Bakıdakı
Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə "Son
zəng" münasibətilə tədbir keçirildi. Dövlət himninin
səsləndirilməsi ilə başlayan mərasimi məktəbin direktoru
Nailə Məmmədova açdı. Onbirinciləri orta təhsillərini
başa vurması münasibətilə təbrik edən direktor gələcək
həyatlarında onlara uğurlar arzuladı.
Qeyd olundu ki, hazırda məktəbdə 97 sinifdə 2189 şagird
təhsil alır. Bu il məktəbi 90 məzun bitirir. Pedaqoji
kollektivin qarşısına qoyduğu əsas məqsəd müstəqil və
yaradıcı düşüncəyə malik şəxsiyyətlər yetişdirməkdir.
Məktəbin şagirdləri vaxtaşırı respublika səviyyəli
müsabiqələrdə, breyn-rinq yarışlarında iştirak etmiş,
təhsil müəssisəsinin şərəfini həmişə uca tutmuşlar.
Sonra 11 "a" sinfinin rəhbəri Mehriban Əliyeva, 11 "b"
sinfinin rəhbəri Zərxanım Əsgərova, 11 "c" sinfinin
rəhbəri Eldar Bayramov və 11 "ç" sinfinin rəhbəri Kəmalə
Novruzova şagirdləri təbrik edərək onlara həyatda və
təhsildə yeni-yeni uğurlar arzuladılar.
Qeyd edək ki, məktəbin məzunları sırasında kamandan
oxatma üzrə Azərbaycan birinciliyinin qalibi, 2014-cü
ildə Gürcüstanda keçirilən beynəlxalq yarışlarda birinci
yerə layiq görülən Nurlana Vəliyeva da var. Nurlana
hazırda Azərbaycan milli komandasının üzvü kimi Bakıda
keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşır.
Sonda məktəbin akt zalında məzunların ifasında bədii
hissə təqdim edildi. Şagirdlərin hazırladıqları müxtəlif
mahnı və rəqs nümunələri toplaşanlar tərəfindən
alqışlarla qarşılandı. Əməkdar artist İsmayıl
Ələkbərovun rəhbərliyi ilə hazırlanan musiqi proqramı
onbirincilərin məktəblə vida görüşü kimi uzun müddət
xatirələrdən silinməyəcək.
Qabil YUSİFOĞLU |