Bakı
şəhər 13 nömrəli tam orta məktəbdə ingilis dili
müəllimi Sevda Ağazadənin V sinifdə "I love travelling"
mövzusunda "açıq dərs"i keçirilib. Dərsin keçirilməsində
məqsəd şagirdlərin dil bacarıqlarını inkişaf etdirmək və
söz ehtiyatlarını zənginləşdirməkdir. Müəllim əvvəlcə
şagirdləri "Bakı" və "London" qruplarına bölərək daha
sonra slayd vasitəsilə şagirdlərə bu şəhərlərin təsvir
olunmuş şəkillərini təqdim etdi. Kollektiv və fərdi iş
formasında keçilən dərsdə müəllim müzakirə və əqli hücum
üsullarından istifadə edərək şagirdlərə şəkillər
ətrafında müxtəlif suallar verdi. Hər iki qrupun
şagirdləri onlara ünvanlanan səyahətlə bağlı müxtəlif
sualları düzgün cavablandırdılar. Sonra onların
cavabları əsasında müəllim belə bir tədqiqat sualı
müəyyənləşdirdi: Siz İngiltərə haqqında nə bilirsiniz?,
ingilislərə Azərbaycanı necə tanıda bilərsiniz?
Şagirdlərə müxtəlif araşdırma sualları verilir, onların
bilik və bacarıqları müəyyənləşdirilirdi.
Şagirdlər səyahət üçün London və Bakını seçdiklərinə
görə bu şəhərlərə virtual olaraq səyahətə başladılar.
Müəllim London və Bakı şəhərləri haqqında slaydlar
göstərdi. Bu şəhərlərin görməli yerləri haqqında
məlumatlar verildi. Şagirdlər Bakı və London
şəhərlərinin oxşar və fərqli cəhətlərini söylədilər.
Sonra qruplara sərbəst, müstəqil və düzgün qərar qəbul
etmək üçün şəhərlər haqqında araşdırma sualları verildi.
Qruplar öz işlərini təqdim etdikdən sonra cavablar
yoxlanıldı. Qarşılıqlı yoxlamaya xüsusi diqqət
yetirildi. Şagirdlər öz aralarında bir-birlərini
qiymətləndirdikdən sonra müəllim qruplar arasında
narazılıq yaranmasın deyə münsiflərdən - dərsdə
iştirak edən müxtəlif fənn müəllimlərindən məktəblilərə
obyektiv qiymət vermələrini xahiş etdi. Münsiflər
heyəti tərəfindən obyektiv qiymətləndirmə aparıldı.
Şagirdlər London və Bakı şəhərlərinə həsr olunmuş
filmlər, bu filmlərin rejissorları və ulduzları haqqında
sualları da cavablandırdılar. Filmlər haqqında slaydlar
göstərildikdən sonra aktyorların şəkilləri, oynadıqları
obrazlara aid testlər paylandı. Qrupların verdiyi
cavablar qonaqlar tərəfindən qiymətləndirildi. Onlar
dərsdə müasir təlim metodlarından geniş istifadə
olunduğunu, şagirdlərin aktivliyini və müəllimin
qabaqcıl iş təcrübəsini bəyəndiklərini qeyd etdilər.
"Açıq dərs"in müzakirəsində çıxış edən məktəbin
direktoru Yaqut Sadıqova müəllimlərin əksəriyyətinin
kurikulumların mahiyyətini düzgün dərk edib dərslərində
bacarıqla reallaşdırdığını qeyd etdi.
Qonaqlar da münasibət bildirərək ingilis dili müəllimi
Sevda Ağazadənin V sinifdə apardığı dərsi çox uğurlu
dərs adlandırıb onun bütün şagirdlərin fəallığı ilə
keçdiyini, müəllimin şagirdlərə tam sərbəstlik
verdiyini, onların fikirlərinə diqqətlə yanaşdığını,
dərsdə beyin həmləsi, venn diaqramı, sorğu, müzakirə
kimi yeni təlim üsullarından, təlim resurslarından
bacarıqla istifadə etdiyini, inteqrasiyanı yaxşı
apardığını bildirdi.
Müzakirənin yekununda söz alan ingilis dili müəllimi
Sevda Ağazadə məktəbdə "açıq dərs"lərin yüksək
səviyyədə keçirildiyini və bu dərslərə marağın
artırılmasında, əlverişli təlim mühitinin
yaradılmasında məktəbin direktoru Yaqut Sadıqovanın
zəhmətinin böyük olduğunu bildirdi.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |