Müasir
dövrdə təhsil sahəsində əldə olunacaq uğurlardan biri də
uşaqların əxlaq və mənəvi keyfiyyətlərinin inkişaf
etdirilməsidir. Kiçikyaşlı uşaqların həm fiziki
sağlamlığı və eyni zamanda mənəvi inkişafı ibtidai
təhsilin prioritetlərindən birinə çevrilmişdir. İnkişaf
etməkdə olan cəmiyyətimizdə şəxsiyyətin inkişafı üçün
onun həm fiziki, həm də mənəvi keyfiyyətlərinə dair
vəzifələr böyüyən nəslin qarşısında məsuliyyət hissini
artırır. Bu məqsədlə Təhsil Nazirliyinin "Sağlam təhsil
- sağlam millət" layihəsi böyük uğur qazanmış və layihə
çərçivəsində kiçikyaşlı uşaqların hərtərəfli inkişafına
ciddi diqqət vermək məqsədilə Bakı və Sumqayıt
şəhərlərinin 6 ümumi təhsil məktəbində "Sağlam təhsil
sinifləri" yaradılmışdır.
Adıçəkilən layihə üzrə Bakıdakı 214 nömrəli tam orta
məktəbdə 3 ibtidai sinifdə müəllimlərlə metodiki iş
aparıram. Layihə həm müəllimlərin, həm də uşaqların
işində böyük dəyişiklik yaratmış və onların gələcək
planlarını müəyyən etmişdir. Əsas məqsəd şagirdlərin
sinifdə hərəki məhdudiyyətlərini və oturaq rejimdə
təhsil almalarını aradan qaldırmaq, təlimi əyləncəli bir
mühitdə aparmaq, onların sərbəst fəaliyyətini təşkil
etməkdir.
İsveç alimi, uşaq psixologiyasının banisi sayılan Jean
Piaget sübut etmişdir ki, sərbəst, ayaqüstü təlim
öyrənən uşağın topladığı məlumatlar daha sürətlə onların
təfəkkürünü formalaşdırır, idrakını möhkəmlədir. "Sağlam
təhsil sinifləri"ndə daim tibbi-gigiyenik və
psixoloji-pedaqoji monitorinqlər keçirilir, tədrisin
keyfiyyəti öyrənilir və uğurlar qeyd olunur. Belə ki,
görmə qabiliyyəti zəif olan uşaqların görmə
qabiliyyətində irəliləyişlər hiss edilir. Müəllimlər
dərsin məqsədlərini asanlıqla təyin edir və dərsin üç
əsas mərhələsini: həkkolma, əl işi və nitq quruculuğunu
maraqlı üsullarla tətbiq edirlər. Bu mərhələlər təlim
standartlarının tələbinə əsasən sadədən mürəkkəbə doğru
tənzimlənir və şagirdlərin maraqlarına uyğun keçirilir.
"Sağlam təhsil sinifləri"ndə mövzular ibtidai sinif
təhsil proqramları (kurikulumları) əsasında ibtidai
sinif mərhələsində fənlərin standartlarına istinad
edilir. Belə ki, şagirdlər dərsliklərdəki mövzular
əsasında maraqlı nağıl və hekayələri vizual şəkildə,
hərəkətli formada mənimsəyirlər. Valideynlərin marağına
səbəb olan bu təlim prosesi bəzən onların iştirakı ilə
də həyata keçirilir. Burada əsas müsbət işlərdən biri
müəllimlər tərəfindən uşaqların yoldaşlıq, dostluq və
qayğıkeşlik kimi əxlaqi keyfiyyətlərinin formalaşmasına
təsir göstərən müvafiq mənəvi mühitin yaradılmasıdır.
Mövzuların çoxu nağıllar formasında verilsə də, əsas
məqsəd məzmun daxilində uşaqlara real həyat hadisələrinə
marağı və müxtəlif əxlaqi-davranış qaydalarını
mənimsətməkdir. Uşaqlar ailə səadəti, xeyir, şər
haqqında, yoldaşlıq, dostluq, qayğıkeşlik, ədalət,
ədalətsizlik, sülh, əmin-amanlıq, müharibə, dağıntı,
ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər,
qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq və s.
haqqında təsəvvür və anlayışları kiçik hekayə və
nağıllarda mənimsəyirlər. Nağılların təsiri ilə böyüyən
uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur.
Məsələn, I "b" sinfində ibtidai sinif müəllimi İradə
Mehdiyeva "C" hərfini keçərkən asqı üzrə şəklə baxıb
uydurma bir nağıl qoşdu ki, balaca Cırtdan əvvəlcə
bostanda müqəvvadan və asılmış qablardan qorxur və
nənəsindən onların nə məqsədlə bostanda olduğunu soruşur,
səbəbini bildikdən sonra nənəsinə kömək edir. Şagird ilk
dəfə olaraq "müqəvva" sözünü eşitdiyi üçün bunun hansı
məna daşıdığını dərhal soruşdu. Elə "Cırtdan"ın
nağılında da uşaqların həmrəyliyi, çətin vəziyyətdən
necə xilas olmaları əksini tapır. Bundan başqa, nağıllar
vasitəsi ilə azyaşlılarda pis insanları necə tərbiyə
etmək, pisliklərə qarşı necə mübarizə aparmaq hissi
yaranır. Digər birinci sinifdə (I "a") ibtidai sinif
müəllimi Naidə Hüseynovanın dərsində isə "Ö" hərfinin
öyrədilməsi zamanı müəllim ördəyin balalarını necə
qoruduğunu slaydla nümayiş etdirərək uşaqlara ana
məhəbbətini və valideynlərin balalarını necə sevdiyini
çatdıra bildi. Bu mövzunun riyaziyyat dərsində tədrisi
ördək balalarının sayı, neçəsinin böyük və neçəsinin
balaca olması haqqında şagirdlərin riyazi biliklərini
inkişaf etdirdi. Həyat bilgisi dərsində isə ördək
balalarının yerini necə tikməyi, onlara qulluq yolları,
ördək ətinin dadı haqqında fikirlər uşaqlarda mövzunun
tam şəkildə mənimsənilməsinə gətirib çıxardı. I "e"
sinfində ibtidai sinif müəllimi Sevinc Süleymanova rus
dilində "Zolotoy petuşok" hekayəsi əsasında asqılardakı
şəkillər vasitəsilə bir səhnəcik təşkil etdi və çox
əyləncəli bir mühit yaratdı.
Nağılların uşaqların gələcəkdə daha da geniş lüğət
ehtiyatına malik olmasında faydalı təsirə malikdir. Ən
maraqlısı odur ki, "Sağlam təhsil sinifləri"ndə dərslər
inteqrativ şəkildə tədris olunur və sanki bir zəncir
üzərində şagirdlərin məntiqi, tənqidi və yaradıcı
təfəkkürü formalaşır. Təlim zamanı asqılarda mövzuların
iri kağızlarda müxtəlif rənglərlə əks olunması daha
əyləncəlidir. Bu asqıların sinif otaqlarında olması
uşaqların tam təlimə cəlb olunmasına və mövzunu
hərəkətli şəkildə mənimsəmələrinə asanlıqla kömək edir,
təfəkkürlərini formalaşdırır.
Bir metodist kimi müşahidə etdiyim dərslərdən özüm də
təcrübə qazandım. Müəllimlərə təlimdə düzgün ünsiyyət
qurmağı, uşaq psixologiyasının sirlərinə hansı yolla
bələd olmaq haqqında bir sıra məsləhətlər verir və
müxtəlif uşaq saytları ilə işləməyi tövsiyə edirəm.
İnanıram ki, "Sağlam təhsil-sağlam millət" layihəsi
şagirdlərin yüksək təhsil alması ilə yanaşı, onların
sağlamlıqlarının qorunmasında da əhəmiyyətli rol
oynayacaqdır.
Fəridə HÜSEYNOVA,
AMİ-nin Təhsildə İnnovasiyalar və Araşdırmalar
Mərkəzinin baş metodisti |