Avstraliyada müəllimlərin peşə standartı
Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
"Uçitelskaya qazeta"dan
Son
illər dünyanın bir çox ölkələri müəllimin peşə
standartlarını qəbul ediblər. Bu cür standartlar
İngiltərədə, Avstraliyada, eləcə də ABŞ və Kanadanın
ayrı-ayrı ştatlarında və vilayətlərində də mövcuddur.
2004-cü ildə Almaniyada müəllimlərin hazırlanması
standartları təsdiq edilib. Bir qayda olaraq, bu cür
sənədlər müəllimlərin peşəkar bilik və bacarıqlarını -
təhsilin məzmunu və üsulları, qiymətləndirmə bacarığı,
müxtəlif tələbata və imkanlara malik uşaqlarla iş,
tədris prosesinin planlaşdırılmasını əhatə edir. Digər
ölkələrdən fərqli olaraq müəllimlərin peşə standartı
Avstraliyada daha ətraflı hazırlanıb. Standartda
müəllimin karyerasının dörd səviyyəsi təqdim olunub:
ali məktəbin məzunu, ixtisaslı müəllimlər,
yüksəkixtisaslı pedaqoqlar və lider müəllimlər. Sənədə
yeddi standart daxildir ki, onlar üç sahə üzrə bölünüb
- peşəkar bilik və bacarıq, peşəkar təcrübə, peşəkar
inkişaf. Standart 2011-ci ildə hazırlanıb və
2013-2014-cü tədris ilində tətbiqinə başlanılıb.
Qeyd etmək maraqlı olardı ki, Avstraliyada hazırlanmış
standart Yeni Zelandiyada da istifadə üçün bəyənilib və
bu ölkədə müəllimlərin ixtisas səviyyəsinin
yüksəldilməsi, eləcə də "İlin müəllimi" milli
müsabiqəsində ən yaxşı müəllimlərin aşkara çıxarılması
kimi istifadə olunur. Bir fakt da qeyd olunmalıdır ki,
Avstraliya standartı dünyada yeganə sənəddir ki,
buradakı hər bir bənddə karyeranın üç səviyyəsi üzrə
onun yerinə yetirilməsinə dair nümunələr göstərilir.
Sənəddə "təlim strategiyaları" terminindən istifadə
olunur ki, bu da təlim metodları və priyomlarını
nəzərdə tutur.
|