Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

I AVROPA OYUNLARINA 12 GÜN QALDI

 

I Avropa Oyunlarında ölkəmizi 299 idmançı təmsil edəcək 

Böyütmək üçün seçinBu il iyunun 12-dən 28-dək  Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200 idmançı iştirak edəcək. Yarışlarda mübarizə aparacaq idmançılarımızın sayı da artıq məlumdur. Gənclər və İdman Nazirliyi Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovadan aldığımız məlumata görə, qarşıdan gələn oyunlarda ölkəmizi 299 idmançı təmsil edəcək. İdmançılarımız I Avropa Oyunlarının proqramına daxil edilmiş 20 idman növünün hamısında mübarizə aparacaqlar.

12 gündən sonra start götürəcək I Avropa Oyunlarında ayrı-ayrı ölkələrdən Bakıya gələcək idmançıların sayı da, təxminən, məlumdur.  Aşağıda onların bəzilərini təqdim edirik. 

Rusiya Federasiyası. Rusiya I Avropa Oyunlarında böyük sayda idmançı ilə təmsil olunacaq. Bu ölkədən Bakıya ən məşhur idmançılar gələcək. Rusiya Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin müavini Aleksandr Jukovun bildirdiyinə görə, onun rəhbərlik etdiyi qurum hələlik siyahını təsdiq etməsə də Rusiyadan Bakıya 350 idmançının gələcəyi məlumdur. Onlar, demək olar ki, bütün idman növlərində mübarizə aparacaqlar. 

Serbiya. Serbiya Milli Olimpiya Komitəsinin ölkə ictimaiyyətinə açıqladığı ilkin siyahıya görə, bu ölkədən "Bakı - 2015" I Avropa Oyunlarına 79 idmançı gələcək. 

İtaliya. Birinci Avropa Oyunlarında İtaliyadan 295 idmançı iştirak edəcək. 

Türkiyə. Türkiyə Milli Olimpiya Komitəsi I Avropa Oyunlarında iştirak edəcək idmançıları müəyyənləşdirib. Qardaş ölkəni yarışlarda 191 idmançı təmsil edəcək. 

Gürcüstan. I Avropa Oyunlarında iştirak üçün Gürcüstandan Bakıya 200 nəfərlik nümayəndə heyəti gələcək. Onların 110-u oyunlarda iştirak edəcək idmançılardır. Gürcüstan idmançıları 13 idman növündə mübarizə aparacaqlar. 

Litva. Litva komandasının da heyəti açıqlanıb. Bu ölkədən 72 idmançı oyunlara qatılacaq. Litva Milli Olimpiya Komitəsinin "Bakı-2015" üçün elan etdiyi komandanın heyətində beynəlxalq uğurlara imza atmış bir çox idmançının, o cümlədən 2012-ci il London Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Petrauskas və avarçəkmə üzrə üçqat Avropa çempionu Suklinin adları var. 

Polşa. Polşa Olimpiya Komitəsi Birinci Avropa Oyunlarına 214 idmançıdan ibarət heyətlə gəlir. Onların arasında 2008-ci il Pekin Olimpiya Oyunlarının  gümüş medalçısı, 2009-cu ildə Avropa, 2010-cu ildə isə dünya çempionu olmuş 31 yaşlı velosipedçi Maya Vloşovska da var. 

Belçika. Belçika 117 idmançı ilə I Avropa Oyunlarında iştirak edəcək. Belçika heyətində 13 nəfər cüdo idman növündə mübarizə aparacaq. Onların arasında Dünya Kuboku oyunlarının üç mükafatçısı, 2 dəfə Belçika çempionu olmuş, Avropa Çempionatında gümüş medal qazanmış Lola Mansur da var.


"Bakı-2015. İlk Avropa Oyunlarına dəstək" 

Bakı Dövlət Universitetində "Bakı-2015. İlk Avropa Oyunlarına dəstək" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ilk Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb və Bakının Olimpiya oyunlarına tam hazır olduğunu bildirib. Qeyd edib ki, bu hazırlığın kökündə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın davamlı olaraq olimpiya oyunlarının keçiriləcəyi obyektlərə, idman saraylarına baş çəkməsi, eyni zamanda idmançılarımıza göstərdikləri diqqət və qayğı dayanır. Rektor onu da bildirib ki, Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə əsas səbəblərdən biri güclü beynəlxalq nüfuzumuz, Azərbaycan əhalisinin Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulaması və dəstəkləməsi, eyni zamanda ölkəmizdə yaradılmış idman infrastrukturunun dünya səviyyəsinə, dünya standartlarına cavab verməsi ilə bağlıdır. 

Daha sonra Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleq, Bakı Dövlət Universitetinin könüllüləri adından tarix fakültəsinin 1-ci kurs  tələbəsi Səadət Qarayeva və coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Eltac Cəbiyev çıxış ediblər.

Bildirilib ki, "Bakı-2015" Avropa idman tarixində yeni səhifə açacaq. Bu tarixin açılmasına və yazılmasına ölkə Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Azərbaycan ictimaiyyəti və minlərlə könüllü Azərbaycan gənci dəstək verəcək.

Tədbirdə "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı videoçarxlar nümayiş edilib və Saymon Kleq "BDU-nun Fəxri qonağı" mükafatı ilə təltif olunub. 

Mətbuat və informasiya şöbəsi


 Böyük Britaniyanın Qlazqo Universitetində təqdimat 

Böyük Britaniyanın Qlazqo Universitetində "Bakı-2015" 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.

"Qlazqo" Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Azərbaycan gecəsində baş tutan təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Qlazqo Universitetində maliyyə iqtisadiyyatı üzrə magistr təhsili alan Mehman İsmayıllı tərəfindən həyata keçirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı, Türkiyə, Çin Xalq Respublikası, Rusiya, Almaniya, İsrail, Fransa, ABŞ və İtaliyadan olan 70-dən çox tələbə iştirak edib.

Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan "Bakı-2015" 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya idman növü olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi haqqında məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx iştirakçıların nəzərinə çatdırılıb.


Təqdimatda 40 ölkənin tələbələri iştirak edib 

Niderlandın Roterdam şəhərində yerləşən Roterdam Erasmus Universitetində "Bakı-2015" 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib. Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin beynəlxalq biznesin idarəolunması və beynəlxalq iqtisadiyyat və biznes fakültələrində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunub. Təqdimatda azərbaycanlı tələbələrlə yanaşı, Niderland, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İslandiya, Norveç, Polşa, Rusiya, Ukrayna, Çexiya, Bolqarıstan, Moldova, Rumıniya, Macarıstan, Serbiya, Çin, Tayvan, Koreya, Yaponiya, İndoneziya, Vyetnam, Hindistan, Nepal, Gürcüstan, Qazaxıstan, İran, Türkiyə, ABŞ, Kanada, Surinam, Braziliya və Kolumbiyadan olan 100-dən artıq tələbə iştirak edib.

Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək "Bakı-2015" 1-ci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişinda Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycan, onun tarixi və dəyərləri, eləcə də burada Oyunlar zamanı turistlər üçün yaradılacaq imkanlar haqqında məlumat verildiyi təqdimat iştirakçılarla fikir mübadiləsi ilə davam edib. İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb və Avropa Oyunları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov