Mayın
25-də Bakıda Asiya İnkişaf Bankının (AİB) və Təhsil
Nazirliyinin birgə təşkilatçılığı ilə ikigünlük regional
təhsil konfransı işə başlayıb.
"12 illik təhsil sistemini dəstəkləyən innovasiya
strategiyası" mövzusunda keçirilən konfransda Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov,
Kanadanın uşaq və gənclər xidməti naziri müavininin
köməkçisi Aryeh Giterman, Birləşmiş Ərəb Əmirliklərinin
Elm və İnsan İnkişafı Komitəsi Direktorlar Şurasının
sədri Abdulla əl-Kərəm, Türkmənistan Milli Təhsil
İnstitutunun direktoru Bayram Başimov, həmçinin dünyanın
bir sıra digər ölkələrindən olan tanınmış elm adamları
və təhsil mütəxəssisləri iştirak ediblər.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov
bildirib ki, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının Fəaliyyət Planında 12 illik təhsil
sisteminə keçid məsələsi də öz əksini tapıb. Nazir 12
illik təhsil sisteminə keçidin mexaniki bir dəyişiklik
olmadığını, burada bir çox amillərin nəzərə alınmasının
vacib olduğunu vurğulayıb.
Mikayıl Cabbarov qeyd edib ki, təhsil sisteminin əsas
hədəfi əmək bazarı üçün rəqabətliliyi artırmaq, bunun
üçün şagirdləri, gənc nəsli və vətəndaşları daha
rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı
kimi formalaşdırmaq və onların gələcək həyatı üçün daha
yaxşı alətlər, bilik və bacarıqlar verməkdir. Bu
məqsədlərə nail olmaq üçün ümumi təhsil sisteminin
fəaliyyətinin optimallaşdırılması, onun müasir dünya
standartları səviyyəsinə çatdırılması və təhsilin
məzmununun, metodikasının təkmilləşdirilməsi vacibdir.
Bu baxımdan 12 illik təhsilə keçid məsələsi ciddi
müzakirələrin aparılmasını tələb edir.
Yaponiyanın
Azərbaycandakı səfiri Tsuquo Takahaşi təhsillə bağlı
geniş müzakirələrin aparılmasını təqdir edərək hər bir
ölkənin inkişafında təhsilin mühüm rol oynadığını qeyd
edib.
Çıxışlardan sonra təhsil üzrə beynəlxalq ekspertlərin
iştirakı ilə 12 illik təhsil sisteminə keçidə dair
müzakirələr aparılıb.
Konfrans zamanı ölkəmizin təhsil sistemi təhlil olunub.
Ekspertlər Azərbaycanda bilik cəmiyyətinin qurulmasının
əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı
təcrübə mübadiləsi aparıblar.
Müzakirələr zamanı vurğulanıb ki, Azərbaycan yüksək
ixtisaslı mütəxəssislərin hazırlanması və təhsili bütün
əhaliyə əlçatan etməklə ölkənin təhsil sisteminin
beynəlxalq standartlara uyğunlaşdırılmasını
planlaşdırır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf
Strategiyasında 12 illik orta təhsilə keçid və
şagirdlərin 16 yaşına qədər icbari təhsili müddəası yer
alıb.
Qeyd edək ki, bu yaxınlarda AİB-in Azərbaycanda
keçirilmiş 48-ci illik toplantısında Asiya-Sakit okean
regionunda inklüziv artım və innovasiyanın
möhkəmləndirilməsinin vacibliyi geniş müzakirə olunub.
Nəzərə çatdırılıb ki, insan kapitalının inkişaf
etdirilməsi bu baxımdan mühüm amildir.
2 günlük konfrans panellər üzrə işini davam etdirib. |