Mayın
26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Respublika Gününə həsr
olunmuş "Şərqdə ilk demokratik dövlət" mövzusunda tədbir
keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti,
təhsil ictimaiyyətinin və KİV nümayəndələri iştirak
edirdilər. Heydər Əliyev muzey-lektoriyasında təşkil
olunmuş tədbirdə institutun rektoru, professor Asəf
Zamanov çıxış etdi. Rektor tarixə nəzər salaraq bildirdi
ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin
28 may günü hazırda Respublika Günü kimi qeyd olunur.
Müsəlman Şərqində ilk parlament respublikası -
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim
dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas
dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. İlk
qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və
cinsindən asılı olmayaraq, ölkəmizin bütün
vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin
yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur.
Rektor onu da qeyd etdi ki, cəmi 23 ay yaşamış
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi
bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla
belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran
hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan
səhifələr də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz
dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi
quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə
sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü
əhəmiyyət kəsb etmişdir.
Tədbirdə BPKİYİ-nin baş müəllimi, tarixçi alim Aydın
Aslanov "Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk
demokratik dövlət" mövzusunda məruzə etdi. Digər çıxış
edənlər də bu əlamətdar günün əhəmiyyətindən danışdılar.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |