Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Xarici mətbuatdan

 

MDU Avropanın ən nüfuzlu 5 universiteti arasında yer alıb 

Thomson Reuters-in yeni reytinq cədvəli açıqlanıb 

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Avropanın aparıcı universitetlərinin siyahısında beşinci yeri tutub.  "Uçitelskaya qazeta"nın məlumatına görə, siyahıda ilk üç yeri Avropanın ən nüfuzlu təhsil ocaqları - Böyük Britaniyanın Kembric, Oksford universitetləri və London İmperial Kolleci tutur. Dördüncü yerdə isə İsveçrənin Sürix şəhərindəki Federal Texnologiya İnstitutu yerləşir. Thomson Reuters media şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış reytinq bütün dünya üzrə aparıcı alimlər arasında keçirilmiş sorğu əsasında tərtib olunub, onlar universitetlərdə təhsil və tədqiqat proqramlarının, elmi məqalələrdən sitat gətirilmənin səviyyəsini, xarici tələbə və mütəxəssislərin sayını qiymətləndiriblər.

Thomson Reuters-in yeni versiyasına görə humanitar elmlərin tədrisinə görə, dünyanın ən yaxşı ali məktəbi Oksford, tibb və ictimai elmlər sahəsində Harvard, fizika və mühəndislik elmləri sahəsində isə Massaçusets Texnologiya İnstitutudur.


Mobil telefonlardan istifadəyə qadağa qoyulması 

Bu, şagirdlərin müvəffəqiyyət dərəcəsini artırır   

Alimlər belə nəticəyə gəliblər ki, mobil telefonlardan istifadəyə  qadağa qoyulması məktəbdə  şagirdlərin müvəffəqiyyət dərəcəsini artırır Bu barədə  Böyük Britaniyanın "Guardian" nəşri xəbər verib Mütəxəssislər London, Mançester, Birmingem şəhərlərinin orta məktəblərində  mobil telefonun istifadəsinə qadağadan əvvəl və sonra şagirdlərin akademik göstəricilərini araşdırıblar. Ekspertlər belə bir nəticəyə gəliblər ki, şagirdlərin məktəbə smartfonsuz gəlmələrindən sonra  onların müvəffəqiyyət dərəcəsi təxminən 6,5%  artıb. Alimlər həmçinin qeyd ediblər ki, telefonların istifadəsinə qadağa qoyulması  təhsil müəssisələrində sosial bərabərsizliyin dərəcəsini də  azaltmağa imkan verir Qeyd etmək lazımdır ki, Böyük Britaniyada şagirdlərin təxminən  90% -i smartfonlara malikdir ABŞ-da bu göstərici 75% təşkil edir


Rusiyada ali məktəblərin reytinqi hazırlanır 

Rusiyanın Rektorlar Birliyi tərəfindən ali məktəblərin milli reytinqinin yaradılması konsepsiyası hazırlanır. Rektorlar Birliyinin  ötən ilin oktyabrında keçirilmiş qurultayından sonra   prezident V.Putin milli konsepsiyanın yaradılması barədə təkliflərin hazırlanması üçün hökumətə tapşırıq  verib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, konsepsiya sənədi artıq hazırdır və  Təhsil və Elm Nazirliyinə göndərilib Rektorlar Birliyi  reytinqin formalaşmasında əssas diqqəti  ali məktəblərin  məzunlarının uğurlarının  və  elmi nəşrlərin qiymətləndirilməsinə yönəldəcək.   Milli siyahı  Times Higher Education, QS  və ARWU kimi  dünya universitetlərinin  nüfuzlu reytinq sıralamalarına alternativ  olacaq Reytinqdə universitetin beynəlmiləlləşdirilməsi dərəcəsini xarakterizə edən xarici tələbələrin və müəllimlərin sayı kimi  parametrlərin nəzərə alınmaması,  yalnız  təhsilin keyfiyyətini əks etdirən  göstəricilərin diqqətdə saxlanılması təklif olunur

Konsepsiyada qeyd olunur ki xaricdə tanınmaq üçün milli reytinq yalnız  yoxlanılan obyektiv kəmiyyət  parametrlərinə əsaslanmalıdır Reytinq dünyanın və Rusiyanın ən yaxşı universitetlərində professorlar  qismində çalışan məzunların və aparıcı elmi təşkilatlarda  işləyənlərin  sayı kimi parametri nəzərə almalıdır. Bundan əlavə, reytinq dünyanın və Rusiyanın iri şirkətlərində rəhbər mövqe tutan məzunların sayını da əks etdirməlidir. Reytinq  tərtib olunarkən universitet əməkdaşlarının fəallığını  göstərən impakt-faktorlu məqələlərin sayı nəzərə alınmalı,   ali məktəbin fəaliyyətinə dair milli və dünya KİV-də, akademik sosial şəbəkələrdə  olan rəylər təhlil olunmalıdır

Layihədə qeyd olunur ki, dövlət dəstəyi olmadan Rusiyada mövcud olan hər hansı  reytinq təşkilatının universitetlərin reytinqinə dair yeni versiyasını  layiqli surətdə beynəlxalq səviyyəyə  çıxarmaq mümkün olmayacaq


Amerikanın 65-ci milli müəllim müsabiqəsinin qalibi 

Ölkənin ən yaxşı müəlliminin adı açıqlanıb   

Amerikada İlin Milli Müəllimi elan olunub. O, Texas ştatındakı Amarillo şəhərindəki orta məktəbin müəllimi Şenna Piplsdir.   Ölkənin ən yaxşı müəllimini müəyyən etmək üçün keçirilən  "Büllur alma" müsabiqəsinin  simvolunu qalibə prezident Barak Obama təqdim edib.  Ş.Pipls qaçqınlara ingilis dilini tədris edir.  Prezident öz ölkələrində müharibələrdən qaçaraq Birləşmiş Ştatlara pənah gətirmiş qaçqın tələbələrə  dərs keçən Ş.Piplsin  fədakar əməyini yüksək  qiymətləndirib.  Onun tələbələri arasında kasıbçılıq içində,  dünyanın zorakılığını  yaşamış insanlar var.  65-ci Milli Müəllim müsabiqəsinin qalibi əmin olduğunu bildirib ki,  sinifdə  hər bir uşaq üçün etimad mühiti çox vacibdir. Sinif  elə bir yerdir ki, hər bir uşaq özünü təhlükəsiz hesab etməlidir.   "Onlar mənə heç vaxt əməl edə bilməyəcəyim şeyləri vəd etməməyi öyrədiblər. Onlara ən yaxşı müəllim olmaq üçün mən bunu diqqətdə saxlamalıyam". Müəllimliyə qədər Pipls feldşer, tərbiyəçi, jurnalist işləyib.  12 ildir  müəllimlik fəaliyyəti ilə məşğul olan Pipls Texas Universitetinin təhsil fakültəsinin  magistridir. O,  bir il  ərzində bütün ölkəni gəzərək müəllimlər adından çıxışlar etməklə öz peşəsi barədə danışacaq. Milli müəllim adına layiq görülmək  ona müəllimlərin uşaqlar üçün nələr etdiyini  söyləmək imkanı qazandırdı.


Dünyada ən yaxşı orta təhsil Sinqapurdadır 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yeni hesabatı 

Sinqapurun məktəb təhsil sistemi dünyada ən yaxşı və effektiv təhsil sistemi elan olunub.  İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının  (OECD) apardığı  testlər sübut edir ki, məhz  Asiyanın bu ölkəsindən olan məktəblilər ən yaxşı nəticələr göstərirlər.  Təşkilatın siyahısında ikinci yer Honkonqa məxsusdur. Daha sonra Cənubi Koreya, Yaponiya və Tayvan kimi ölkələrin adları çəkilir.  Beləliklə də Asiya məktəbləri reytinqdə  Avropa məktəblərini  üstələyiblər. Avropa dövlətlərindən ən yüksək mövqeni  Finlandiya nümayiş etdirib. Bu ölkə siyahıda 6-dır. Rusiya  siyahıda 34-cü yerdə qərarlaşıb. OECD  İsveçdə məktəblilərin  təhsil nailiyyətlərinin kəskin aşağı düşdüyünü qeyd edib. Bu ölkənin orta təhsil  sistemində olan mövcud problemlər təşkilatın ekspertləri tərəfindən müzakirə olunub. Keçmiş sovet respublikalarında ən yaxşı mövqe Estoniyaya (7-ci yer) məxsusdur. Amerika yenə də aşağı göstəricilər göstərib, bu ölkə reytinq cədvəlində hətta Vyetnamdan geridədir.


 Ukraynada uşaqlar üçün elmi mərkəzlər yaradılır 

Ölkənin Təhsil və Elm Nazirliyi təhsilalanların elm yönümlü məktəblərə cəlb olunmasına dair qaydaları təsdiq edib. Müvafiq  əmr  artıq Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.  Sənəd  elmyönümlü məktəblərin fəaliyyətinin təşkilini müəyyən edir.  Bu cür məktəblər sınaq-eksperiment istiqamətli  məktəbdənkənar təhsilin təşkili formalarından biri olmalıdır.  Qurumun yaradılmasında məqsəd məktəbliləri elm və texnikanın, istehsalatın, mədəniyyətin ayrı-ayrı sahələri üzrə axtarış,  tədqiqatçılıq və eksperimental fəaliyyətə cəlb etmək və onların  peşəkar  kimi  yetişmələrində tələbatın təmin olunmasıdır.  Məktəbin əsas vəzifəsi gənc təhsilalanların intellektual və yaradıcılıq potensiallarının reallaşdırılması üçün şərait yaratmaq, intellektual cəhətdən istedadlı uşaqları aşkar etmək və onları dəstəkləmək, eləcə də onları ali məktəbə hazırlaşdırmaqdır. Elmyönümlü məktəblərin dinləyiciləri  IX və XI sinif şagirdləri,  eləcə də elmi-tədqiqat, axtarışlar, eksperimental fəaliyyətlə məşğul olan məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri ola bilər.

Şagirdlər elmi tədqiqatların mövzularını sərbəst seçmək hüququna,   eksperimental tədqiqat, axtarış və fəaliyyətin praktiki vərdişlərinə,  seçilmiş elm şöbəsində elmi tədqiqatlar aparmaq, elmi rəhbərlərdən lazımi metodik və təşkilati dəstək almaq imkanlarına malik olacaqlar.     

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov