Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

"SEAB - 2015. Avrasiyada biomüxtəliflik" mövzusunda beynəlxalq simpozium

 

Böyütmək üçün seçin1-5 iyun tarixlərində Bakıda AMEA, Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti,  Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi,  Belarus Dövlət Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstan  Bitki  Biologiya və Biotexnologiya İnstitutu  və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "SEAB - 2015. Avrasiyada biomüxtəliflik" mövzusunda beynəlxalq simpozium  keçirilib.

İyunun 1-də AMEA  Dendrologiya İnstitutunda təşkil olunan beynəlxalq simpoziumun açılış mərasimində  AMEA-nın prezidenti, akademik Akif Əlizadə  çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıb,  burada səslənəcək fikirlərin, tövsiyələrin Avrasiyada biomüxtəlifliyin qorunmasına, ekoloji tarazlığın bərpasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, simpoziumun keçirilməsinin başlıca məqsədi Azərbaycanda elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici icmaların bir araya gələrək müzakirələr aparmasıdır.

Qeyd edilib ki, Avrasiya öz flora və faunasının zənginliyi, yüksək dərəcədə endemizmi ilə seçilir. Bu materikdə bioloji müxtəlifliyin qorunması həyati əhəmiyyət daşıyır. Lakin son illər təbiətdən qeyri-rasional istifadə nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox növlər məhv olub və sayları kəskin azalıb. Avrasiyada belə problemlərin həllinin yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olacağını söyləyən AMEA prezidenti bu baxımdan simpoziumun əhəmiyyətini vurğulayıb.

Böyütmək üçün seçinAkademik A.Əlizadə bioloji müxtəlifliyə görə Qafqazın ən zəngin ölkəsi olan Azərbaycanda hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsinin 2003-cü ildən etibarən 478 min hektardan 1 milyon 132 min hektaradək artırıldığını, bunun nəticəsində 9 milli park, 1 biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkənin yaradıldığını  qeyd edib.

Ölkəmizdə bioloji müxtəlifliyin öyrənilməsinin, qorunmasının prioritet istiqamət kimi müəyyən edildiyini söyləyən  AMEA-nın  rəhbəri respublikamızda yabanı və mədəni floranın biomüxtəlifliyinin sistemli şəkildə öyrənilməsi, onların toplanılması, mühafizəsi və səmərəli istifadə olunmasının akademik Cəlal Əliyevin  adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edilib ki, C.Əliyevin rəhbərliyi ilə bitki genetik resursları üzrə Milli proqram işlənilib hazırlanmış və Azərbaycanın bitki genbankı yaradılmışdır.

Bu gün ölkəmizdə biomüxtəliflik üzrə tədqiqat işlərinin əsasən AMEA-nın Biologiya və Tibb Elmləri və Aqrar Elmlər bölmələrinin institutları tərəfindən aparıldığını diqqətə çatdıran AMEA-nın prezidenti həmin istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu deyib. Məlumat üçün bildirib ki, son illərdə müxtəlif ölkələrdən gətirilmiş bir çox dekorativ növlər respublikamızın florasında naturalizə olunmuşdur. Alimlərimiz tərəfindən aparılmış monitorinqlər nəticəsində  6000-dən artıq növ aşkar edilmişdir. Bundan başqa, biomüxtəlifliyin öyrənilməsinə dair dəyərli tədqiqat əsərləri hazırlanmış, 24 illik fasilədən sonra 2013-cü ildə Azərbaycanın "Qırmızı kitabı" yenidən nəşr edilmişdir. "Azərbaycan florası" çoxcildliyinin hazırlanması istiqamətində isə işlər davam etdirilir.

Akademiyanın rəhbəri çıxışının sonunda simpoziumda  alim və mütəxəssislər tərəfindən aparılacaq müzakirələrin  Avrasiyada ekoloji tarazlığın tənzimlənməsini və davamlı inkişafa nail olunmasını, xüsusilə bioloji müxtəlifliyin qorunmasını daha da sürətləndirəcəyinə ümidvar olduğunu deyərək hamıya gələcək elmi fəaliyyətlərində  nailiyyətlər arzulayıb. 

Sonra Türkiyənin Pamukkale Universitetinin rektoru, professor Hüseyn Bağcı çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağı haqqında, burada həyata keçirilən bir sıra işlər barədə geniş söz açıb. Rektor simpoziumda müzakirə olunacaq məsələlərin alimlərin biomüxtəlifliyin qorunması istiqamətində uğurlu tədqiqatlar aparmağa sövq edəcəyini bildirib, tədbirin işinə uğurlar diləyib.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov son illər Avrasiyada təbiətdən səmərəli istifadə olunmaması nəticəsində biomüxtəlifliyin təhlükə altına düşdüyünü söyləyib. O, problemlərin həlli istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması məqsədilə bu kimi simpoziumların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar verilib, bu məsələ dövlət proqramlarında öz  əksini tapıb.  Biomüxtəlifliyin öyrənilməsi sahəsində aparılan tədqiqat işlərindən  söz açan T.Məmmədov   Dendrologiya İnstitutu tərəfindən Azərbaycanın təbii və mədəni florasının hərtərəfli monitorinqinin aparıldığını, nadir və nəsli kəsilməkdə olan bitkilərin tədqiq edildiyini bildirib.

O, institutun nəzdində yerləşən Dendroloji parkda toplanan zəngin kolleksiya sahələrinin  ekoloji tarazlığın qorunmasında, bioloji müxtəlifliyin artırılmasında və genofondun mühafizəsində böyük rol oynadığını qeyd edib.

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru Todia Vaja, Batumi Dövlət Universitetinin Müdafiə Şurasının sədri Rezo Xasanoviça Jabnidze, Pamukkale Universitetinin professoru Ramazan Məmmədov, Belarus Dövlət Universitetinin əməkdaşı  Anna Aleksandrova və başqaları çıxış edərək simpoziumun nəticələrinin biomüxtəliflik sahəsində elmi axtarışlar üçün əhəmiyyətli olacağını bildiriblər.

Sonra beynəlxalq  simpozium öz işini  ayrı-ayrı bölmələr üzrə davam etdirib. Tədbirdə  100-dən çox alim və mütəxəssis təqdimatlar ediblər, həmçinin Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlif irsin qorunması  məsələləri geniş müzakirə olunub.

Simpoziumun proqramına müvafiq olaraq iştirakçılar muzeylərdə, Dendroloji parkda, Mərkəzi Nəbatat bağında  və digər yerlərdə olublar.

Qeyd edək ki, beynəlxalq simpoziumun  növbəti illərdə müvafiq olaraq Türkiyə, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilməsi nəzərdə tutulur. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov