Azərbaycanda İnternet-media mətbuatın ən inkişaf etmiş
sahələrindən biridir
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr
və elmin populyarlaşdırılması idarəsinin Elektron
informasiya şöbəsinin rəis müavini
Bu gün cəmiyyətin inkişafında, ictimai fikrin
formalaşmasında İnternetin, informasiya
texnologiyalarının rolu əvəzsizdir. Məhz informasiya
cəmiyyətinin həyatımıza gətirdiyi yeniliklərin
nəticəsidir ki, müasir dövrdə mətbuatımızın inkişafı
istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Əminliklə demək olar ki, İnternet-media Azərbaycanda
mətbuatın ən inkişaf etmiş sahələrindən biridir.
Ölkəmizdə onlarla veb-sayt, portal,
İnternet-televiziyası fəaliyyət göstərir. Əgər
Azərbaycanda bu sahənin tarixinə nəzər salsaq görərik
ki, ilk veb-portal olan science.gov.az 1995-ci ildə
www.ab.az adı altında
yaradılmışdır. İlk dəfə İnternetə çıxış isə 1991-ci ildə
rabitə və yüksək texnologiyalar naziri, akademik Əli
Abbasovun rəhbərliyi ilə AMEA İnformasiya
Texnologiyaları İnstitutunda həyata keçirilmişdir.
AMEA-nın rəsmi portalı olan science.gov.az-ın əsas
məqsədi akademiya haqqında müvafiq məlumatların, onun
çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya
ictimaiyyətinə çatdırılması, həmçinin akademiya
əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə
əlaqələrinin təmin edilməsidir. Bundan əlavə, portalda
Azərbaycan Respublikasının Prezidenti tərəfindən elm və
təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət
Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri
nəşrləri yerləşdirilir. Portal AMEA tərəfindən
keçirilən elmi tədbirlər (konfranslar, simpoziumlar,
forumlar və s.), Azərbaycan alimlərinin elmi
nailiyyətləri, həmçinin dünyada baş verən elmi
yeniliklər haqqında mühüm və etibarlı informasiya
mənbəyidir.
Science.gov.az-ın inkişaf mərhələləri
Portalın 20 ildəki fəaliyyətinə nəzər salsaq onun 2
inkişaf mərhələsini geridə qoyduğunu görərik.
1995-2003-cü illəri əhatə edən I mərhələdə sayt statik,
strukturlaşdırılmamış səhifələrdən ibarət idi,
verilənlər bazası isə mövcud deyildi.
Portalın II inkişaf mərhələsi 2003-2015-ci illərə
təsadüf edir. Qeyd edək ki, AMEA Rəyasət Heyəti 26
sentyabr 2001-ci il tarixdə "
www.science.az
portalının yaradılması haqqında" qərar qəbul etmiş və bu
işi İnformasiya Texnologiyaları İnstitutuna həvalə
etmişdir. Bundan sonra saytın dəqiq strukturunun,
dizaynının olmaması, buradakı məlumatların sistemsiz
doldurulması və nəhayət yeni texnologiyaların meydana
gəlməsi veb-portalın yenidən işlənməsini zəruri
etmişdir. Bu mərhələdə portalın dizaynı və strukturu
yenilənmiş, fotoqalereyası yaradılmış, xəbərlər
verilənlər bazası əsasında işlənilməyə başlamışdır. Eyni
zamanda science.az-da animasiya şəkillərinin
yerləşdirilməsi, səhifələrin daim yenilənməsi və yeni
konsepsiyanın işlənilməsi həyata keçirilmişdir.
Portal cari ildə yeni bir mərhələyə qədəm qoymuşdur ki,
bu da mühüm dəyişikliklərin baş verməsilə müşayiət
olunmuşdur. Son zamanlar AMEA-da islahatlar və struktur
dəyişikliklərinin aparılması, AMEA-nın yeni korporativ
üslubunun işlənilməsi və yeni texnologiyaların meydana
gəlməsi veb-portalın yenidən qurulması zərurətini ortaya
qoymuşdur. Bu zərurətdən irəli gələrək AMEA Rəyasət
Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq
edilmiş "AMEA Rəyasət Heyətinin
informasiyalaşdırılmasına dair Fəaliyyət Planı"nda digər
məsələlərlə yanaşı, www.science.az portalının yeni
versiyasının hazırlanması da nəzərdə tutulmuşdur.
Qərarın icrasını təmin etmək məqsədilə AMEA İnformasiya
Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən
ən yeni texnologiyaların tətbiq olunması şərtilə
portalın yeni versiyası hazırlanmışdır. Yeni versiya
AMEA Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və
digər təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın
sabiq prezidentləri, fəxri, həqiqi və müxbir üzvləri,
elmi müəssisə və digər təşkilatlarda çalışan elmlər
doktorları və fəlsəfə doktorlarının elmi
fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri,
elmi-pedaqoji fəaliyyətləri, əsas elmi əsərləri və s.
haqqında məlumatları dəqiq və tam şəkildə əks etdirən
böyük informasiya bazasına və güclü axtarış imkanlarına
malik informasiya sistemidir. AMEA-da aparılan
islahatlar və struktur dəyişikliklərinin portalda əks
olunması, videoqalereya və internet-televiziya olan
"ElmTV"nin yaradılması, o cümlədən ən yeni
texnologiyalardan istifadə hazırkı mərhələdə portalın
əsas xüsusuiyyətləridir.
"ElmTV" mühüm videomənbədir
www.science.az
portalında mühüm yeniliklərdən olan "ElmTV"
Azərbaycanda elmin populyarlaşdırılması məqsədini
daşıyan ilk İnternet-televiziyadır. AMEA-nın institut və
təşkilatlarının fəaliyyətini əks etdirən bu videomənbə
mühüm əhəmiyyət kəsb edən tədbirlərin canlı yayımını
həyata keçirir. Azərbaycan elmi nailiyyətləri ilə
yanaşı, dünyada baş verən elmi yeniliklərin də yayımı
ilə məşğul olan "Elm TV"də xəbərlər, xüsusi reportajlar,
reklam çarxları, müsahibələr və s. öz əksini tapır.
Portal
tədris bazası kim
www.science.az
portalı fəaliyyət göstərdiyi bu illər ərzində həm də
tədris bazası rolunu oynamışdır. Burada ölkənin müxtəlif
ali məktəblərindən olan tələbələr təcrübə keçmiş,
onlarla jurnalist, veb-dizayner və veb-proqramçı
yetişdirilmişdir. Belə ki, Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin tələbələri veb-jurnalistika
sahəsində kadr hazırlığı məktəbi olan science.gov.az
portalında işləyərək təcrübə qazanmışlar. Həmin
fakültənin tələbələri üçün institutda təşkil olunmuş
təcrübə kurslarında ümumilikdə 300 tələbə iştirak
etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkənin
bir çox tanınmış saytlarında fəaliyyət göstərən media
mütəxəssisləri məhz science.gov.az-ın yetirmələridir.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
əməkdaşlarına isə İnformasiya Texnologiyaları
İnstitutunda İnternet-medianın praktiki əsasları,
saytların yaradılması və idarə edilməsi üzrə təcrübə
keçilmişdir.
İnformasiya-sorğu sistemi
Portal AMEA-nın bütün struktur bölmələri, həqiqi və
müxbir üzvləri, institut və təşkilatlarında çalışan
elmlər və fəlsəfə doktorları haqqında informasiya
mənbəyidir. Azərbaycanın nüfuzlu alimlərinin həyat və
fəaliyyətinə, elm sahəsində əldə etdikləri nailiyyətlərə
dair bütün məlumatları bu portaldan əldə etmək olar.
2014-cü ildə portala 1216407 müraciət qeydə alınıb
2004-2014-cü illər ərzində
www.science.gov.az
portalının "Xəbərlər" bölməsinin statistikası aparılmış
və məlum olmuşdur ki, 2014-cü ildə portalda 1379 xəbər
yer almışdır. 2005-ci ildə science.az-a müraciətlərin
sayı 260120 idisə, 2014-cü ildə bu rəqəm 1216407
olmuşdur. Portala ölkəmizdən sonra ən çox Türkiyə,
Rusiya, ABŞ və Almaniyadan olan istifadəçilər daxil
olmuşlar.
Multimedia qalereyası
science.gov.az-ın fotoqalereyasında Azərbaycan Milli
Elmlər Akademiyası tərəfindən keçirilən konfrans,
seminar, görüş və digər tədbirlərdən çəkilən minlərlə
fotoşəkil öz əksini tapmışdır ki, bu materialları
Azərbaycan elminin tarixi salnaməsi hesab etmək olar.
2004-2014-cü illər ərzində müxtəlif tədbirlərdən əldə
olunan fotomaterialların sayı 54866-dan çoxdur.
Məlumat üçün bildirək ki, 2003-cü ildən bəri istismarı
AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata
keçirilən science.az portalı 2014-cü ildə AMEA Rəyasət
Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil
edilmişdir.
Azərbaycanda İnternet-medianın qaranquşu hesab edilən
science.gov.az bu gün də öz işini uğurla davam etdirir.
Ölkənin elmi ictimai həyatının dəqiq, dolğun və obyektiv
şəkildə işıqlandırılması yönündə mühüm rol oynayaraq,
ölkədə fəaliyyət göstərən alim və mütəxəssislərin elmi
nailiyyətlərinin dünya informasiya məkanında tanınmasına
geniş imkanlar yaradır. AMEA və bütövlükdə respublika
elmi ictimai mühitində, o cümlədən dünya elm məkanında
baş verən yeniliklər portalın əməkdaşları tərəfindən
operativ əldə edilərək ölkə ictimaiyyətinə çatdırılır.
Burada əksini tapan məlumatlar daim yenilənir,
təkmilləşdirilir və genişləndirilir.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli
inkişafı şəraitində Azərbaycan elminin informasiya
təminatında mühüm rol oynayan portal Azərbaycan, rus və
ingilis dillərində fəaliyyət göstərir. Hazırda
www.science.az-ın
əməkdaşları tərəfindən science.az-ın Facebook və Twitter
səhifəsi idarə olunur. Portalda yerləşdirilən mühüm
məlumatlar sosial şəbəkələrdə də operativ olaraq
işıqlandırılır.
Bu illər ərzində göstərdiyi uğurlu və səmərəli
fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması
istiqamətindəki əvəzsiz xidmətlərinə görə science.gov.az
kollektivini ürəkdən təbrik edir, portalın əməkdaşlarına
gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər,
yaradıcılıq uğurları arzu edirik! 20 yaşınız mübarək! |