"Naxçıvan"
Universitetində 28 may - Respublika Günü ilə əlaqədar
"Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli
dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda
elmi konfrans keçirilib. Konfransı açan universitetin
rektoru, professor İsmayıl Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta
uğraması səbəblərindən, müstəqilliyimizin bərpası və
qorunub saxlanılması istiqamətində ümummilli lider
Heydər Əliyevin apardığı müdrik siyasətdən ətraflı
danışıb.
Konfransda universitetin ümumi tarix kafedrasının
müəllimləri, dosent Elçin Zamanovun "XX yüzilin
başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət:
Milli dövlətçiliyə gedən yol", tarix üzrə fəlsəfə
doktoru Mehman Şabanovun "28 Maydan başlayan milli
mübarizə tariximiz" və tarix müəllimliyi ixtisasının II
kurs tələbəsi Püruz Qasımovanın "28 may Respublika Günü
müasir gəncliyin baxışlarında" mövzularında çıxışları
dinlənilib. Bildirilib ki, 23 ay yaşamasına baxmayaraq,
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi
bütün azərbaycanlılar üçün əzizdir. Azərbaycan
xalqının, onun mütəfəkkir insanlarının müstəqilliklə
bağlı arzu və istəkləri demokratik respublikanın
yaranması ilə nəticələndi. Bu gün müstəqil Azərbaycan
Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi
dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Ulu
öndər Heydər Əliyev tərəfindən Azərbaycanın
dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər
görüldü, ölkədə sabitlik bərpa edildi və ən əsası
dövlətimiz strateji inkişaf yoluna çıxarıldı. Vurğulanıb
ki, bu gün dahi rəhbərin yolu ölkə başçısı cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə
aparılan iqtisadi və sosial islahatlar muxtar
diyarımızda da bəhrəsini verməkdədir.
Konfransa universitetin tədris işləri üzrə prorektoru,
tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli
yekun vurub.
Sonda mövzu ilə bağlı slayd nümayiş etdirilib.
Nuray ƏSGƏROVA |