Hacıqabul
Şəhər Uşaq Musiqi Məktəbi 1990-cı ildə 6 sinif otağı, 9
müəllim, 4 ixtisas üzrə 60 şagird olmaqla fəaliyyətə
başlamışdır. Ötən müddət ərzində məktəbin müəllim
kollektivi işlərini daim günün tələbləri səviyyəsində
qurmağa çalışmış, şagirdlərin ibtidai musiqi təhsilinə
yiyələnməsində fəallıq göstərmişdir. Hazırda məktəbdə
214 şagird 7 ixtisas üzrə ibtidai musiqi təhsili alır.
Fəaliyyəti dövründə onlarla yetirməsi təhsil aldıqları
məktəbdə müəllim kimi çalışaraq gənc nəslin musiqi
tərbiyəsində fəallıq göstərir. Məktəb uyğunlaşdırılmış
binada yerləşsə də rayon rəhbərliyi tərəfindən daim
diqqət mərkəzində olmuş, onun maddi-texniki bazasının
möhkəmlənməsində, yeni inventar və avadanlıqlarla təmin
olunmasında yaxından köməklik göstərilmişdir. Rayon
rəhbərliyinin məktəbin müəllim və xor kollektivini fəxri
fərman və qiymətli hədiyyələrlə mükafatlandırması
rəhbərliyin kollektivə verdiyi qiymətin bariz
nümunəsidir.
Məktəbdə tədrisin gücləndirilməsi, şagirdlərin
hərtərəfli estetik inkişafı üçün rəngarəng tədbirlərin
keçirilməsi ənənəyə çevrilmişdir. Məktəbin daxili
həyatını canlandıran tədbirlərlə yanaşı müəllim və
şagird kollektivi rayonda keçirilən tədbirlərdə daim
fəallıq göstərmişlər. Görülmüş işlər diqqətdən
yayınmamış, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin imzası ilə məktəbin müəllim kollektivi yüksək
səviyyədə şagird hazırlığına görə Fəxri fərmanla təltif
edilmişdir. Bu gün müəllim və şagird kollektivinin,
valideynlərin sevincinin hədd-hüdudu yoxdur.
Bu günlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən
yeni təmir olunmuş, müasir tələblərə cavab verən rayon
mədəniyyət sarayında məktəbin 25 illik yubileyi qeyd
olunmuşdur.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının
müavini Zeynəb Əsgərova kollektivi təbrik edərək rayon
icra hakimiyyəti başçısının məktəbin 25 illik yubileylə
bağlı fəxri fərmanını və qiymətli hədiyyəsini məktəb
rəhbərliyinə təqdim etmişdir. Çıxış edən Azərbaycan
Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin
direktoru, əməkdar incəsənət xadimi, professor Nazim
Kazımov məktəbin uğurlarından danışaraq qeyd etmişdir
ki, bu tədris ocağının şagirdləri respublika səviyyəli
müxtəlif müsabiqə və festivallarda böyük uğurlar
qazanmışlar. O qeyd etmişdir ki, peşəkar müəllimlərin və
bacarıqlı rəhbərliyin fəaliyyəti sayəsində musiqi
məktəbi mövcud olduğu 25 il ərzində yüksək tədris
göstəriciləri ilə respublikanın öncül musiqi təhsil
müəssisələri arasında layiqli yer tutmuşdur. Bu gün
məktəbin məzunları Bakı Musiqi Akademiyasında, Milli
Konservatoriyada, onun nəzdindəki Musiqi Kollecində,
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və digər
təhsil müəssisələrində musiqi təhsili alırlar. Təsadüfi
deyildir ki, Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbi ali
təhsilli müəllimlərinin sayına görə regional musiqi
məktəbləri arasında qabaqcıl yerlərdən birini tutur. Bu
da, öz növbəsində, məktəbdə tədris və tərbiyə işlərinin
yüksək səviyyədə qurulduğuna dəlalət edir. Məktəbin
müəllim kollektivi daim yeni iş metodları axtarır,
çalışdıqları məktəbdə tədrisin keyfiyyətinin
yüksəldilməsi, onun müasir standartlara cavab verməsi,
istedadlı gənc musiqiçilərin yetişdirilməsi üçün
əllərindən gələni əsirgəmirlər. Məhz bu səbəbdən məktəb,
onun rəhbərliyi və müəllim kollektivi respublikanın
musiqi və incəsənət ictimaiyyətinin böyük hörmətini
qazanmışdır. N.Kazımov çıxışının sonunda müəllim və
şagird kollektivini bir daha təbrik edərək onlara musiqi
mədəniyyətinin inkişafında daha böyük uğurlar arzulamış,
məktəbə xoş sözlərlə yazılmış ünvan və xatirə hədiyyəsi
təqdim etmişdir.
Çıxış edənlər - rayon ziyalılar cəmiyyətinin sədri,
əməkdar müəllim, rayon təhsil şöbəsinin müdiri Şükür
Məmmədov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon
təşkilatının sədri Hafis Bəşirov, rayon mərkəzi
xəstəxanasının baş həkimi Beydulla Qarayev, rayon
gənclər və idman idarəsinin rəisi Saleh Ələsgərov
yubiley münasibəti ilə müəllim və şagird kollektivini
təbrik edərək onları fəxri fərman, qiymətli hədiyyələrlə
mükafatlandırmışlar. Mədəniyyət İşçiləri Müstəqil
Həmkarlar İttifaqı Hacıqabul Rayon Komitəsinin sədri,
rayon MKS-nin direktoru Daxil Həsənov məktəbin 25 ildə
qazandığı uğurlarından danışaraq müəllim kollektivini və
bir sıra təcrübəli müəllimlərini fəxri fərman və
qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Rayon
mədəniyyət şöbəsinin sabiq müdiri Ziba Cəbrayılova
məktəbin rəhbər, müəllim və şagird kollektivini təbrik
edərək onlara gələcək işlərində uğurlar arzulamışdır.
Maraqlı keçən yubiley tədbiri məktəbin müəllim və
şagirdlərinin ifasında rəngarəng konsert proqramı ilə
başa çatmışdır.
Tədbirin sonunda çıxış edən musiqi məktəbinin direktoru
Rahib Məmmədov qonaqlara minnətdarlığını bildirmişdir.
Sevinc NƏHMƏDOVA,
Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi |