Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq
Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172
nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş
yeni korpuslarla tanış olub.
Birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 nömrəli
körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış
oldu. Yeni korpusun istifadəyə verilməsi Uşaqları
Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun
balacalara növbəti hədiyyəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
məlumat verildi ki, 110 nömrəli bağça 1965-ci ildən
fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa
təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na
əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin
martında Prezident İlham Əliyev bağçanın açılışında
iştirak edib. Heydər Əliyev Fondunun "Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı" Proqramına əsasən
2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə
korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4
qrupda 80 uşağa qayğı göstərilir. Burada balacaların
təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur.
Bağça azyaşlı sakinlərinin zövqünə uyğun qurulub. Uşaq
müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin
biliklərə yiyələnməsi tam təmin edilir. Körpələr evi -
uşaq bağçasında balacalarda olan bacarıq və istedadları
aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.
Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə
gələn Mehriban Əliyeva onlarla söhbət etdi. Uşaqlar da
hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın
ətrafına toplaşdılar və öz məharətlərini göstərməyə
çalışdılar.
Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın
kollektivinə uğurlar arzuladı.
Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəldi.
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə
müəssisəsi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı" çərçivəsində əsaslı təmir olunub. Heydər
Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı" Proqramına əsasən isə 2014-cü ilin avqust
ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152
kvadratmetr olan ikimərtəbəli əlavə korpus inşa olunmağa
başlanılıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada
indi 12 qrupda 230 uşaq tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın
gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son
illərdə Fondun təşəbbüsü və dəstəyi ilə paytaxtın bir
çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma
işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail
olmaq istiqamətində səmərəli tədbirlər görülüb. 2014-cü
ilin fevralında Mehriban Əliyevanın rəhbərliyi ilə
Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı" Proqramının təqdimatı olub və
bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Bu gün
Fondun fəaliyyətinin nəticələri isə onu göstərir ki, bu
qurum tərəfindən həyata keçirilən digər layihələr kimi,
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramı
da uğurla icra edilir.
AZƏRTAC |