Sumqayıt
Dövlət Universitetində 28 may - Respublika Günü,
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci
ildönümü qeyd olundu.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildi.
Tədbirdə universitetin rektoru Elxan Hüseynov çıxış
edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci
ildə gərgin və mürəkkəb ictimai-siyasi bir şəraitdə
yaranaraq cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq
xalqımızın yaddaşına tariximizin ən parlaq
səhifələrindən biri kimi əbədi həkk olunmuşdur.
Rektor vurğuladı ki, XX əsrin 90-cı illərində Azərbaycan
ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, ölkəmiz ilk
illər çətin ictimai-siyasi proseslər məngənəsində idi.
Xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm
sürən xaos və anarxiya mühiti müstəqilliyin yenidən
itirilməsi təhlükəsini gündəmə gətirmişdi. Amma 1993-cü
ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın
təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün
təhlükələri aradan qaldırmışdır.
Rektor Elxan Hüseynov onu da qeyd etdi ki, ulu öndər
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən
müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin
daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin
artırılmasına dəyərli töhfələr verməkdədir. Bu baxımdan
Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin
milli vətənpərvərlik hissini gücləndirmək məqsədi ilə
dərslərin ilk saatı Azərbaycan Xalq Cümhuriyyətinin
qısa, lakin şərəfli tarixinə həsr olunmuşdur.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti
haqqında sənədli film nümayiş olundu.
Mətbuat xidməti |