Bu dəfə "Ömrün gizli səhifələri"ndə
vəfatından əsrdən də çox zaman keçən dahi bir insandan-
görkəmli şair, əsərləri hər dövr üçün müasir olan
tanınmış satira ustadı Mirzə Ələkbər Sabirdən bəhs
olunacaq. Nəvəsi Sevda Tahirli ilə görüşmək üçün vaxtı
dəqiqləşdiririk, Mirzə Ələkbər Sabir Fondunda görüşürük.
Qismətmi, təsadüfmü bilmirəm, amma görüşümüz Sabirin
doğum günü ərəfəsinə düşür. Otağa daxil olanda qarşımda
Sabirin portreti canlandı. Ürəyimdə ustadı salamlayıram
və nəvəsi ilə söhbətə başlayıram.
-
Sevda xanım, yəqin ki, babanız haqqında daha çox
atanızdan eşitmisiniz. Dinlədiyiniz qədəri ilə
xatirinizdə necə qalıb?
- Sizə atamın babamla bağlı maraqlı xatirələrindən
danışa bilərəm. Əslində atam da atasını, sonra isə
anasını çox erkən yaşda itirib. Çox maraqlıdır ki, atam
xatirələrini bölüşəndə onun içini titrədən ifadələrlə
danışırdı. Atama həm atalığı, həm analığı onun ortancıl
bacısı Məşədi Səriyyə Soltan edib. Sabir övladlarını
valideyn məhəbbətindən də artıq sevən insan olub. Amma
bu qızının yeri Sabirin həyatında fərqli olub. Çünki o
həm də babamın sirdaşı olub. Fikirlərini,
narahatlıqlarını daha çox Səriyyə Soltanla paylaşıb.
Atama da atası haqqında bütün məlumatları bacısı Məşədi
Səriyyə Soltan ötürüb. O qadın ailə həyatı qursa da
övladı olmayıb, bəlkə də buna görə atama həm də öz
övladı kimi baxıb. O xanımdakı uzaqgörənlik o qədər
yüksək səviyyədə olub ki, kiçik qardaşının hafizəsində
də olsa ailə bağlarını, dəyərlərini söylədiyi
xatirələrlə qoruyub saxlamağa çalışıb. Çünki atam
Sabirin ikisi oğlan, doqquzu qız olmaqla 11 övladından
sonuncusu olub. Sabirin uşaqlarının əksəriyyəti çox
erkən, hələ körpə ikən dünyalarını dəyişib. Onun cəmi
üç övladı boya-başa çatıb. İki qızı və bir oğlu.
Atam da bir çox şeylər danışırdı, təbii ki, bacısının
xatirələrindən. Mən sizə bir şey göstərəcəyəm (əli
ilə küncdəki maketə işarə edir). Bu maketdə Sabirin
əsl evi öz əksini tapıb. Atam özü sağlığında
xatirələrinə söykənərək bu maketi bir rəssam tanışına
sifariş etmişdi. Çünki Sabirin evi Şamaxı zəlzələsi
vaxtı dağılmışdı.
Məsələn, o maketdə həyətin ortasında bir ağac var.
Həmin ağac ora təsadüfən qoyulmayıb. Babam həmin ağacı
atamın doğulması münasibətilə ilə evinin həyətində əkib.
Sabir ailəcanlı, övladlarını sevən olub. Erkən yaşda
onları itirməsi Sabirə pis təsir edirmiş. Atamın dünyaya
sağ-salamat gəlməsi üçün o bir qurban da deyir. Atam
doğulandan sonra babam gedir qurbanını kəsməyə. Səhər
tezdən durur və yola düzəlir. Babam yolda görür ki,
tarlada bir nəfər həvəslə işləyir. Sən demə onun
tanınmış şeirinin qəhrəmanı olan bir cütçü yer
şumlayırmış. Gedə-gedə elə orda da məşhur "Cütçü"
şeirini yazır. (İkimiz də eyni anda şeiri deyirik).
Çıxdı günəş, doldu cəhan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar, öküzlər kotana güc verir,
Gah yürüyür, gah yıxılır, gah durur.
- Oxuduğum, bildiyim qədəri ilə həyatı çox ağır keçib.
Bəzi mənbələrdə deyilir ki, sabun bişirib satıb. Bu nə
dərəcədə doğrudur?
- Sabir əsasən sovet dövründə təbliğ olunmağa başladı.
Onu imkanlı şəxs kimi göstərmək sovet ideologiyasına
uyğun deyildi. Atam sağlığında Sabirin çox ağır,
kasıblıq içində yaşayan biri kimi göstərilməsinə etiraz
edirdi. Doğrudan da, bu necə ola bilərdi? Axı babam həm
də ticarətçi idi, onun dükanı var idi. Bişirdiyi
sabunları həm ehtiyacı olan yaxınlarına paylayar, həm də
qazanc üçün dükanda satarmış.
Əslində babam ticarətinə davam edə bilərdi, onun evinin
qarşısında sabun bişirən sexi də var idi. Amma
ticarətindən əl çəkməsinə səbəb mütərəqqi fikirlərinə
görə sıxışdırılması olub. Babam daha çox mənəvi sıxıntı
çəkib. Onu heç vaxt tam əl-qol açmağa qoymayıblar.
Ticarətlə məşğul olduğu zaman din adamları, ruhanilər
babama qarşı cəmiyyətdə boykot elan ediblər. İnsanlara
icazə verməyiblər ki, ondan sabun alsınlar. Sabir də
məcbur qalıb dükanını satır. Həmin pulu öz şəxsi
maraqlarına sərf etmir. Yenə də millətinə xidmət etmək
üçün tez bir zamanda "Ümid" məktəbini açır. İnsanları
maarifləndirmək istəyir. Bir müddətdən sonra bu işdən də
uzaqlaşmalı olur və o, Bakıya gəlir. Burada fəaliyyət
göstərir.
Ancaq ömrünün son illərində babam doğrudan da çətin
vəziyyətə düşüb. Qaraciyərindən əziyyət çəkib. Bəzi
mənbələrdə ağciyər yazırlar, amma bu, doğru deyil.
Arizi-qəmlər
əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim;
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən
Başladı şişməyə indi üzü qarə ciyərim.
- Babanız sabun bişirməyi necə öyrənmişdi?
- Bilikli adam idi, dünyada olan elmi nailiyyətlərdən,
yeniliklərdən xəbəri var idi. Bu, onun şeirlərindən
bəllidir.
Dindirir əsr bizi, - dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!
Sabun bişirməyin kimyasını, indiki dillə desək,
texnologiyasını da bilməyi heç təəccüb doğurmur.
- Ailədə necə biri olub?
- Sərt insan olmayıb, mülayim olub. Ailəsini də,
övladlarını da sevib.
- Babanızın bacısı-qardaşı olubmu?
- Bir qardaşı olub.
- Nənənizin taleyi necə olub?
- Babam vəfat edir, nənəm uşaqlarla tək qalır. Abbas
Səhhətlə babam yaxın dost olduqları üçün babamın
ailəsini himayəyə götürür. Sonra Abbas Səhhət vəfat
edir. Əsrin əvvəllərində Şamaxıda baş verən məlum
hadisələrlə bağlı oranı tərk etməyə məcbur qalan ailə
geri gəldiyində uçulmuş və yandırılmış evinin böyük bir
ailənin yaşadığı məkanı deyil, daha çox xarabalığı
xatırladan görüntüsündən çox üzülmüş, xiffətdən və
dərddən də tez bir zamanda dünyasını dəyişir.
- Bildiyim qədəri ilə həyat yoldaşına, qızına da
oxuyub-yazmaq öyrədirmiş...
- Bəli, bütün ailə üzvlərinə öyrədirmiş. Onların savadlı
olduğunu görmək Sabirin arzusu imiş.
- Sabirin bu qədər fərqli olmağında kimin rolu olub?
- Sabir həqiqətən də fərqli düşüncəyə malik olan insan
idi. Heç kimin görə bilmədiyi məqamları görürdü.
Doğrudur, Sabirin atası onun tamam başqa bir sahədə
fəaliyyətini arzu edir, orda görmək istəyirdi. Amma
Sabir öz seçimlərinin üzərində durmağı bacarıb. Nə qədər
mülayim insan olsa da möhkəm iradəsinin sayəsində öz
yolundan dönməyib.
- Bakıya gəldikdən sonra müxtəlif mətbu orqanlarda
çalışır və gizli imzayla yazır. Niyə açıq imza ilə
yazmırdı?
- Bu adam gizli yazanda belə, təzyiqlərdən xilas ola
bilmirdi. Bütün ailə üzvləri bunun əziyyətini çəkirdi.
Yaşadığı mühitdən başını götürüb hara gedəcəyini
bilmirdi. Axı bu insan ailəsini də dolandırmalı idi.
- Babanız həm də müəllim idi? Bununla bağlı bir xatirə
varmı?
- Şamaxıdan başını götürüb Bakıya gəlir və Balaxanı
məktəbində dərs deməyə başlayır. Belə məlum olur ki,
orada təhsil qənaətbəxş deyilmiş. Amma Sabir elə fərqli
ab-hava yaradır ki, uşaqlarını məktəbə qoymayan
valideynlər belə, onları Sabirin yanına oxumağa
gətirirlər. Onun fəaliyyəti o qədər gözəçarpan olub ki,
Sabirin məvacibini 20 manat artırıblar (maaş nəzərə
alınmasa belə, bu artım o dövr üçün çox yüksək məbləğ
idi).
- Digər bibinizin taleyi necə olub?
- Məşədi Səkinə Sabirin ən böyük qızı olub. Ailə qurub.
3 övladı olub, amma onlar da dünyadan tez köçüblər.
- Ömrünün son günləri və vəfat günü ilə bağlı hansı
xatirələri var idi atanızın?
- Babamın hüzr mərasimində diqqətçəkən bir hadisə baş
verib. Hüzr məclisinə mollabacı (qadın məclisini
aparan molla) gəlir. Atamın dediyinə görə, həmin
qadın məqsədli şəkildə- Sabirə aid əlyazmları ələ
keçirmək üçün oraya göndərilibmiş. Mollabacı Sabirin
hüzr məclisində şairin özü yazdığı mərsiyələrini
oxumaq istədiyini bildirib. Heç nədən şübhələnməyən ailə
Sabirin əsərləri olan bağlamanı gətirib ortaya qoyur.
Hər kəsin başı məclisə qarışır. Məclis də bitir və
yalnız bir müddətdən sonra dərdli ailəyə məlum olur ki,
əlyazmaların olduğu bağlama yoxdur. Beləliklə, həmin
əsərlər itir və o gündən həmin əsərlərdən xəbər çıxmır.
-
"Hophopnamə" bu günümüzə necə gəlib çatıb?
- Məşədi Səriyyə Soltanın babamın sirdaş qızı olmasını
təsadüfi demədim. Sabirin övladlarının üçü də eyni
yerdə, köhnə Yasamal qəbiristanlığında dəfn olunublar.
Səriyyə Soltanın məzarı üzərində isə belə yazılıb: Şair
Sabirin sirdaş qızı, "Hophopnamə"nin xilaskarı Tahirzadə
Məşədi Səriyyə Soltan. Bunu atam Səriyyə Soltan 1938-ci
ildə rəhmətə getdiyində yazdırıb.
Deməli, bibim bir dəfə ata evinə gəlir. Görür ki, atası
məyusdur. Soruşur nə olub, nə məsələdir? Sabir ona deyir
ki, fikirləşirəm şeirlərimi çap etdirim, amma vəsait
yoxdur. Ölməzdən əvvəl kitabımın çıxmasını istəyirəm.
Bu söhbət burda da qalır. Növbəti gün qızı təkrar
atasıgilə gəlir. Stolun üstünə boxça qoyur, deyir, bunu
götür və kitabını çap elə. Boxçada Səriyyə Soltanın
gəlinlik zinət əşyaları var imiş. Sabir razılaşmır, qızı
təkid edir ki, götür, kitabın çıxandan sonra ondan gələn
vəsaitlə mən yenə də zinət əşyalarımı alıb yerinə
qoyaram. Beləliklə, babamı razı sala bilir. Şeirlərini
çap etdirməyə aparanda məlum olur ki, bu vəsait bütün
şeirlərin çap olunmasına kifayət etməyəcək. Otururlar
ata-bala məsləhətləşirlər və qərara gəlirlər ki, vacib
olanları seçib çap etdirsinlər. Sonra ondan gələn
vəsaitlə digərlərini çap edərlər. Sabir öz əli ilə ilk
növbədə çap olunacaq şeirləri seçir. Lakin yenə də
hansısa səbəblərə görə kitab çap olunmur. Seçilmiş
şeirlər qalır Səriyyə Soltanda. Sabirin əlyazmaları
oğurlandığından Səriyyə Soltan gizlətdiyi boxçanı da
oğurlamasınlar deyə bu barədə kimsəyə söyləmir.
Sonradan "Hophopnamə"də çap olunan şeirlər Sabirin
sağlığında seçdiyi və Səriyyə Soltanın da qoruyub
saxladıqlarıdır.
Söhbətimiz burada yekunlaşır, Sevda xanıma zaman
ayırdığı üçün təşəkkür edirəm.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |