"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil
edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə
həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində
Bakıda velosiped üzrə növbəti zona yarışı keçirilib.
Yarışın açılış mərasimində Təhsil Nazirliyinin,
Azərbaycan Velosiped İdmanı Federasiyasının, yerli icra
orqanlarının və idman ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Dənizkənarı Milli Parkda təşkil olunmuş yarışın açılış
mərasimində bildirilib ki, bu idman tədbiri Təhsil
Nazirliyinin "Bakı-2015" I Avropa Oyunlarının proqramına
daxil olan 14 idman növü üzrə (velosiped, voleybol,
stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik
futbolu, cüdo, boks, basketbol, badminton, atletika,
akrobatika və bədii gimnastika) məktəblilər arasında
təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub.
Yarış Bakı şəhərinin rayonları üzrə 3 yaş
kateqoriyasından olan məktəbli oğlan və qızlar arasında
təşkil olunub.
100-dək velosipedçinin qatıldığı yarışda oğlanlar
arasında 2003-2004-cü il yaş qrupları üzrə 1-ci və 2-ci
yerləri Xətai, 3-cü yeri Nərimanov, 2001-2002-ci il yaş
qrupları üzrə 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü
yeri Nizami, 2000-ci il yaş qrupları üzrə 1-ci yeri
Xətai, 2-ci və 3-cü yerləri Binəqədi, qızlar arasında
1-ci və 3-cü yerləri Xətai, 2-ci yeri isə Nizami
rayonunun məktəbliləri tutub.
Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə
aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan
məktəblilərarası zona yarışları mayın sonunadək davam
edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı
nəzərdə tutulub. |