYILOV,
pedaqogika elmləri doktoru, professor,
Asya BƏKİROVA,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
|