Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunda doktor
Cavad Heyətin 90 illiyi ərəfəsində tanınmış cərrah -
türkoloq alimin anım tədbiri keçirilib. Əvvəlcə tədbir
iştirakçıları doktor Cavad Heyətin həyatına həsr olunmuş
sənədli filmə baxıblar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım
tədbirini açaraq Cavad Heyətin səhiyyədəki,
ədəbiyyatdakı rolundan danışıb. Bu şəxsiyyətin
ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan
icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə
ötürülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Bilik
Fondunun bugünkü anım tədbiri məhz bu amala xidmət edir.
Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini
bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi "Varlıq"
dərgisindən, dərginin İran türklərinin milli şüurunun
oyanmasında oynadığı roldan danışıb. Doktor Cavad
Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən
AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm
Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə
alimi daha çox tanıdım, elə bil yaxından ünsiyyətdə
oldum, doğmalaşdı mənim üçün. Ə.Bağırov bildirib ki,
Cavad Heyət kimi bir şəxsiyyətin xatirələrini tərcümə
etmək həm də bir şərəfdir.
Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin yüksək
mənəvi keyfiyyətlərindən söhbət açıb. Onun Azərbaycanın
müxtəlif universitetlərinin fəxri doktoru və professoru,
Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul
Universitetinin fəxri doktoru olduğunu xatırladıb.
Tədbirdə AMEA-nın gənc alimləri də Cavad Heyətlə bağlı
xatirələrini bölüşüblər.
Anım tədbiri doktor Cavad Heyətin Fəxri xiyabandakı
məzarını ziyarəti ilə başa çatıb.
Bilik Fondunun İnformasiya təminatı sektoru
|