Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Birincilərin çıxışları maraqla qarşılandı

 

Böyütmək üçün seçin Yaxşı müəllim təkcə şagirdlərinə oxumağı, yazmağı öyrətmir, həm də öz yetirmələrini layiqli vətəndaş və əsl insan kimi formalaşdırmağı bacarır. Belə müəllimlər sevilir, illər keçsə də dərs dediyi şagirdlər, valideynlər və ictimaiyyət tərəfindən hörmətlə qarşılanır. Bütün bu məziyyətləri özündə birləşdirən, təkcə peşə baxımından deyil, eləcə də həyat tərzi ilə əsl müəllim olan belə insanlara xoşbəxt müəllim demək olar...

Bakıdakı 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, "Tərəqqi" medallı təcrübəli pedaqoq Mehparə Həbibli məhz belə müəllimlərdəndir. Onun bir pedaqoq kimi qazandığı nailiyyətlər, tədrisdə tətbiq etdiyi yeniliklər hələ çox illər sonra da faydalı təcrübə kimi istifadə olunacaqdır.

Bu baxımdan 20 nömrəli məktəb-liseydə Mehparə Həbiblinin dərs dediyi I "ə" sinfinin "Uşaqlar dünyanın sevincidir" adlı hesabat tədbirində şagirdlərin yüksək hazırlıq nümayiş etdirməsi də təsadüfi deyildi. Tədris ilinin yekunlarına və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə məktəbin müəllimləri, valideynlər və digər qonaqlar iştirak edirdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.    

Al-əlvan bəzədilmiş zala daxil olan birincilərin sonsuz sevinc və həyəcan hissləri aydın sezilirdi.

Bütün fəaliyyəti boyu öz işinə məsuliyyətlə yanaşdığını bildirən birincilərin sinif rəhbəri M.Həbibli hər zaman yetirmələrinin uğurlarından ruhlandığını söylədi. Artıq ona öz övladları qədər doğma olan builki birincilərin də gələcəyinə böyük ümidlərlə baxdığını vurğulayan M.Həbibli şagirdlərinin hər birinə təhsillərində və həyatlarında bol-bol nailiyyətlər dilədi.

Azərbaycan təhsilində həyata keçirilən islahatların ona yeni ruh verdiyini söyləyən M.Həbibli bundan sonra daha yüksək tədris uğurları qazanmaq üçün çalışacağını bildirdi. Təhsil sahəsindəki inkişafı Azərbaycanda aparılan genişmiqyaslı tədbirlərlə əlaqələndirən M.Həbibli həmçinin, ölkəmizdə ilk dəfə keçirilən "Bakı-2015" I Avropa Oyunlarının əhəmiyyətindən bəhs etdi, bu haqda şagirdlərinə müfəssəl məlumatlar verdiyini nəzərə çatdırdı.

Daha sonra birincilərin çıxışları, şeir, rəqs və mahnı parçaları tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Tədbir bir də onunla əlamətdar idi ki, M.Həbiblinin ötənilki dördüncüləri də mərasimdə iştirak edirdilər. Sevimli müəllimləri Mehparə Həbibli ilə səmimi salamlaşan ötənilki dördüncülər də təbriklərini çatdırdı, paytaxtın ən nüfuzlu liseylərində uğurla təhsil aldıqlarını bildirdilər.

Məktəbin direktor müavini Kainat İbrahimova tədbiri yüksək dəyərləndirdi və rəngarəng çıxışlar hazırladıqlarına görə birincilərə, eləcə də onların sinif müəllimi Mehparə Həbibliyə  təşəkkürünü bildirdi. Qeyd etdi ki, bir çox metodiki vəsaitin müəllifi olan M.Həbibli zəngin pedaqoji fəaliyyəti dövründə həmişə nümunəvi işi ilə gənc müəllimlərə örnək olub. Yaxşı müəllimi səciyyələndirən cəhətlər çoxdur: dərin bilik, pedaqoji-psixoloji hazırlıq, müəllimlik məharəti, yüksək peşəkarlıq, innovativ düşüncə, fəaliyyət və s. Bunların hamısı Mehparə müəllimdə var.

Tədbirdə çıxış edən valideynlər övladlarının məhz Mehparə müəllimin sinfində təhsil aldığına görə məmnunluqlarını ifadə etdilər.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov