"Mənim universitetim" layihəsinin budəfəki hədəfi
Azərbaycan Memarlıq və İnşaat Universitetidir
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
1920-ci ilin may ayında Azərbaycan
Xalq Maarif Komissarlığının sərəncamına əsasən Bakıda
Politexnik İnstitutunun açılması ilə bağlı komissiya
təşkil olunur. Komissiyanın fəaliyyətinin nəticəsi
olaraq 1920-ci il noyabrın 16-da Nəriman Nərimanov
tərəfindən Bakı Politexnik İnstitutunun təsis olunması
haqqında dekret imzalanır. Ümummilli lider Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan SSR
Nazirlər Soveti ölkədə memarlıq, tikinti və
iqtisadiyyatın digər sahələri üçün yüksək ixtisaslı
kadrlar hazırlamaq məqsədi ilə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunun yaradılması haqqında qərar
verir. Bu qərara əsasən 1975-ci ildə Çingiz İldırım
adına Azərbaycan Politexnik İnstitutunun 4 fakültəsi və
bir neçə ixtisas kafedrasının bazası əsasında yaradılan
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu müstəqil
fəaliyyətə başlayır. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli
Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat
Universiteti adlandırılır. AzMİU 2014-2015-ci tədris
ilində bakalavr pilləsində 20, magistratura pilləsində
isə 37 ixtisaslaşma üzrə kadr hazırlığı aparır.
Universitetdə 8 fakültə, o cümlədən xarici vətəndaşların
hazırlığı fakültəsi, kollec və lisey fəaliyyət göstərir.
Bundan başqa, ali təhsil ocağında ixtisasartırma
fakültəsi var ki, burada da təşkil edilən ixtisasartırma
kurslarında Bakı şəhəri və respublikamızın bölgələrində
fəaliyyət göstərən tikinti təşkilatlarından göndərilən
mühəndis-texniki kadrlar dinləyici kimi ixtisaslarını
artırırlar. 2014-2015-ci tədris ilində universitetdə
bakalavriat səviyyəsində 6049 nəfər təhsil alır.
Onlardan 5385-i əyani, 664-ü isə qiyabi şöbənin payına
düşür. 2015-ci ildən AzMİU-da 3 ixtisas üzrə SABAH
qrupları fəaliyyət göstərir ki, burada da 40-a yaxın
tələbə təhsil alır. Bu tədris ilində ali təhsil
ocağının magistratura səviyyəsində 485 nəfər təhsil alır
ki, onlardan 407-si əyani, 78-i isə qiyabi şöbənin
tələbəsidir. 2014-2015-ci tədris ilində universitetdə
792 əcnəbi vətəndaş təhsil alır. Onlardan 128-i hazırlıq
fakültəsində oxuyur. Ötən il universitetin bakalavr
pilləsinə 1415 nəfər qəbul olunub. Qəbul olunanların
458 nəfəri dövlət sifarişli, 957 nəfəri isə ödənişli
əsaslarladır. 2014-2015-ci tədris ilində universitetə
197 magistr qəbul olub. 2014-cü ildə fəlsəfə doktoru
proqramı üzrə doktoranturaya 13 nəfər, dissertanturaya 8
nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 2
nəfər qəbul olub. Hazırda universitetin 38 kafedrasında
və büdcədən maliyyələşdirilən 5 elmi-tədqiqat
laboratoriyasında 74 elmlər doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
müxtəlif beynəlxalq akademiyaların üzvləri, 581 elmlər
namizədi, dosent, müəllim, assistent və elmi işçi
çalışır. Ali təhsil ocağına
2000-ci ildən etibarən
memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbərlik
edir.
Maddi-texniki baza
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 5
tədris korpusundan ibarətdir. Universitetdə müasir
avadanlıqlarla təchiz olunmuş idman zalı fəaliyyət
göstərir. Həmçinin iki zaldan ibarət yeməkxana və hər
bir korpusda kafelər fəaliyyət göstərir. Universitetin
tələbə şəhərciyi var. Şəhərcikdə xarici tələbələr üçün
ayrıca 9 mərtəbəli yataqxana binası və kommersiya
əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir.
Tələbələr burada dərslərə hazırlaşmaqla yanaşı, öz asudə
vaxtlarını da səmərəli keçirə bilirlər. Bunun üçün
şahmat klubu, idman meydançaları, tələbə kafeləri var.
Bir
çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə
təchiz olunub. Tədris və elmi-tədqiqat laboratoriyaları
fəaliyyət göstərir. Hazırda beynəlxalq internet şəbəkəyə
çıxışı olan kafedraların sayı 30, internetlə təchiz
olunmuş auditoriyaların sayı isə 11-dir.
İnformasiya texnologiyalarının tətbiqi ilə bağlı 2014-cü
ildə görülən işlər sırasına əməkdaşların elektron
məlumat sisteminin tətbiq edilməsi, elektron
kitabxananın yaradılması daxildir. Bunlarla yanaşı İKT
mərkəzinin yenilənməsini, Web səhifənin yeni formatda
iki dildə yaradılmasını, "Elektron universitet"
sisteminin bir sıra modullarının beta versiyalarının
hazırlanmasını qeyd etmək lazımdır.
Azərbaycan Respublikasında sənayenin inkişafına dair
2015-2020-ci illər üçün Dövlət Proqramının həyata
keçirilməsi üzrə Tədbirlər Planında göstərildiyi kimi
özəl sektorun cəlb edilməsi ilə universitetdə innovasiya
mərkəzinin yaradılması istiqamətində hazırlıq işlərinə
başlanılıb. Bu məqsədlə Türkiyənin Orta Doğu Texniki
Universitetinin təcrübəsindən istifadə etmək
planlaşdırılır.
2014-cü ilin yanvar ayında yaradılan Strateji
planlaşdırma şöbəsi ötən il ərzində universitetin
inkişafı üçün bir sıra işlər görüb. "Paşa Holdinq",
"Təmiz şəhər", "AEKOM", "Holsim", "Paşa inşaat", "Aksesuar
inşaat" şirkətləri ilə əməkdaşlıq memorandumları
imzalanıb və bu memorandumlar çərçivəsində bir sıra
işlər görülmüşdür. Tərəfdaş şirkətlərin maliyyəsi
hesabına universitetdə 3 müasir laboratoriya qurulur.
Şöbənin işi nəticəsində universitetin maddi-texniki
bazasının inkişafına 290 min manat cəlb edilib.
2
saylı tədris korpusunun 2, 4, 12-ci mərtəbələrində tam,
3-cü mərtəbənin laboratoriya otaqlarında əsaslı təmir
işləri aparılıb. Korpusun sanitar qovşağı və istilik
sistemi tam yenidən qurulub. 3 saylı tədris korpusunda
əsaslı təmir işləri aparılıb və yeni avadanlıqla təchiz
olunub.
4 saylı tədris korpusunda istilik xətti tam
dəyişdirilmiş, otaqlarda döşəmə yeni parket döşəmə ilə
əvəz olunub, yeni qapılar quraşdırılıb, dam örtüyündə
lazımi yerlərdə izolyasiya qatı dəyişdirilib.
2014-cü ildə universitetin 1 saylı tədris korpusunun
mərtəbələrində, pilləkən qəfəslərində, korpusun texniki
mərtəbəsinin dam örtüyündə cari təmir işləri aparılıb,
Nəşriyyat Poliqrafiya Mərkəzi yeni avadanlıqlarla təchiz
edilib.
1 saylı istilik qazanxanasında cari təmir işləri
aparılıb, bəzi yerlərdə istilik xətti dəyişdirilib,
qazanxana qış mövsümü üçün tam hazır vəziyyətə
gətirilib.
Layihə İnstitutu
2011-ci
ildə "Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Layihə İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyət
yaradılıb. İnstitut Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı
və Bakının İnkişaf Planı ilə əlaqədar Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondunun keçirdikləri tenderlərdə dəfələrlə qalib olub.
İnstitut əməkdaşlarının birgə hazırladıqları layihələr
əsasında paytaxtda və regionlarda bir sıra müxtəlif
təyinatlı binalar ucaldılıb.
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu ilə bağlanmış müqavilələr siyahısında
"Balakən şəhəri ərazisində 43 məcburi köçkün ailəsi üçün
yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi"
və "Qəbələ rayonu, Zarağan bələdiyyəsinin ərazisində
öncə salınmış yeni yaşayış məhəlləsində 155 məcburi
köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli yaşayış binasının
layihələndirlməsi" işləri yerinə yetirilib, müəlliflik
nəzarəti aparılaraq tikintisi başa çatıb və məcburi
köçkünlərə təhvil verilib. Eləcə də "Hacıqabul rayonu
ərazisində 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış
qəsəbəsinin layihələndirilməsi" və "Sabirabad rayonu
ərazisində 440 məcburi köçkün ailəsi üçün zəruri
sosial-texniki infrastrukturu olan yeni yaşayış
qəsəbəsinin layihələndirilməsi" işləri başa çatdırılıb.
Qeyd edək ki, Hacıqabul rayonu ərazisində 101 məcburi
köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsində institut
tərəfindən müəlliflik nəzarəti aparılaraq tikintisi
davam etdirilir və yaxın zamanda işlər başa
çatdırılacaq.
İmtahan sessiyası
2014-cü ildə imtahan sessiyalarının təşkilində əldə
olunan yenilik semestr ballarının əvvəlcədən sistemə
daxil olması və tələbələrin test imtahanı zamanı həm
imtahan, həm də yekun bal haqqında məlumat alması
imkanıdır.
Tələbələrin biliyinin qiymətləndirilməsində
obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə
universitetdə rektorun rəhbərliyi ilə münaqişə
komissiyası və ictimai təşkilatları özündə birləşdirən
qərargah fəaliyyət göstərib. Universitet üzrə nəzərdə
tutulmuş imtahanların 60%-i test üsulu ilə kompüterlə,
40%-i rektorluğun monitorinqi ilə yazılı, o cümlədən
15%-i qabilliyət tələb edən fənlər üzrə xüsusi
auditoriyalarda təşkil olunub. İmtahanlar
mərkəzləşdirilmiş qaydada müşahidə kameraları ilə təchiz
olunmuş imtahan zallarında keçirilir. Universitetdə
yazılı imtahanların keçirilməsi və yoxlanılması
mexanizmi işlənib hazırlanmış, tələbələrin yazı
işlərinin şifrələnməsi və yoxlanılması rektorluqda
həyata keçirilir.
İstər test, istərsə də yazılı imtahanların nəticələri
ilə əlaqədar tələbələrin şikayətləri imtahan qrupu
tərəfindən araşdırılır və müvafiq qərar qəbul olunur.
Bütün fənlər üzrə test bankları və yazılı imtahan
sualları universitetin Tədris şöbəsinə təqdim edilir.
İmtahanlarda obyektivliyin təminatı istiqamətində
görülən işlərdən biri də imtahan biletlərinin tədris
şöbəsində hazırlanaraq məxfi saxlanılmasıdır.
2014-cü
ilin yayında universitet üzrə akademik borcu olan
tələbələrin kəsrlərinin ləğvi məqsədi ilə ödənişli
əsaslarla, 5 həftəlik yay məktəbi təşkil olunub.
İmtahan sessiyalarının keçirilməsində test sisteminin
böyük əhəmiyyətini nəzərə alaraq onun təkmilləşməsi
üçün fəaliyyət davam etdirilir.
Tədris və istehsalat təcrübəsi
Universitetdə ixtisaslar üzrə hər bir tədris ili üçün
təcrübə proqramları tərtib və müzakirə olunaraq təsdiq
edilib. Mövcud standartlar əsasında tərtib edilmiş
proqramlar tələbələrin təcrübi hazırlığının əsas
istiqamətlərini müəyyənləşdirməklə yanaşı, metodiki
göstəriş kimi də istifadə olunur. Proqramlarda
təcrübələrin həyata keçirilməsi prosesində əməyin
mühafızəsi, tərbiyə işləri, elmi-tədqiqat və
elmi-pedaqoji fəaliyyətin əsas istiqamətlərinin əks
olunması da müsbət xüsusiyyət kimi qeyd olunmalıdır.
Tələbələrin təcrübə keçdiyi şirkətlərin sırasına 2014-cü
ildə yeni şirkətlər əlavə olunub, təcrübə zamanı işə
götürülən və əməkhaqqı alan tələbələrin sayı artıb.
2014-cü ildə tələbələr Neft Şirkətində, "Azərsu" ASC, "Meliorasiya
və Su Təsərrüfatı" ASC, Dərin Özüllər Zavodunda təcrübə
keçiblər. 3683 tələbə təcrübəyə göndərilib. Onlardan 180
nəfəri təcrübə zamanı daha uzun müddətə əməkhaqqı ilə
işə götürülüb.
Professor-müəllim heyətinin ixtisasının artırılması
istiqamətində də ötən il ənənəvi ixtisasartırma və
stajkeçmədən əlavə xaricdə qısamüddətli treninqlər və
stajkeçmələr həyata keçirilib.
2014-cü ildə universitetin müəllimləri Türkiyədə,
Litvada, Gürcüstanda, Yaponiyada, İtaliyada və başqa
ölkələrdə beynəlxalq layihələr və ikitərəfli əməkdaşlıq
müqavilələri çərçivəsində qısamüddətli stajkeçmədə
olublar. Ötən ilin dekabr ayında inşaat və su
təsərrüfatı fakültəsinin 10 müəllimi Cənubi Koreyada "Ekologiya
və su təsərrüfatı üzrə potensialın gücləndirilməsi"
proqramı ilə 10 günlük treninq keçib. Xarici
stajkeçmələrin və treninqlərin artırılması üçün
rektorluq müvafiq təşkilatlara müraciət edib.
Müəllim fəaliyyətinin stimullaşdırılması və əməyin daha
düzgün qiymətləndirilməsi məqsədilə Strateji
planlaşdırma şöbəsi Reytinq bal sisteminin layihəsini
hazırlayıb.
Elmi-tədqiqat işləri
2014-cü il ərzində universitetdə 38 kafedrada və
büdcədən maliyyələşdirilən 5 elmi-tədqiqat
laboratoriyasında 52 mövzu üzrə elmi-tədqiqat işləri
yerinə yetirilib.
Aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi
memarlığın, inşaatın, texnoloji maşın və avadanlıqlar
mühəndisliyinin və digər sahələrin müasir problemlərini
araşdırmaq və onların nəticələrinin tədrisə və
istehsalata tətbiqindən ibarət olub. 2014-cü ildə
universitet üzrə yerinə yetiriləcək elmi-tədqiqat
işlərinin beş il müddətinə planı təsdiq olunub.
Universitetin professor-müəllim heyəti kafedralarda və
elmi-tədqiqat laboratoriyalarında apardıqları elmi
mövzularla bağlı ölkədə və xaricdə fəaliyyətdə olan
şirkətlər, müəssisələr və elmi-tədqiqat institutları ilə
əlaqələrini genişləndirib.
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıya
əsasən universitetdə 6 elmi konfrans (4 beynəlxalq və 2
respublikadaxili) keçirilib. Bunlarla yanaşı
universitetin professor-müəllim heyəti, gənc
tədqiqatçılar və doktorantlar respublikada, müxtəlif
xarici ölkələrdə təşkil olunmuş elmi konfranslarda,
simpoziumlarda və seminarlarda məruzələrlə çıxışlar
ediblər.
Bu konfransların içərisində Azərbaycan Memarlıq və
İnşaat Universitetinin MOOCAO, Azərbaycan Memarlar
İttifaqı və MDB ölkələrinin iştirakı ilə Memarlıq
məktəblərinin ən yaxşı buraxılış işlərinin XXIII
beynəlxalq baxış- müsabiqəsi çərçivəsində keçirilən
"Memarlıq təhsilində innovasiyalar" (11-18 oktyabr
2014), Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Beynəlxalq
Ekoenergetika Akademiyasının həmtəşkilatçılığı ilə
"Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit"
(21-22 oktyabr 2014), Azərbaycan Respublikası
Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərbaycan
Respublikası "Azərsu" ASC-nin, Mərkəzi Asiya və Qafqaz
ölkələrinin Qlobal Su Əməkdaşlığının həmtəşkilatçılığı
ilə "Su təsərrüfatı, mühəndis kommunikasiya
sistemlərinin müasir problemləri və ekologiya" (14-15
aprel 2014) adlı konfranslar xarici və yerli
mütəxəssislərin, alimlərin iştirakı ilə təşkil olunub.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası", Azərbaycan Respublikasında
2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı
"Tədbirlər Planı"na uyğun olaraq fundamental və tətbiqi
xarakterli elmi-tədqiqat layihələri müsabiqəsinə
universitetdən iki layihə təqdim edilib.
Ötən il universitet əməkdaşları tərəfindən 13 fəlsəfə
doktorluğu, 1 elmlər doktorluğu dissertasiyaları müdafiə
edilib. Həmçinin 1 nəfər professor, 4 nəfər isə dosent
elmi adları alıb.
2014-cü ildə universitetin alimləri tərəfindən 482
məqalə dərc etdirilib və ixtiralara 2 patent alınıb.
Dərc olunmuş məqalələrin 86-sı xaricdə, o cümlədən
onlardan 5-i impakt-faktorlu jurnallarda dərc olunub.
2014-cü ildə universitetin müəllimləri 19 monoqrafiya,
33 dərslik, 32 dərs vəsaiti, 192 adda proqram, metodik
vəsait və s. nəşr etdiriblər. 2014-cü ildə fəlsəfə
doktorluğu üzrə iki, elmlər doktorluğu üzrə isə bir
dissertasiya şurası fəaliyyət göstərib.
Universitetdə "Elmi əsərlər", "Ekologiya və su
təsərrüfatı", "Nəzəri və tətbiqi mexanika", "Urbanizm"
adlı elmi jurnallar nəşr olunur.
"Elmi əsərlər" universitetin əsas nəşridir və onun
təkmilləşdirilməsi, beynəlxalq səviyyəyə çatdırılması
günün aktual tələbidir. Bu məqsədlə çox nüfuzlu sayılan
"Springer" nəşriyyatı ilə gələcək əməkdaşlıq barədə
razılıq əldə edilib.
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair
2015-2020-ci illər üçün Dövlət Proqramının həyata
keçirilməsi üzrə "Tədbirlər Planı"na uyğun olaraq özəl
sektorun cəlb edilməsi ilə universitetdə innovasiya
mərkəzinin yaradılması istiqamətində işlərə
başlanılacaq.
Laboratoriyalar
Universitetdə praktiki və laboratoriya dərslərinin
keçirilməsi üçün zəruru avadanlıqla təchiz edilmiş
laboratoriya bazası vardır. 2014-cü ildə bu bazanın
inkişafı üçün "Materiallar müqaviməti" və "Hidrotexniki
qurğular və hidravlika" kafedralarına universitetin
hesabına yeni laboratoriya avadanlığı alınıb.
"Paşa İnşaat" şirkətinin maliyyə dəstəyilə "Dəmir-beton
konstruksiyaları" laboratoriyası, "Holsim" şirkətinin
maliyyə dəstəyi ilə "Yapışdırıcı materiallar"
laboratoriyası yaranma prosesindədir.
"Azərsu" ASC-nin maliyyəsi hesabına Su təchizatı
problemləri üzrə ET və tədris laboratoriyası yaradılıb.
"İnformasiya sistemləri" üzrə tədris
laboratoriyası
2001-ci ildə yaranıb. 3 laboratoriya tədris məqsədilə
kompüterlə təchiz olunub, 1 laboratoriyada isə kompüter
və proyektorla təchiz olunmuş kompüter sinfi yaradılıb.
Ümumilikdə 25 ədəd kompüter var.
"İnşaat materialları elmi tədqiqat və
sınaq" laboratoriyası
2006-cı ildə yaradılıb. Laboratoriya Azərbaycan
Respublikası Milli Sertifikatlaşma sistemində
akkreditasiya olunub. Laboratoriya təsərrüfat hesablı
olmaqla tikinti şirkətləri ilə müqavilə əsasında inşaat
materiallarının sınağını həyata keçirir. "Kimya"
kafedrasının nəzdində üzvi, fiziki, analitik, ümumi və
su kimyası tədris laboratoriyaları fəaliyyət göstərir.
Burada laboratoriya işləri aparılır. Laboratoriyalar
kimyəvi reaktivlərlə, turşularla və reaksiyaları həyata
keçirmək üçün avadanlıqlarla təmin olunub.
"Materiallar müqaviməti" laboratoriyası
2 otaqdan ibarətdir. Laboratoriyada tədris məqsədilə
bütün növ deformasiyaları və gərginlikləri öyrənmək və
ölçmələr üçün xüsusi cihazlar var.
Avropa Birliyinin TEMPUS layihəsi (CD_JEP 25043-2004)
əsasında 2004-cü ildə Binanın enerji menecmenti
sistemləri tədris laboratoriyası yaradılıb. Mərkəzi
kondisioner sistemi ilə təmin olunmuş laboratoriya 2
otağı yayda soyuq, qışda isti hava ilə təmin etmək üçün
avtomatik idarə olunur. Laboratoriyalarda kompüterlə
avtomatik idarəetmə və tənzimləmə sistemi həyata
keçirilir.
"Knauf" tədris mərkəzi
"Knauf" şirkəti tərəfindən 2008-ci ilin sentyabr ayında
təşkil olunub. Burada gips və gips əsasında inşaat
materialları və məmulatlarından istifadə olunur.
Memarlıq, inşaat və texnologiya fakültələrinin
tələbələrinə adıçəkilən mövzu ilə bağlı dərslər burada
elektron variantda tədris olunur. Binalarda "Knauf"
şirkətinin "Daxili işləmələrinin kompleks sistemləri"
mərkəzdə tələbələrə əyani şəkildə öyrədilir. Eyni
zamanda burada tikinti şirkətinin işçiləri üçün
qısamüddətli kurslar da təşkil olunur və kursu
bitirənlərə "Knauf" şirkətinin "Daxili işləmələrinin
kompleks sistemləri"nin mənimsənilməsi barədə sertifikat
verilir. "Mühəndis geodeziyası" kafedrasının
Alətşünaslıq laboratoriyası Alətşünaslıq və müasir
ölçmə texnologiyaları laboratoriyasında GPS peyk
qəbulediciləri, TPS elektron taxometrləri, DNA elektron
nivelirləri, Disto lite lazer məsafəölçənləri ilə təchiz
edilmişdir. Bu alətlərdən məşğələ - laboratoriya
dərslərində və yay çöl tədris təcrübələrində tələbələr
istifadə edirlər.
Mühəndis geodeziyası kafedrasının "Netcad" tədris
mərkəzi 2008-ci ildən etibarən "Mühəndis geodeziyası"
kafedrasının Türkiyənin Netcad şirkəti ilə əməkdaşlığı
sayəsində kafedranın nəzdində Netcad tədris mərkəzi
yaradılmışdır. Mərkəzə kafedranın müdiri, dosent
S.A.Qəniyeva rəhbərlik edir. Mərkəzdə həm azərbaycanlı,
həm də xarici tələbələrə müxtəlif GIS, geodeziya,
kadastr və s. sahələr üzrə proqramlar öyrədilir,
təlimlər keçirilir.
Kitabxana
AzMİU kitabxanası istifadəçiləri tədqiqat işlərinə uyğun
mövzuları kitabxananın istifadəçi qayda-qanunları və
digər müvafiq üsullarla lazımi formatlarda əldə edə
bilərlər. İstifadəçilər həmçinin dünyanın aparıcı
kitabxanaları ilə informasiya mübadiləsi razılaşması
sayəsində elmi resurslardan sərbəst istifadə etmə
üstünlüyünə də sahibdirlər.
Universitetin əməkdaşları istər çap, istərsə də elektron
formatlarda olan vəsaitlərin alınmasına, həmçinin digər
universitetlərin kitabxanaları ilə daimi və ya müvəqqəti
istifadəçilik hüquqlarının təmin edilməsinə çalışırlar.
Universitetdə 517 mindən çox kitab fonduna malik olan
elektron kitabxana (www.library.azmiu.edu.az)
fəaliyyət göstərir. AzMİU-nun elektron kitabxanasında
müxtəlif dərsliklər, mühazirələr və müxtəlif dillərdə
olan kitablar var. Universitetdə tədrisin və
elmi-tədqiqat işlərinin inkişafını təmin etmək,
tələbə-magistrlərin elmi və bilik potensialını
möhkəmləndirmək məqsədi ilə kitabxana Azərbaycan
Kitabxana İnformasiya Konsorsiumuna üzv olub.
Universitet alimlərinin elmi məqalə və patentlərinin
nüfuzlu jurnallarda dərc olunmasında və fəaliyyətlərində
yeni texnologiyaların tətbiqində elektron baza böyük rol
oynayır. Kitabxanalar üçün elektron informasiya bazaları
gənc tədqiqatçı alimlərə böyük dəstəkdir. Təkcə EBSCO
bazasında kitabxana oxucuları 7240 jurnaldan, 2500
kitabdan və 378 qəzetdən faydalana bilərlər. Bununla
bərabər BioOne, Cambridge Journals Online, OECD
iLibrary, Oxford English Dictionary Online, Oxford
Reference Online, Springer və s. elektron resurslardan
birbaşa ödənişsiz faydalanmaq mümkündür.
Beynəlxalq
əlaqələr
Azərbaycan Memarlıq və İnşaat Universiteti bir çox
beynəlxaq qurumların, o cümlədən Qara Dəniz
Universitetlər Birliyinin, Avropa Memarlıq Məktəbləri
Birliyinin, MDB Ölkələri İnşaat Universitetləri
Assosiasiyasının üzvüdür.
Beynəlxalq əlaqələr sahəsində 2013-2014-cü tədris ilində
AzMİU-da təhsilin keyfiyyətinin artırılması məqsədilə
bir neçə istiqamətdə iş aparılıb, ikili diplom və
beynəlxalq mübadilə proqramları həyata keçirilib.
2012-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat
Universiteti ilə İstanbul Texniki Universiteti arasında
inşaat mühəndisliyi ixtisası üzrə bakalavr pilləsi üçün
ikili diplom protokolu əldə olunub, 2014-cü ilin mart
ayında AzMİU ilə İngiltərənin Northampton Universiteti
arasında "Urbanizm" və "Tullantıların menecmenti"
ixtisasları üzrə ikili magistr diplomu proqramının
icrası üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
Kurikulumlar uyğunlaşdırılıb, tələbələr üçün bir sıra
güzəştlər əldə olunub.
İkili diplom və mübadilə layihələrinin həyata
keçirilməsi üçün əsas şərt ingilis dilində təhsilin
təşkilidir. Hazırda memarlıq və inşaat ixtisasında
ingilis qruplarında 74 tələbə təhsil alır. Mübadilə
proqramlarında iştirak etmək üçün Əcnəbi dillər
kafedrası Xarici əlaqələr şöbəsi ilə birgə ingilis dili
imtahanı keçirir və nəticələrə əsasən beynəlxalq
tələblərə uyğun arayış verir. Bu arayışa sahib olanlar
Avropa Birliyinin Erasmus-Mundus proqramının mübadilə
layihələrində iştirak etmək hüququ qazanırlar.
2013-2014-cü tədris ilində 21 müəllim və 25 tələbə
yüksək nəticələr göstərərək bu cür arayış alıblar.
Erasmus-Mundus proqramı olan TEMPO (Trans European
Mobility Program) layihəsi çərçivəsində 2013-2014-cü
tədris ilində 7 tələbə, 2014-2015-ci tədris ilində 8
tələbə, 2 müəllim tərəfdaş universitetlərə təhsil almaq
və tədris məqsədilə göndərilib. Uyğun olaraq
2013-2014-cü tədris ilində Avropa ölkələrindən 3 tələbə
və 1 müəllim AzMİU-da mübadiləyə qoşulub. BACKIS
(Between Baltic and Caspian Seas) mübadilə layihəsi
çərçivəsində 2013-2014-cü tədris ilində 4, 2014-2015-ci
tədris ilində isə 1 nəfər tərəfdaş universitetlərə
təhsil almaq məqsədilə göndərilib. Hər iki layihə davam
edir.
"Mövlanə" Mübadilə Proqramı çərçivəsində 2013-2014-cü
tədris ilində 9 tələbə, 2 müəllim, 2014-2015-ci tədris
ilində 17 tələbə (1 semestr müddətində), 3 müəllim
tərəfdaş universitetlərə təhsil almaq və tədris
məqsədilə göndərilib. Uyğun olaraq 2013-2014-cü tədris
ilində Türkiyənin Bartın və Sakarya universitetlərindən
4 müəllim AzMİU-da mübadiləyə qoşulub. 2014-2015-ci
tədris ilində isə Türkiyə universitetlərindən 6
müəllimin AzMİU-ya gələcəyi gözlənilir.
AzMİU-nun tərəfdaş universitet kimi İtaliyanın Roma "La
Sapienza" Universiteti ilə birlikdə iştirak etdiyi
"Nanotexnologiyalar əsasında Ekologiya mühəndisliyi
tədris proqramında islahat və modernləşdirmə - ECONANO"
TEMPUS layihəsi adlanır. Bu layihə çərçivəsində
2013-2014-cü tədris ilində AzMİU-nun ekologiya
mühəndisliyi ixtisası üzrə magistr təhsili almış 4 məzun
tələbə 9 aylıq Ekologiya Mühəndisliyi sahəsində
Təkmilləşdirilmiş Kursa (Advanced Course on Ecology
Engineering - ACEE) qəbul edilib. 2015-ci ilin
mart-aprel-may aylarında AzMİU-nun təhsildə fərqlənmiş
və layihədə iştirak edən tələbələri İtaliyanın Roma "La
Sapienza" Universitetində öz dissertasiya mövzularına
uyğun olaraq 3 aylıq staj keçiblər. Tələbələrin bütün
xərcləri "ECONANO" TEMPUS layihəsi tərəfindən
ödənilmişdir.
AzMİU "Ali təhsil müəssisələrində informasiya və
kommunikasiya texnologiyalarından səmərəli istifadə
edilməsi üçün şəraitin yaradılması - ENOTES" (ECDL
National Operator and Test Centers in Azerbaijan) adlı
TEMPUS layihəsində 2012-ci ildən iştirak edir. Bu
layihə çərçivəsində 10 nəfər əməkdaş qısamüddətli təlim
səfərlərində olmuş, universitetin müəllimləri tərəfindən
bir dərs vəsaiti yazılıb, AzMİU-da İKT sahəsində müasir
avadanlıqla təchiz olunmuş ECDL təlim və test mərkəzi
yaradılıb.
Universitetin digər TEMPUS layihəsi "Beynəlxalq bilik
mübadiləsi üzərindən təhsilin islahatları - RETHİNK"
adlanır.
2014-cü ildə də universitet üzv olduğu beynəlxalq
təşkilatlarla əməkdaşlığı davam etdirməkdədir.
Memarlıq tədrisinə yardım məqsədi daşıyan MDB Beynəlxalq
Regional İctimai Təşkilatının (MOOCAO) təşkilatçılığı
ilə hər il keçirilən memarlıq və dizayn üzrə buraxılış
işlərinin XXIII beynəlxalq baxış-müsabiqəsi 11-18
oktyabr 2014-cü il tarixlərində Azərbaycan Memarlıq və
İnşaat Universitetinin təşəbbüsü ilə Bakıda keçirilib.
Müsabiqədə MDB ölkələrinin 53 ali memarlıq məktəbini,
250-dən çox iştirakçı təmsil etmiş, 616 buraxılış və
mütəxəssis işi, magistr dissertasiyasına baxış
keçirilib. Yekunda dərslik və dərs vəsaitləri
müsabiqəsində 2 müəllim laureat adına, 2 müəllim isə
diplomlara layiq görülüb. Beynəlxalq baxış-müsabiqədə
tələbələr müxtəlif dərəcəli diplomlarla təltif
olunublar.
AzMİU üzvü olduğu Romualdo Del Bianko Fondu tərəfindən
təşkil olunan bir sıra müsabiqələrdə iştirak edib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin
təmsilçilərilə 2014-cü ilin aprel ayında görüş
keçirilib, AzMİU-da Birliyin Azərbaycan nümayəndəliyi
açılıb və növbəti qurultayın 2016-cı ildə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin iştirakı ilə Bakıda
keçiriləcəyi barədə təşkilati protokol imzalanıb.
Təhsilin təkmilləşdirilməsi və beynəlxalq standartlara
uyğunlaşdırılması üçün universitetin 56 müəllimi
2013-2014-cü tədris ilində müxtəlif ezamiyyət
səfərlərində iştirak ediblər.
Tələbələrin
beynəlxalq tədbirlərdə və yay məktəblərində iştirakı
5-15 iyul 2014-cü il tarixlərində bir qrup tələbə
Fransanın paytaxtı Parisin "Paris Langues" Dil Tədris
Mərkəzində dil kurslarında iştirak edib.
1-15 iyul 2014-cü il tarixlərində Türk Dünyası
Mühəndislər və Memarlar Birliyinin (TDMMB) təşkil etdiyi
Texniki Gəzinti və Təhsil Proqramında 5 tələbə, 06-19
iyul tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin
təşkil etdiyi İstanbul Su və Kanalizasiya İdarəsində
(İSKİ) stajkeçmə proqramında 15 tələbə, iyulun 10-dan
20-nə qədər Almaniyada "İNTER Baku" şirkətinin keçirdiyi
yay təcrübəsində 15 tələbə, Şimali Kipr Doğu Akdeniz
Universitetində 15-29 iyulda təşkil edilən "Salamisdən
Famaqustaya" adlı yay proqramlarında 24 nəfər iştirak
edib.
2014-cü ilin sentyabr ayında Rusiyanın Tomsk Dövlət
Universitetində keçirilən "ENACTUS" - Beynəlxalq
Liderlik məktəbində universitetin komandası təmsil
olunub və keçirilən müsabiqəyə qatılıb.
Hazırda bir neçə istiqamətdə maraqlı beynəlxalq
proqramlarda iştirak üçün hazırlıq işləri davam
etdirilir.
Belə layihələrdən biri də UNESCO-nun "Avicenna virtual
campus in Central Asia" layihəsidir. Bu layihənin iki il
ərzində həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə
distant təhsilin təməli qoyulmalı, kiçik beynəlxalq
elektron təhsil şəbəkəsi yaradılmalıdır.
Təhsil Nazirliyinin Dünya Bankı ilə birlikdə həyata
keçirəcəyi Ali Təhsil layihəsi üçün respublikadan dəvət
olunan beş universitetdən biri də AzMİU-dur. Onun icra
müddəti 5 illik dövrü əhatə etməlidir.
Beynəlxalq təcrübə əsasında memarlıq ixtisasının
bakalavr pilləsi üçün akkreditasiya üzərində işin
başlanması da nəzərdə tutulub. Hazırda Beynəlxalq
Memarlar Assosiasiyası - UNESCO sistemi ilə qurulmuş
validasiya komissiyası ilə bu barədə yazışmalar
aparılır.
Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində
təkliflər üzərində də iş davam etdirilir. Bir neçə
Türkiyə universiteti tərəfindən proqram çərçivəsində
yeni müəssisələrarası mübadilə proqramlarının həyata
keçirilməsi üçün təkliflər alınıb.
Erasmus+ və TEMPUS proqramı çərçivəsində layihələrlə
bağlı iş aparılır. Həmin layihələrin məqsədi
universitetlərin tədris və təhsildə keyfiyyət
meyarlarının unifikasiyası, maddi-texniki bazanın
yenilənməsi və inkişaf etdirilməsi üçün təkliflər
nəzərdə tutulur.
Muzeylər
AzMİU-da bir sıra muzeylər fəaliyyət göstərir. Heydər
Əliyev Muzeyinin açılışı 2013-cü il dekabrın 11-də
olub. Ulu öndərin həyat və fəaliyyətini, onun xalqımıza
yadigar qoyduğu zəngin irsi əks etdirən videomateriallar
muzeydə toplanıb. Burada toplanan sənədlər ulu öndərin
memarlıq və inşaat istiqamətlərinə həsr olunmuş
layihələr, foto və videomateriallar elektron vasitəsi
ilə təqdim olunur. Muzeydə 4 ədəd interaktiv monitor
qurulub.
AzMİU-nun Tarixi Muzeyi
və onun nəzdində Sərgi salonu fəaliyyət göstərir. Sərgi
salonunda universitet əməkdaşlarının və təhsil alan
tələbələrin, magistrlərin, elmi işçilərin qrafiki,
dizayn, şəhərsalma, qədim memarlıq abidələrinin bərpası,
landşaft memarlığı, yeni tikililər, istilik-qaz
təchizatı, tunellər, körpülər və s. layihə işləri,
maketlər, heykəltəraşlıq, rəsm və əl işləri, xarici
səfərlərlə bağlı layihələr nümayiş etdirilir.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil
edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu,
Qobustan Dövlət Tarixi Bədii Qoruğu, "Atəşgah məbədi"
kompleksi, qalalar, karvansaraylar və s. əhəmiyyətli
abidələrə həsr olunmuş tələbələrimizin gözü ilə" adlı
layihə, rəsm, fotosərgilər təşkil edilir.
Foto sənəti tələbələrin fikir və ideyalarını bədii
formada əks etdirməyə, sadə vasitələrlə baş verənlərə
fərdi münasibət bildirməyə imkan verir. Sərgi salonunda
bir neçə dəfə layihələrin, həvəskar rəssamların,
fotoqrafların sərgi-müsabiqəsi keçirilib, müsabiqələrin
qalibləri mükafata layiq görülüblər.
Sərgi salonunda ənənəvi olaraq hər ilin may ayında
ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümünə həsr edilmiş sərgi təşkil olunur.
Azərbaycan Respublikasının təcavüzkar Ermənistan ordusu
tərəfindən işğal olunmuş torpaqlarımızda, Dağlıq
Qarabağda qalan tarixi abidələrimizi əks etdirən əsərlər
də sərgidə vaxtaşırı yer alır. Buna şuşalı rəssam Rövşən
Bayramovun "Şuşa lövhələri"adlı sərgisini misal
göstərmək olar. Sərgi salonunda 70-dən çox müəllim və
tələbənin Almaniya, Misir, Türkiyə, İtaliya və s. ölkə
memarlarının, tanınmış sənətkarların sərgiləri təşkil
edilib.
Eyni zamanda müəllim və tələbələrin xarici ölkələr,
beynəlxalq görüş, konfrans və simpoziumlardan sonra
hesabat sərgilərinin keçirilməsini də qeyd etmək olar.
Tələbə Gənclər Təşkilatı və tələbələrin dərsdənkənar
fəaliyyəti
Universitetdə 2005-ci ildən TGT fəaliyyət göstərir.
Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin
həyata keçirilməsi istiqamətində tələbələrin
ayrı-ayrılıqda maraqlarını təmsil və müdafiə etmək,
respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi
həyatında onların fəal iştirakını təmin etməkdir.
2014-cü il fevralın 5-də "2 fevral - Azərbaycan Gəncləri
Günü" münasibətilə təşkilat 2013-cü ildəki uğurlu
fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən
mükatlandırılıb.
Universitetdə "Buta" rəqs ansamblı, şən və hazırcavablar
qrupu, xalq çalğı alətləri ansamblı, "Debat"
intellektual gənclər klubu - (breyn-rinq) kimi
yaradıcılıq özfəaliyyət kollektivləri də fəaliyyət
göstərir.
1986-cı ildə universitetin nəzdində qızlardan ibarət "Sevinc"
rəqs qrupu yaradılıb. Sonra "Sevinc" rəqs qrupunun adı
dəyişdirilib və Azərbaycan mədəniyyətinin rəmzlərindən
biri olaraq "Buta" adlandırılıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
qərarı əsasında keçirilən ali məktəb tələbələrinin bədii
yaradıcılıq festivalında bu rəqs ansamblı 3 ildir ki,
1-ci yerə layiq görülür.
Bədən Tərbiyəsi İdman kafedrası
1977-ci ildən fəaliyyət göstərir. Təhsil Nazirliyi,
Gənclər və İdman Nazirliyi və Gənclər Tələbə İdman
Cəmiyyətinin təsdiq etdiyi təqvim planına əsasən
respublikadakı bütün ali məktəblər arasında yunan-Roma
güləşi, sərbəst güləş, cüdo, voleybol, stolüstü tennis,
şahmat, həndbol, basketbol, dama, atletika, futbol,
futzal və s. idman növləri üzrə hər iki ildən bir
universiadalar, hər il isə çempionatlar keçirir.
Universitetin yunan - Roma və sərbəst güləş üzrə
komandası respublikanın universitetləri arasında yeganə
komandadır ki, ölkə birinciliyində iştirak edib.
Sonuncu unversiadada universiteti təmsil edən komanda
ayrılıqda stolüstü tennis üzrə 1-ci yeri, voleybol idman
növü üzrə 3-cü yeri qazanıb. Ümumilikdə isə respublika
üzrə 23 komanda arasında 6-cı yeri tutub. |