Tələbələrimizin
bir sıra beynəlxalq tədbirlərdə uğurla çıxış etməsi
sevindirici haldır. Elə Azərbaycan ali məktəb
tələbələrinin mayın son günlərində Çin Xalq
Respublikasında keçirilən beynəlxalq müsabiqədə yüksək
bilik və bacarıq nümayiş etdirməsi də buna misaldır.
Çin Neft Universitetinin təşkil etdiyi "Gələcəyin Neft
Mühəndisləri Forumu"nda ("Future Petroleum Engineers")
Azərbaycanı universitetlərimizdən 10 ən yaxşı tələbə
təmsil edib. Forum çərçivəsində "PetroCup" yarışı
keçirilib. Geologiya, geofizika və neft sənaye işi üzrə
yarışmada müxtəlif ölkələrdən 30-a yaxın komanda iştirak
edib. M.V.Lomonosov adına MDU-nun Bakı filialının kimya
fakültəsinin III kurs tələbəsi Aygün Dadaşeva, Xəzər
Universitetinin neft mühəndisliyi departamentinin III
kurs tələbələri Məsail Quliyev və Fuad Cənnətov
beynəlxalq yarışmada Azərbaycan komandasını layiqincə
təmsil edərək II yerə layiq görülüblər. Birinci yeri
Çin, III yeri isə Avstraliya komandası qazanıb.
Tələbələrimiz "PetroCup" yarışında Avropanın güclü
universitetlərinə - Böyük Britaniyanın Heriot-Vatt,
Qordon Braun, Aberdin universitetlərinə qalib gələrək 30
komanda arasında yarışda fərqləniblər.
MDU-nun Bakı filialının tələbəsi Aygün Dadaşevadan
aldığımız məlumata görə, Forum çərçivəsində kütləvi
mədəni tədbirlər proqramı təşkil olunub. Mədəniyyət
gecəsində iştirak edən tələbələr öz ölkələri, milli
geyimləri, milli kulinariyası, adət-ənənələri,
musiqiləri ilə bağlı məlumat veriblər. |