Mayın
29-da Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli
tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sabirabad Rayon
İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayon
təhsil ictimaiyyətinin nümayəndələri və valideynlər
iştirak ediblər.
Qonaqlar əvvəlcə məktəbin yaxınlığında, Sabirabad
şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər
Əliyevin heykəli önünə gül dəstələri qoyub, xatirəsinə
hörmət və ehtiramlarını bildiriblər.
"Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət
himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün
söz təhsil naziri Mikayıl Cabbarova verilib.
Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə
məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda
yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da
artırılması və geniş dunyagörüşün formalaşdırılması
olduğunu bildirib.
Azərbaycanda təhsilin inkişafı istiqamətində ümummilli
lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin
bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirildiyini vurğulayan Mikayıl Cabbarov bu baxımdan
həyata keçirilən işlər barədə danışıb.
Nazir məzunların həyatında bu gün yeni mərhələnin
açıldığını xatırladaraq onların hər birinin müstəqil
Azərbaycanın vətəndaşı olaraq, ölkəmizin gələcək
inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal
şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib.
Bu
məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən
ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına
düşmüş III sinif şagirdini xilas etmək naminə öz
həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov
onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd edib.
Çıxışının sonunda "Son zəng" münasibətilə məzunları
təbrik edən nazir onlara gələcək təhsillərində və
həyatda uğurlar arzulayıb.
Daha sonra məktəbin məzunları onları həyatın yeni
mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini
bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar
da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini
sevindirəcəklərinə söz veriblər.
Mərasim şagirdlərin hazırladıqları "Son zəng"
ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi adına 5 nömrəli tam orta
məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
1979-cu ildə inşa olunaraq istifadəyə verilib. Təhsil
müəssisələrinin hər birinə diqqətlə yanaşan ümummilli
lider 1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı
kollektivə təbrik məktubu göndərib.
Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü
tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olunub.
Müasir tədris inventarları və avadanlıqları ilə təchiz
olunmuş məktəb kurikulum hazırlıqları üzrə resurs
mərkəzidir.
Məktəbin iki məzunu Azərbaycan Respublikası
Prezidentinin təqaüdünə layiq görülüb. 2015-ci ilin
aprel ayında keçirilən Respublika Fənn Olimpiadasında
məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni
üzrə olimpiadanın gümüş mükafatçısı olub. Məktəbin bir
məzununun adı isə Azərbaycanın gənc istedadlarının
"Qızıl kitab"ına yazılıb və o, ölkə Prezidentinin xüsusi
aylıq təqaüdünə layiq görülüb.
Sonra təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad
kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və
qohumları ilə görüşüb, onlara başsağlığı verib. |