Müəllimlik elə bir peşədir ki, onun yetişdirdiyi
"məhsul" dünyanın ən qiymətli incisidir. Bəli, müəllim
cəmiyyət üçün insan yetişdirir. Savadlı, bilikli,
dünyagörüşlü və ...insan. Aparılan monitorinqlər,
keçirilən müxtəlif müzakirələr göstərir ki, bu üç
nöqtənin yerində "sağlam" sözü də öz yerini tutmalıdır.
Bu gün biz təhsilə, biliyə önəm verdiyimiz kimi,
təhsildə sağlamlığa da diqqət yetirməliyik. İnkişaf edən
texnologiya biz insanlara həddən artıq rahatlıq və
əlverişli imkanlar verməklə yanaşı bəzən sağlamlığımıza
da zərər verir. Daim küçədə, parkda, həyətdə oynayan,
səs salan uşaqları getdikcə eynəkli, özünəqapalı,
əlindən telefonu, noutbuku düşməyən uşaqlar əvəz edir.
Artıq uşaqlar top dalınca qaçmaq əvəzinə virtual futbol
oynamağa, rəfiqəsi ilə oynamaq əvəzinə skaypda danışmağa
üstünlük verirlər. İnsanlar özləri də bilmədən oturaq
həyat tərzinə alışırlar.
Bunları biz müəllimlər də görür və narahatçılıq
keçirirdik. Özlüyümüzdə sual yaranırdı: "Bəs nə edək?".
Ölkəmizdə reallaşdırılan "Sağlam təhsil -sağlam
millət" layihəsi bizim narahatçılığımıza bir növ son
qoydu. Oturaq həyat tərzi sivilizasiyanın xəstəliyidir
deyərək təhsilalanların sağlamlığını qoruyan, təlim və
yaradıcılıq keyfiyyətlərini yüksəldən təhsil
texnologiyaları kimi dəyərləndirən bu layihə uşaqlara
təhsil verməklə bərabər sağlamlıqlarını da qorumağın
qayğısına qalmağın mümkünlüyünü ortaya qoydu. Layihə
çərçivəsində bu ildən bir neçə məktəbdə yaradılan "Sağlam
təhsil sinfi"ndə şagirdlər 6 yaşından artıq aktiv həyat
tərzinə alışdırılır. Şagirdlərə hər birinin bir fərd,
gələcəyin bir şəxsiyyəti olduğu, elə ilk günlərdən
onların fikirlərinə hörmətlə yanaşılaraq düzgün
istiqamətləndirilərək hiss etdirilir. Burada keçilən
dərslərə şagirdlərdə maraq oyatmaq üçün mövzuya uyğun
girişlərdən, qavradıqlarını hiss edərək, duyaraq, dərk
edərək öyrənilməsi üçün "əl işləri"ndən, gözəl nitq
mədəniyyətinə, yazı mədəniyyətinə malik olmaq,
öyrəndiklərini tətbiq etmək üçün isə düzgün nitqin
qurulmasından istifadə edilir. Müəllimlər tərəfindən
sinifdə yaradılan fərqli ab-hava, uşaqlarla səmimi
münasibət, onların daha sərbəst olmalarına və
bir-birləri ilə ünsiyyət qurmalarına imkan yaradır.
Bütün bunlar şagirdlərin həmçinin psixi, fiziki
cəhətdən düzgün formalaşmasına səbəb olur. Şagirdlər öz
fikirlərini sərbəst ifadə edir, yaradıcı olurlar.
Təxəyyülləri geniş inkişaf edir. Bununla bağlı bir
nümunə göstərmək istərdim. Məktəbimizdə 1-ci siniflər
arasında keçirilən "Bahar gəldi" mövzusunda rəsm
müsabiqəsində "Sağlam təhsil sinifləri" şagirdlərinin
çəkdikləri rəsmlərin ənənəvi siniflərdə oxuyanların əl
işlərindən fərqləndiyini gördük. "Sağlam təhsil
sinifləri"nin şagirdlərinin rəsmləri süjetli, dolğun və
daha rəngarəng idi. Bu da uşaqların öz fikirlərini
sərbəst ifadə etmələrinin bir nümunəsidir.
Valideynlərin sözlərinə görə, belə uşaqlar səhərlər
yuxudan vaxtında oyanır, dərsə həvəslə gəlir,
öyrəndiklərini öz həyatları ilə müqayisə etməyi
xoşlayırlar.
Bir müəllim kimi deyə bilərəm ki, uşaqların, eyni
zamanda valideynlərin bu siniflərə maraq göstərməsi
yeni addım atan, "Saglam təhsil-sağlam millət"
layihəsinin artıq ilk uğurlu nəticələrindən biri kimi
dəyərləndirilə bilər.
Qönçə QASIMOVA,
Bakıdakı 26 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |