İyunun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin
yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna
başlanılıb.
Azərbaycan Respublikası təhsil nazirinin "Ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə
qəbulunun tənzimlənməsi barədə" 29 aprel 2015-ci il
tarixli, 511 nömrəli əmrinə uyğun olaraq keçirilən
müsabiqəyə 3511 vakant yer çıxarılıb. Həmin yerlərdən
3202-si (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus
bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer,
13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer,
11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%)
fənləri üzrə elan edilib.
Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%),
Cəlilabad rayonu (205 yer, 6%), Lerik rayonu (202 yer,
6%), Laçın rayonu (197 yer, 6%) və Quba rayonunun (184
yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2400 (68%)
vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər,
www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin
rəsmi internet saytında (www.edu.gov.az) "Müəllimlərin
işə qəbulu" səhifəsinə daxil olmaqla qanunvericilik üzrə
zəruri sənədlər, təlimatlar (elektron ərizənin
doldurulması üçün video təlimat və təlimat, test
suallarının cavablandırılması üçün təlimat), müsabiqə
materialları (müsahibə proqramı, test nümunələri,
simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər.
Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan
keçərək elektron ərizə doldurmalıdırlar.
Müəllimlərin işə qəbulu sisteminin Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi
üzrə Elektron İnformasiya Sistemi və Daxili İşlər
Nazirliyinin İdarələrarası Avtomatlaşdırılmış Məlumat
Axtarış Sistemi (İAMAS) ilə inteqrasiya olunması
vətəndaşların qeydiyyatı prosesinin sürətləndirilməsinə,
məlumatların düzgünlüyünün təmin edilməsinə və təhlil
imkanlarının avtomatlaşdırılmasına xidmət edir.
Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin
qəbulu 10 iyun 2015-ci il tarixdə saat 23:59-da başa
çatacaqdır.
Qeyd edək ki, müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan
sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun
1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna
başlanacaqdır. |