İyunun
4-də "Jumeirah Bilgah Beach" otelində "Bizim böyük
ailəmiz" adlı xeyriyyə satış sərgisinin açılış mərasimi
keçirilib.
Sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin
sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən
ibarət 200-dək rəsm və əl işi nümayiş olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, həmçinin dövlət
qurumlarının rəsmiləri, Milli Məclisin üzvləri, təhsil
müəssisələrinin rəhbərləri, QHT nümayəndələri və
sahibkarlar iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında ölkəmizdə
uşaqların rifahının yüksəldilməsinin daim diqqət
mərkəzində olduğunu vurğulayıb. Ümummilli lider Heydər
Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr
bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva tərəfindən uğurla davam etdirilir.
Mikayıl Cabbarov valideyn himayəsindən məhrum olmuş
uşaqların müdafiəsi istiqamətində görülən işlər barədə
də məlumat verib. Prezident İlham Əliyevin 2006-cı ildə
təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi və
alternativ qayğı
Dövlət
Proqramı" çərçivəsində indiyədək 348 uşaq ailələrinə və
yaxın qohumlarının himayəsinə qaytarılıb, 589 nəfər
uşağın müəssisəyə yerləşdirilməsinin qarşısı alınıb.
Tədbirdə bildirilib ki, dövlət uşaq müəssisələrinə
alternativ xidmət yaradılıb. Hazırda nazirliyin
tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə
verilmiş Ailə tipli kiçik qrup evi fəaliyyət göstərir.
Lənkəran şəhərində oğlanlar üçün tikilən Ailə tipli
kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək. Uşaq
müəssisələrinin transformasiyası haqqında Baş Plana
uyğun olaraq isə, 12 internat məktəbi peşə liseyi,
ümumtəhsil məktəbləri və gimnaziyalara transformasiya
olunub, 2 internat məktəbi isə ləğv edilib. Bu il daha 7
internat məktəbin transformasiyası nəzərdə tutulur.
Qeyd olunub ki, dövlət uşaq müəssisələrində yaşayan
uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları
üzündən xüsusi internat məktəblərə yerləşdirilib. Ölkədə
inteqrasiyalı və inklüziv təhsilin tətbiq olunması
nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün
internat məktəblərin də transformasiyası mümkün olacaq.
Transformasiyası nəzərdə tutulan müəssisələrdən birinin
də 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi
olduğu bildirilib. Qeyd olunub ki, inteqrasiya təlimli
təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə
sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait
yaradılmış ümumtəhsil müəssisəsidir. İnteqrasiya təlimli
təhsil müəssisələrində sağlamlıq imkanları məhdud
şəxslərin sayı ümumi şagird kontingentinin 20 faizini
təşkil edir. Hazırda internat məktəbində 909 şagird
təlim-tərbiyə alır. Onlardan 691 şagird ümumtəhsil
siniflərində, 172 şagird isə xüsusi siniflərdə təhsil
alır. Onların təlim-tərbiyəsi ilə 115 nəfər pedaqoji
işçi məşğul olur. 2014-2015-ci tədris ilində internat
məktəbin 52 məzunundan 18-i sağlamlıq imkanları məhdud
şagird olub.
Tədbirdə məlumat verilib ki, satış sərgidə nümayiş
edilən əl işlərinin satışından əldə olunan vəsait Bilgəh
qəsəbəsində yerləşən Qocalar evinin sakinlərinin yay
istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.
Sonra tədbir iştirakçıları 11 nömrəli İnteqrasiya
təlimli internat məktəbin sağlamlıq imkanları məhdud
şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış
keçiriblər. Şagirdlərin istedad və təxəyyülünün məhsulu
olan əl işləri qonaqların böyük marağına səbəb olub.
www.edu.gov.az |