Mayın 29-da Bakıdakı 3 nömrəli tam orta məktəbdə "Son
zəng" mərasimi keçirilib. Dövlət himni ifa olunduqdan
sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Nizami Novruzov məzunları təbrik edib, onlara gələcək
həyatlarında uğurlar arzulayıb. Qeyd edib ki, məktəb 89
məzununu Azərbaycan cəmiyyətinə yola salır. Ötənilki
məzunların böyük əksəriyyətinin ali məktəblərə daxil
olduğunu nəzərə çatdıran N.Novruzov həmin göstəricinin
bu il də təkrar olunacağına ümid bəslədiyini bildirib.
Məzunların sevincinə qoşulan Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni
Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat
rəhbəri Sevinc Abdullayeva və digər şəxslər paytaxtın
nümunəvi məktəblərindən olan 3 nömrəli tam orta
məktəbin uğurlarından danışıblar. Məzunlara gələcək
həyatlarında uğurlar arzulayıblar.
Sonra birincilər onbirinciləri şeir, mahnı və rəqslərlə
təbrik ediblər.
Mərasimdə məktəbin müəllimləri, şagirdlər çıxış edərək
xoş arzularını bildiriblər. Hamının, xüsusən də
onbirincilərin marağında olan an - nəhayət gəlib çatıb.
"Məktəb illəri" mahnısının sədaları ətrafa yayılıb.
Onbirincilər məktəbin rəmzi açarını onunculara təqdim
etdikdən sonra son zəng çalınıb. Məzunlar həmişə doğma
hesab etdikləri məktəblə vidalaşıblar.
***
Bakıdakı 9 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri
musiqi sədaları altında onbirincilərin məktəbin
bayramsayağı bəzədilmiş geniş həyətindəki meydançaya
daxil olması ilə başlayıb. Aparıcılar mərasim
iştirakçılarını salamlayıb, onbirinciləri məzun olmaları
münasibəti ilə təbrik ediblər. Şagirdlərin ifasında
Dövlət himni səsləndirilib. Üzeyir Hacıbəylinin
"Uvertüra"sının sədaları altında əsgər paltarı geyinmiş
iki şagird Dövlət bayrağını meydançanın ortasına
gətirib.
Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı yönündə
görülən işlərdən, əldə olunan uğurlardan, ümummilli
liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi
diqqət və qayğısından danışıblar. Bildiriblər ki, həmin
siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev
uğurla davam etdirir.
Məzunları təbrik edən məktəbin direktoru Zinyət Əhmədova
bu gündən onların həyatında yeni mərhələnin açıldığını
bildirib. O, məzunlara gələcək həyatlarında
nailiyyətlər qazanmağı arzulayıb.
Sonra dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə
sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagirdlərə
və müəllimlərə mükafatlar - Fəxri fərmanlar və diplomlar
təqdim olunub.
Məktəbin müəllimləri məzunları təbrik edərək bu günün
hər bir insanın həyatında əlamətdar hadisə olduğunu və
təhsil yolunun vacib pilləsini təşkil etdiyini qeyd
ediblər.
Daha sonra məktəbin məzun və şagirdləri çıxış edərək
onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərinə
təşəkkürlərini bildiriblər.
Mərasim şagirdlərin hazırladıqları "Son zəng"
ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |