Ölkəmizin
hər yerində olduğu kimi Bakıdakı 158 nömrəli tam orta
məktəbdə də "Son zəng" həyəcanlı və sevinc dolu anlarla
yadda qalıb.
Məktəbin bayramsayağı bəzədilmiş həyətində səhər saat
8-dən başlayaraq qəhrəmanlıq marşları, vətən, məktəb
həyatı ilə bağlı musiqi səslənib. Məktəbdə məzunların
həyəcanla gözlədiyi acılı-şirinli 11 illik məktəb
həyatının sona çatdığını bildirən "Son zəng" çalınıb.
Artıq həyəcanlı günlər, heç zaman bitməyəcəyini təsəvvür
etdikləri dərs saatı məktəb divarları arasında qalıb...
Məktəbin direktoru Zemfira Səmədova "Son zəng" günündə
duyğulu anlar yaşayan məzunları və onların
valideynlərini, unudulmaz günün hərarətinə toplaşan
mərasim iştirakçılarını, birinciləri təbrik edərək
onlara uğurlar arzulayıb. Direktor məktəbin son illərdə
qazandığı uğurlardan fəxrlə söz açıb. Bildirib ki, bu
il tədris ocağını 176 məzun bitirib. "İnanıram ki,
onlar orta məktəbin buraxılış və ali məktəblərə qəbul
imtahanlarında uğurlar qazanacaqlar".
Sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına
verilib. Onlar möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarına məktəblilərə göstərdiyi diqqət və qayğıya
görə ən xoş arzularını və minnətdarlıqlarını
bildiriblər.
Şəhid anası Xanım Bünyadzadə, veteran müəllimlər çıxış
edərək orta təhsili başa vurub müstəqil həyata atılan
gəncləri təbrik ediblər. Məzunlardan Qəmər Əkbərzadə,
Səməd Hüseynzadə müəllimlərinə təşəkkürlərini bildirərək
onların etimadını doğruldacaqlarına əminlik ifadə
ediblər.
Sonda xoş melodiyalar səslənib. "Son zəng"in kövrək
sədaları ətrafı bürüyüb. Daha bir ilin son zəngi də
bununla bitib və neçə-neçə gəncimiz yeni həyat yollarına
üz tutub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |