Bakı Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov Çin Xalq Respublikasının Şanxay
Universitetindən olan nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətinin rəhbəri Sya Syaoxe BDU ilə
əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Rektor Abel Məhərrəmov, öz növbəsində, qonaqlara BDU
haqqında məlumat verib, universitetdə tədris olunan Çin
dili və ədəbiyyatı, o cümlədən Konfutsi İnstitutu
haqqında danışıb.
Qonaqlar universitetlə tanışlıqdan məmnunluqlarını
bildiriblər.
Görüşün sonunda universitetlərarası beynəlxalq
əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu
imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və
magistrantların mübadiləsi, birgə layihələr üzərində
elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin
ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi,
birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq
doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə
tutulur. Görüşdə Bakı Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinin Çin dili və ədəbiyyatı
ixtisası üzrə doktorantı Li Jen Yinə Şanxay
Universitetinin diplomu təqdim edilib. Li Jen Yin bundan
sonra Şanxay Universiteti ilə Bakı Dövlət Universiteti,
o cümlədən Azərbaycanın digər universitetləri ilə
əməkdaşlıq üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.
Mətbuat və informasiya şöbəsi |