Mayın
30-da Bakıdakı Heydər Əliyev adına liseydə "Son zəng"
mərasimi keçirildi. Tədbirdə liseyin müəllim-şagird
kollektivi ilə yanaşı valideynlər, Xətai Rayon İcra
Hakimiyyətinin nümayəndəsi Əbülfət Piriyev və digər
qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan
liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov
məzunları təbrik edərək onlara gələcək həyatlarında
uğurlar arzuladı. Qeyd etdi ki, lisey 86 məzununu
Azərbaycan cəmiyyətinə yola salır. Bildirildi ki, ötən
il də liseyi 86 məzun bitirib. Onlardan 72 nəfəri
respublikamızda fəaliyyət göstərən ali təhsil
müəssisələrinə, 3 nəfəri isə xaricdəki ali məktəblərə
daxil olub. Məzunlardan 3 nəfəri liseyi qızıl medalla
bitirib və etimadı doğruldaraq qəbul imtahanlarında
yüksək bal toplayıblar. Bundan başqa məzunlardan 3-ü
Prezident təqaüdünə layiq görülüb. Liseyin şagirdlərinin
bir çox müsabiqə və yarışlarda uğurlu çıxışlarından söz
açan F.Xəlilov respublika fənn olimpiadalarında
şagirdlərdən 3 nəfərin final mərhələsində qalib
olduqlarını diqqətə çatdırdı. Dövlət tərəfindən təhsilə
göstərilən qayğıdan söz açan natiq möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə
aparılan islahatları yüksək qiymətləndirərək məzunlara
bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə
etdi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin
nümayəndəsi Əbülfət Piriyev əlamətdar gün münasibətilə
məzunları təbrik etdi. Bildirdi ki, respublikamızın
nümunəvi təhsil ocaqlarından olan lisey daim artan
uğurları ilə hamı kimi məni də sevindirir. Bu günün
təkrarolunmaz bir gün olduğunu nəzərə çatdıran Ə.Piriyev
məzunlara enişli-yoxuşlu həyatda daim məğrur olmağı,
vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə etdi. O,
məktəbin hər bir şagirdin həyatında mühüm rol oynadığını
qeyd edərək dövlətimizin təhsilə xüsusi diqqət və
qayğısından söz açdı. Liseyin rəhbərliyinə
və pedaqoji kollektivinə gələcək işlərində
müvəffəqiyyətlər arzuladı.
Tədbirdə
liseyin müəllimləri, şagirdlər çıxış edərək xoş
arzularını bildirdilər.
Şagirdlərin ifasında şeirlər səsləndirildi, rəqslər ifa
olundu. Tanınmış müğənni Rüfət Axundovun ifa etdiyi
mahnılar iştirakçılara xoş ovqat bəxş etdi.
Onbirincilər məktəbin rəmzi açarını onunculara təqdim
etdikdən sonra son zəng çalındı.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |