Mayın
26-da Təhsil Nazirliyinin Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil
etdiyi ali təhsil müəssisələri arasında futbol üzrə
"Təhsil Kuboku" yarışının final mərhələsi keçirilib.
Finala Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının, Azərbaycan Tibb Universitetinin, Milli
Aviasiya Akademiyasının və Gəncə Dövlət Universitetinin
komandaları vəsiqə qazanıblar. Final oyununda Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası
Azərbaycan Tibb Universitetinin komandası ilə, 3-cü yer
uğrunda isə Milli Aviasiya Akademiyasının komandası
Gəncə Dövlət Universitetinin komandası ilə
qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın
nəticələrinə əsasən "Təhsil Kuboku"nun sahibi Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası
olub. İkinci yeri Azərbaycan Tibb Universitetinin,
üçüncü yeri Milli Aviasiya Akademiyasının komandası
tutub.
Mükafatlandırılma mərasimində iştirak edən təhsil
nazirinin müavini, Azərbaycan Tələbə Futbol
Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın
baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin
üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov yarışda ilk 3
yeri tutan komandalara kubok, medal və qiymətli
hədiyyələri təqdim ediblər.
Xatırladaq ki, Olimpiya sistemi üzrə keçirilən yarışlara
31 ali təhsil müəssisəsinin komandası qatılıb.
Yarışın keçirilməsində məqsəd "Azərbaycan
Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına
dair Dövlət Proqramı"nın icrasını təmin etmək, 2015-ci
ildə ölkəmizdə keçiriləcək "Bakı-2015" I Avropa
Oyunlarını təbliğ etmək, tələbələri sağlam həyat tərzinə
istiqamətləndirmək, tələbələr arasında futbolun
kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma
komandasına, gənclərdən ibarət yığma komandaya
namizədlər seçmək, onların beynəlxalq yarışlarda
iştirakını təmin etməkdir. |