Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Heydər Əliyev Mərkəzində tələbələrin əmək yarmarkası keçirilib

 

Böyütmək üçün seçinMayın 23-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası, "Britiş Amerikan Tobakko" şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə tələbələrin əmək yarmarkası keçirilib.

Yarmarkada işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, "Britiş Amerikan Tobakko" şirkətinin baş meneceri  Zviad Şvitaridze,  həmçinin 20-yə yaxın ali təhsil müəssisəsinin rəhbərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işədüzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb. Nazir bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.

Mikayıl Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu qeyd edib. Belə ki, tədbirdən əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və tədbir günü üçün müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondu təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr, o cümlədən, "Təhsilə dəstək", "Yeniləşən Azərbaycana yeni məktəb", uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib. Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzi bu günədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirib. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsinə və gənclər arasında geniş təbliğinə, ölkəmiz haqqında bilik və məlumatların artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərin formalaşmasına yönəlib.

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva və "Britiş Amerikan Tobakko" şirkətinin baş meneceri Zviad Şvitaridze çıxışlarında tədbirin  əhəmiyyəti barədə fikirlərini açıqlayıblar.

Tələbələrin əmək yarmarkasında  ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar.

Açılış mərasimindən sonra qonaqlar yarmarkada təqdim olunan stendlər  ilə tanış olublar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov