Mayın 22-də Bakıdakı Məktəb-Lisey Kompleksində "Gəlin
bir yerdə gülək" adlı tədbir keçirilib. Tədbiri giriş
sözü ilə açan təhsil ocağının direktor müavini Xanım
Sultanova qonaqları salamlayaraq onlara üzlərində həmişə
gülüş və təbəssüm olmasını arzulayıb. Sonra səhnə
Məktəb-Lisey Kompleksinin müəllimi Həbibə Sarıbəylinin
rəhbərlik etdiyi istedadlı VII "c" sinif şagirdlərinə
verilib. Onlar söylədikləri bir-birindən maraqlı,
duzlu-məzəli lətifələr, atalar sözləri, teleqramlar,
gülməli xəbərlər və hikmətli sözlərlə, "Molla
Nəsrəddin"dən ifa etdikləri parçalarla iştirakçılara
gülüş bəxş edib, həmin günü unudulmaz xatirəyə
çeviriblər. Şagirdlər maraqlı və məzmunlu kompozisiya
göstəriblər.
Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
əməkdaşı Əli İbrahimbəyli və digər şəxslər təhsil
ocağının uğurlarından danışaraq bu tədbirin yüksək
səviyyədə təşkilinə görə Məktəb-Lisey Kompleksinin
direktoru Qafar Hüseynova və pedaqoji kollektivə
minnətdarlıqlarını bildiriblər.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"
|